• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Xankəndi və ətrafından çıxırlar: Separatçılar tərksilah edilir - Ekspert danışır

  • 15.09.2023, 14:22,
  • Siyasət
  • Baxılıb: 20
Xankəndi və ətrafından çıxırlar: Separatçılar tərksilah edilir - Ekspert danışır


Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Türkiyə nəqliyyat naziri Abdulkadir Uraloğlu deyir ki, Zəngəzur dəhlizini qısa müddətdə reallaşdırmağa çalışırlar, Ermənistanın mövqeyində də irəliləyiş var. Türkiyənin bu mesajını necə şərh edərdiniz?

- Zəngəzur dəhlizinin açılmasına maneə yaradan İrandır, bunu bilirik. Tehranda hesab edirlər ki, dəhlizin açılması ilə İranla Ermənistan arasında hansısa sədd yaranacaq, sərhədlər pozulacaq və sair. Əlbəttə, bunlar bəhanələrdir, real səbəb deyil. Amma Zəngəzurla bağlı region dövlətləri arasında ciddi müzakirələr gedir. İranla da danışıqlar aparılır. Görünən budur ki, artıq Türkiyə bu prosesdə əsas moderator rolunu üzərinə götürüb. Qənaətimə görə, məsələ gec-tez həll olunacaq. Burada həm bizim təzyiqimiz, həm də Türkiyənin mövqeyi öz effektini verir. Rusiya da Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki bununla rusların da digər regionlara yolu açılır.

- Zəngəzur dəhlizi uzun müddətdir Bakı və Ankaranın gündəmindədir. Bəs Qərb dövlətləri, ABŞ, Rusiya, Çin və digər güclər buna nə qədər önəm verirlər?

- Bu dəhliz Çinin, Rusiyanın maraqlarına cavab verir. Ola bilsin ki, bir sıra Qərb dövlətlərinin də marağındadır. Bir çox dövlətlər bu dəhlizlə öz yüklərini istədikləri nöqtələrə daşıya bilərlər. Bu, ticari və iqtisadi əlaqələri inkişaf etdirəcək. Zəngəzur dəhlizi çox mühüm kommunikasiya xəttinə çevrilir. Bir çox dövlətlər bundan istifadədə maraqlı olmalıdır, edəcəklərinə də şübhə etmirəm.

- Dəhliz məsələsinin aktiv müzakirə olunduğu vaxtda İranın Azərbaycan və Ermənistanla sərhədinə hərbi texnika və canlı qüvvə yığması haqda iddia dolaşır. Tehran rəsmiləri isə bunu təkzib edirlər. Sizcə, bunlardan hansı doğrudur?

- İran qoşunlarının sərhəddə cəmləşməsi mümkündür. Bunu ötürən konkret məlumatlı mənbələr var, bunu inkar etmək mümkün deyil. Amma bununla yanaşı, yaxınlarda Bakıya gələn İran hərbi nümayəndə heyətinin rəhbəri bəyan etdi ki, bu kimi informasiyalar bizi toqquşdurmaq istəyən qüvvələrin uydurmalarıdır. Yəni o bunu təkzib etdi. İndi orada kimlərsə dayanıbsa belə, İran generalının bu açıqlaması bizim maraqlarımıza cavab verir. Bu onun şəxsi fikri deyil. Demək ki, Tehran Azərbaycana münasibətdə mülayimlik kursuna üstünlük verməyə başlayıb. Azərbaycanla əlaqələri inkişaf etdirmək istəkləri görünür. Çünki gərginliyin münasibətləri qırma nöqtəsinə çatdığını anlayırlar, belə bir şey isə onların marağında olmamalıdır.

İran Türkiyənin buradakı mövcudluğunu da görür və bunu gözardı edə bilməz. Rusiya da artıq bəyan edib ki, Qarabağ Azərbaycan ərazisidir, Ermənistan da bunu tanıyıb. İranın özü də yaxınlarda Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını açıqladı. Yəni bu kimi amillər vəziyyəti dəyişdirib. Hesab edirəm ki, İranın yaxınlaşması Zəngəzur dəhlizinin həllində müsbət rol oynaya bilər.

- Ermənistanın ABŞ-la birgə təlimləri Rusiya və İranın etirazına və narahatlığına səbəb olur. Bu narahatlıq nə qədər əsaslıdır, yəni ABŞ-ın Ermənistanda hərbi cəhətdən yerləşməsi imkanları nə qədərdir?

- Paşinyanın düşünülməmiş siyasəti nəticəsində və 85 ABŞ hərbçisini Ermənistana gətirməklə bir sıra dövlətlərlə münasibətlərini gərginləşdirib. İlk növbədə Rusiya bundan qıcıqlandı, öz etirazını bildirdi. Rusiya Ermənistana dəstək verən əsas dövlətdir, onlar müttəfiqdirlər.

Ermənistanı dəstəkləyən İranın da buna kəskin reaksiyası oldu. Bu məsələ də İranın mövqeyinə öz təsirini göstərdi. Əminəm ki, 85 Amerika hərbçisinin Ermənistana gəlməsi və orada təlim keçirməsi vəziyyəti dəyişmir. Paşinyanın boşboğazlığı, çapalamaları, müxtəlif ziddiyyətli bəyanatları özlərini çətin duruma salıb. Bunun bölgədəki mövcud vəziyyətin yaranmasında da rolu böyükdür. Amerika-Ermənistan təlimləri də bunun içindədir.

- Rusiya-Ermənistan gərginliyi pik həddə yaxınlaşır. Paşinyan açıq formada bildirdi ki, bundan sonra Moskvaya arxalana bilməzlər. Rusiya ilə qarşıdurma Ermənistana nə vəd edir?

- Bu gərginlik Ermənistana yox, Paşinyanın özünə problemlər yaradır. Moskvanın Paşinyanın Rusiyaya yönəlik dəfələrlə təkrarlanan ittihamlarına sərt reaksiyası oldu. Ermənistan baş naziri hesab edir ki, Rusiyanın onun yanında olmalıydı, müharibədə Azərbaycana qarşı onlarla birgə döyüşməliydi. Bu, absurd bəyanatdır. Rusiya niyə gəlib Ermənistanın yerinə Azərbaycanla vuruşmalıdır?

Rusiya gördü ki, Paşinyan ziddiyyətli siyasət aparır, bu gün “Qarabağ Ermənistandır” deyir, sabah fikrini dəyişib “Qarabağ Azərbaycan ərazisidir” söyləyir. Əlbəttə, Rusiya bunu qəbul etmək istəmir. Paşinyanın siyasi addımları Moskvanı narahat edir. Rusiya Paşinyanı aradan götürmək üçün əlindən gələni edir. Sadəcə görünür, hələlik Ermənistanda onu əvəzləyəcək xarizmatik lider yoxdur. Hazırda “Qarabağ klanı”nın nümayəndəsini hakimiyyətə gətirmək vaxtı deyil. Çünki onlar özlərini ifşa ediblər. Yeni bir siyasətçi olmalıdır, görünür, həmin sima tapılan kimi, Rusiya Paşinyanı yoxa çıxarmaq üçün əlindən gələni edəcək.

- Ağdam-Xankəndi yolunun açılması da gündəmdədir. Artıq Rusiyadan göndərilmiş bir yük maşını bu yoldan keçib. Yol tam işlək vəziyyətə nə vaxta gətirilə bilər?

- Bizim əsas məqsədimiz bu idi ki, bu yoldan istifadə edilsin. Biz buna nail ola bildik. Düzdür, ilk olaraq oradan Rusiyanın yük maşını keçdi, amma hər halda bizim ərazimizdən keçir. Yəni bu yük Ermənistan və ya başqa bir ölkədən gəlmir. Bu, Qarabağ ermənilərinin reinteqrasiya olması yönündə bir addımdır. Şübhə etmirəm ki, Ağdam-Xankəndi yolu bundan sonra da istifadə ediləcək, Azərbaycanın yükləri də oradan keçəcək. Paralel olaraq, Laçın yolu da açılacaq. Amma onlar yenə də Ağdam-Xankəndi yolunda maneələr yaratsalar, biz yenə Laçın yolunu bağlayacağıq. Hətta ABŞ, Avropa Birliyi və digər ölkələrin rəsmiləri də bildirdilər ki, Ağdam-Xankəndi yolu Laçına paralel istifadə edilməlidir. Yəni burada bizimlə yanaşı, dünya birliyinin də bir açıq mövqeyi var. Bu məsələdə həqiqət bizim tərəfimizdədir, başqa variant ola bilməz.

- Ermənistan ordusunun Qarabağdakı hərbçilərinin mülki geyimlərdə və müxtəlif adlar altında çıxarılması haqda məlumat var. Bu gəlişməni necə dəyərləndirirsiniz?

- Ermənistan başa düşdü ki, onun burada başqa çıxış yolu yoxdur. Rusiya üz döndərməsə də, bir sıra məsələlər göz yumur. Yəni açıq formada ermənilərin tərəfində durub bizimlə vuruşmur. Digər yandan, bizim diplomatik nailiyyətlərimiz də göz önündədir. Bunlardan biri Ağdam-Xankəndi yolunun istifadəsi ilə bağlıdır. Biz buna nail olduq. Çünki onlar ancaq Laçın yolundan istifadə etmək istəyirdilər, biz isə buna imkan vermədik. Bizim dəyişməz mövqeyimizi gördükdən sonra anladılar ki, bu yol da açılmalıdır.

Qarabağın dağlıq hissəsində də gərginlik yaşanır. Orada qondarma rejimdə dəyişiklik oldu. Araik qaçdı, separatçı rejimin başını buraxdı. Araik başa düşdü ki, bu separatçı rejimin sonu ərəfəsindədirlər. Bu, bizim sərt mövqeyimizin nəticəsidir. Biz dəfələrlə bildirmişik ki, orada hələ də 10 minə yaxın qeyri-qanuni hərbi birləşmələr qalır, onlar çıxarılmalıdır. Onlar ya tərksilah edilməlidir, ya da özümüz rədd edəcəyik. Bunu başa düşürlər və nəticə çıxarmağa başlayıblar. Artıq həmin separatçı dəstələrdə xidmət edən və reallığı dərk edənlər ərazimizi tərk etməyə başlayıblar. Mən istərdim ki, bu, artıq kütləvi hal alsın, belə olacağına isə şübhəm yoxdur.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 167
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 883
  • 59
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter