İyulun 1-də Azərbaycanda pandemiya rejimi ilə bağlı tətbiq edilən xüsusi karantin rejimi bitir. Bir sıra sahələrdə yumşaldılma olsa da, əhalini ən çox narahat edən əsas məsələ quru sərhədlərinin bağlı olmasıdır.
Bəs iyulun birindən sonra hələ də karantin rejimi uzadıla bilərmi və ən əsası da sərhədlər açıla bilərmi?
Məsələ ilə bağlı açıqlama verən millət vəkili Əli Məsimli bildirib ki, COVID-19 pandemiyası səbəbli Azərbaycanda xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq ölkənin quru sərhədləri 2020-ci ilin martından bəri qapalıdır.
“Hava yolları vasitəsilə Azərbaycana gediş-gəliş olsa da, quru sərhədlər 3 ildən çoxdur ki, bağlı saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən COVID-19 pandemiyasına rəsmən son verilib. Azərbaycanda isə xüsusi karantin rejiminin müddəti iyulun 1-ə kimi uzadılıb. Azərbaycanda quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil. Bu məsələnin əsas məqamı daha çox təhlükəsizlik amili ilə əsaslandırılır”, - deputat qeyd edib.
Onun sözlərinə görə, insanlar düşünür ki, pandemiya təhlükəsi ortadan qalxıbsa, artıq sərhədlərin bağlı saxlanması üçün ciddi arqumentlər yoxdur və buna lüzum yoxdur: “Yəqin ki, hökumətin aidiyyəti qurumları bu yöndə araşdırma aparıb iyulun 1-nə kimi açıqlama vercəklər. Fikrimcə, sərhədləri ən azından, uzun fasilələr qoymamaqla mərhələli şəkildə bir-bir açmaq lazımdır. Çünki sərhədin bağlı qalmasına ciddi səbəb görünmür, amma iqtisadiyyatımız, turizm və əhali bundan ziyan çəkir”, - deputat qeyd edib.