Müharibədən həmən sonra işğaldan azad edilən ərazilərin bərpasına başlanıldı. Quruculuq işləri sürətlə start götürdü. Ardınca abadlaşdırılan ərazilərə əhali köçürüldü. Qayıdış bu gün də davam edir.
“Dədə Qorqud” filmində deyildiyi kimi, torpağı əkib-becərmədin, qorumağa dəyməz, qoruya bilmədin, əkib-becərməyə dəyməz.
Artıq düşməndən, onun basdırdığı minalardan təmizlənən min hektarlarla ərazi əkilir, bol məhsul götürülür. İnfrastrukturun bərpası və yenidən qurulması görünməyən bir sürətlə aparılır. Füzulidə və Zəngilanda beynəlxalq statuslu aeroportlar istifadəyə verilib. Söz vaxtına çəkər, 2021-cü ilin bu günlərində Füzuli aeroportuna ilk test uçuşları həyata keçirildi. Həmin ilin 26 oktyabr günü açılışı oldu.
Ərdoğan və Əliyev Zəngilan hava limanının açılışında. 20 0ktyabr, 2022-ci il
Ondan düz 1 il sonra Zəngilan hava limanı istifadəyə verildi. Hər iki aeroportun açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Ərdoğanın bu mərasimlərə qatılması sıradan bir törən olmadı. Ciddi geopolitik hadisəyə çevrildi. Dünya mediası bundan yazdı, danışdı.
Qarabağın işğaldan azad edilməsində Türkiyənin necə böyük rolu oldusa, bərpa prosesində də eyni şəkildə iştirak edir. Bu, iki qardaş ölkənin və bütövlükdə Türk Dünyasının qarşısında dayanan əsas vəzifələrdəndir. Bölgənin hakimi olmaq istəyiriksə, türk millətinin yaşadığı coğrafiyalarda möhkəmlənməyi qarşıya məqsəd qoymuşuqsa, Turan ideyasının gerçəkləşməsinə çalışırıqsa, gedişata qlobal prizmadan yanaşmalıyıq. Türk dövlətlərinin bir araya gətirilməsinin stratreji əhəmiyyəti budur.
Artıq Qarabağın Türk Dünyasının siyasi, iqtisadi, mədəni, hərbi və loqistik inteqrasiyasındakı roluna baxmağın zamanıdır. Liderlər səviyyəsində bu gerçəklik çoxdan qəbul edilib. Zatən Əliyevlə Ərdoğanın bərabər belə çətin, məsuliyyətli yola çıxmalarını şərtləndirən bu gerçək olub. Türk Dünyasının birləşməsi, güclənməsi Qarabağın işğaldan azad edilməsini şərtləndirirdi. Söhbət bütün istiqamətlərdə birlikdən gedir. Zəngəzur dəhlizi açıldıqdan sonra bu birlik daha da möhkəmlənəcək, praqmatik şəkil alacaq. Anadoludan başlayan yol Azərbaycandan keçəcək. Ordan Orta Asiyaya, Çinə adlayacaq. Əks istiqamətdə isə Çindən Britaniyaya uzanacaq. Tarixi ipək yolunun əhəmiyyətli hissəsi Türk Dünyasından keçir. Ta qədimlərdən İpək Yolunda kimin mövqeyi üstün olubsa, dünyanın siyasi-iqtisadi damarına ən yaxın o sayılıb.
Buna aid bir misal deyək: tarixçilər Çingiz Xanın gücünün həm də İpək Yoluna nəzarəti əlində cəmləməsində görürlər. 21-ci əsrdə bu vacib proje işğalla, zorakılıqla, müharibə ilə yox, sülhlə, anlaşma ilə, əməkdaşlıqla gerçəkləşdirilir. Bu sürəcin başında isə Azərbaycanla Türkiyə dayanır. Savaş bitər-bitməz 3+3 formatı Prezident İlham Əliyev tərəfindən təqdim edildi. Əslində bu, Cənubi Qafqazın və bütövlükdə regionun xilas, inkişaf və intibah düsturudur. Ermənistanın lazımsız inadı, İranın qonşuluğa sığmayan davranışları, Rusiyanın imperiya hikkəsi olmasa idi, son 2 il yarımda bu yolda xeyli məsafə qət etmək mümkün idi.
Şavkat Mirziyoyev Füzuli hava limanında. 23 avqust, 2023-cü il
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri yuxarıdakı fikirləri xeyli dərəcədə möhkəmlədir. Özbəkistan-Azərbaycan münasibətləri tarixinin ən keyfiyyətli, ən səmimi və ən strateji dövrünü yaşayır. Mirziyoyevin Qarabağa getməsi, orda açılışlarda iştirakı, Şuşada olması Qarabağın bu günündə və gələcəyində mühüm rol oynayacaq.
Türkiyənin ardınca Türk Dünyasının əsas dövlətlərindən biri olan Özbəkistan da Qarabağda təmsil olunur. Buna yalnız iqtisadi, humanitar aksiya kimi yanaşılmamalıdır. Bu, bütün dünyaya, region ölkələrinə verilən mesajdır.
Prezident İlham Əliyev Qarabağı hər baxımdan Türk Dünyasının üzünə açmaqla nəhəng tarixi addımlar atır. İnanırıq ki, yaxın zamanlarda digər türk dövlətləri də Qarabağda bu və ya başqa formada təmsil olunacaq.
Burada ən əsas məsələ Qarabağı, Şərqi Zəngəzuru gələcəkdə Rusiyanın, İranın aqressiyasından, Ermənistanın revanşist hərəkətlərindən qorumaqdır. Bu vacib coğrafiyada bütün türk dövlətlərinin və İpək Yolunun üstündə olan ölkələrin maraqlarını təmin etmək vacibdir.
Qarabağ artıq müharibəni, savaşı yox, əməkdaşlığı, iqtisadi birlik modellərini assosiasiya etməyə başlayır. İlham Əliyev beynəlxalq mediaya son müsahibələrində bu model barədə danışıb.
Priqojinin ölümü postPutin dövrünün başladığı kimi də qiymətləndirilə bilər. Əslində region ölkələri buna çoxdan hazırlıq görürlər. Bizə Putin Rusiyası o qədər təhlükə törətmir. Azərbaycan üçün ən təhlükəli Rusiya Putindən sonrakı olacaq. Ona görə də Qarabağı Putinsonrası Rusiyadan qorumaq üçün indidən sağlam təməllər atılır. Türkiyə və başqa türk ölkələri Qarabağa toplanır. Bununla da təbii, etibarlı müdafiə qurulur.
Ərdoğan NATO sammitində “Rusiya sülhməramlıları 2025-ci ildə Qarabağdan çıxmalıdır” bəyanatını verərkən həm də bu perspektivi nəzərə almışdı. Bu həm də o deməkdir ki, nəhəng prosesdə NATO da təmsil olunur…