“Millət İttifaqı”ndan Türkiyə prezidentliyinə namizəd olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu, öz sözlərilə desək “həyatının ən böyük layihəsini” açıqlamaqla bəlkə də həyatının ən böyük səhvini etmiş oldu.
Özünün “Twitter” səhifəsindəki videomüraciəti guya qərbyönümlü olmasına dair ittihamlara cavab olaraq hazırlanıb.
O, bununla guya hər kəsə Şərq və ya Qərb tərəfdarı olmadığını, yalnız Türkiyənin maraqlarını düşündüyünü sübut etməyə çalışıb.
Kılıçdaroğlunun sözlərinə görə, onun layihəsi Türkiyə ilə Çini birləşdirmək üçün təxminən 5500 km uzunluğunda avtomobil və dəmir yolu qoşa xəttinin çəkilişini nəzərdə tutur. Partiya sədri Türkiyə, İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Çini birləşdirəcək yeni “İpək Yolu”nun ölkəsini Türk Dünyasının ticarət qapısına çevirəcəyini güman edir.
Amma Türk Dünyasının birləşmə yolu hesab etdiyi bu layihədə Kılıçdaroğlu nədənsə Azərbaycanı yaddan çıxarıb. Bununla da o türkçülüyün yox, fars rejiminin keşiyində dayanacağının mesajını verib.
Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Elman Nəsirov bu yaxınlarda Türkiyədən qayıtdıqlarını bildirdi:
“Türkiyədə bir sıra görüşlərimiz oldu. Türkiyənin siyasi ekspertləri bizə bildirdilər ki, Azərbaycana bəslənilən münasibət hər bir namizədə ən azı 10-15 faiz səs gətirəcək. Bu mənada Kılıçdaroğlunun son bəyanatı onu 15 faiz səsdən məhrum etdi.
Çünki, onun Yeni İpək Yolu layihəsi reallıqdan tam uzaq, cəfəng bir fərziyyədir. Guya prezident seçiləcəyi təqdirdə Kılıçdaroğlu Türkiyədən Çinə qədər yeni nəqliyyat dəhlizinin açılmasına nail olacaq. Amma Kılıçdaroğlu unudub ki, onun bu fikri türk birliyinə zərbədir. Daha çox molla-fars rejiminin maraqlarına xidmət edir.
Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının milli maraqlarına qarşı hazırlanmış bir təxribatdır. Bu həm də Zəngəzur dəhlizinin gündəlikdən çıxarılmasına xidmət edir. Yəni, birbaşa erməni dəyirmanına su tökmək deməkdir. Təbii ki, Kılıçdaroğlunun ermənipərəst çıxışını türkiyəli seçicilər mayın 14-də ona bağışlamayacaqlar”.
Politoloq Tural İsmayılov da Kılıçdaroğlunun məlum çıxışının dərin təəssüf doğurduğunu bildirib:
“Məlumdur ki, CHP-nin rəhbərliyi altında növbəti illər üçün o Türkiyəyə daha pis günlər vəd edir. Nəzərə alaq ki, Kılıçdaroğlunu və “Millət İttifaqı”nı dəstəkləyən qüvvələrdən biri Türkiyənin güney doğusundakı separatçı, bölücü, radikal kürdlərə yaxınlığı ilə seçilən HDP-dir.
Təbii ki, HDP-nin dəstəyini qazanan Kılıçdaroğlunu türk dünyasını birləşdirici faktordan imtina etməsi və Ərdoğanın uzun illərdə türk birliyi sahəsində həyata keçirdiyi siyasətə sırf alternativ olsun deyə Orta Dəhliz layihəsində Azərbaycana yer verməməsi utancverici bir hadisədir.
Hesab ediəm ki, Türkiyənin keçirdiyi siyasət baxımından Kılıçdaroğlunun bu addımı əsla qəbuledilən deyil. Və Türkiyə xalqı da Kılıçdaroğlunun Azərbaycansız layihələr nəzərdə tutmasına ciddi etirazlarını bildirir. Çünki, Kılıçdaroğlu öz fikirləri ilə milli maraqlardan daha çox xarici güclərin mənafelərinə xidmət edir. Bu cür çıxışlar türk dünyası adına ən layiqli namizədin Ərdoğan olduğunu bir daha sübut edir”.
İqtisadçı ekspert Eldəniz Əmirov da Kılıçdaroğlunun “böyük layihəsi”ni sərt tənqid edib:
“Kılıçdaroğlunun son video müraciətini diqqətlə analiz edəndən sonra bir daha əmin olursan ki, seçkilərin qalibi Ərdoğandır. Çünki, Türkiyə prezidenti olmaq istəyən adam Azərbaycanı böyük Şərq-Qərb layihəsindən çıxarıb, əvəzində "İranı bu layihəyə qatıram" deməz.
Tutaq ki, Azərbaycanı qıcıqlandırmaq Kılıçdaroğlu üçün qorxulu deyil, bəs Avropanı İrandan asılı vəziyyətə gətirməklə İsrail və ABŞ-ı qıcıqlandırmaq necə? Kılıçdaroğlu bu qədər bəsit səhv edə bilməz.
O bu video ilə Ərdoğanın mövqeyini gücləndirdi və təsdiq etdi ki, "Amerika məni dəstəkləyir, mən isə Ərdoğanı". Bir az qəribə səslənə bilər. Amma cəmi 1 həftə sonra cənab Ərdoğanı təbrik edəndə bunu görəcəyik”.