“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Martda Rusiyada prezident seçkisinin keçiriləcəyi dəqiqləşdi. Hazırkı Prezident Vladimir Putin seçkidə iştirak edəcək. Sizcə, sürpriz olacaqmı, Rusiya daxilindəki mövcud ictimai-siyasi durum və Ukrayna ilə davam edən müharibə belə bir gəlişməyə zəmin yarada bilərmi?
- Rusiya daxilindəki mövcud ictimai-siyasi vəziyyətdən və Rusiya-Ukrayna savaşındakı bugünkü reallıqdan hesablama aparsaq, hansısa ciddi sürprizlərin olmayacağını deyə bilərik. Amma Rusiyanın özünün “sürprizlər ölkəsi” olduğunu nəzərə alsaq, istənilən dinamika ola bilər. Bu da səbəbsiz deyil: ictimai-siyasi sistemi dağıdılmış Rusiyada hakimiyyət uğrunda mübarizə daha çox hakimiyyət daxilindəki qruplar arasında gedir, nəinki iqtidar və müxalifət partiyaları arasında. Bu da səbəbsiz deyil, çünki Rusiyadakı müxalifət sistem müxalifətidir.
Seçki ərəfəsində daxili vəziyyətə təsir edə biləcək digər bir amil isə Moskvanın Ukraynaya qarşı apardığı müharibədə hansısa ciddi dəyişikliklər ola bilər, amma bunun da belə qısa müddətdə baş verəcəyi inandırıcı görünmür.
Nəhayət, hakim zümrə daxilində hansısa separatçı tendensiya mümkündür ki, bu ehtimal da çox yüksək deyil. Yəni bugünkü şəraitdə hadisələrə təsir edə biləcək yeganə amil “saray çevrilişi” olardı ki, onun da baş vermə ehtimalını söyləmək çətindir.
- Davam edən Rusiya-Ukrayna müharibəsindən gözləntiniz necədir? Xüsusən ABŞ-dan Ukraynaya hərbi yardımın göndərilməsində problemlərin yarandığı fonda. Proses Rusiyanın istədiyi istiqamətə dönürmü, yəni Qərb buna imkan verəcəkmi?
- Ukraynanın təkbaşına resurslar baxımından ondan qat-qat üstün Rusiyaya uzunmüddətli müqaviməti mümkün deyil. Kiyevə hərbi dəstək verilməsi məsələsində heç bir kompromisə getməyən ABŞ daxilində yaranmış vəziyyət şübhəsiz ki, Rusiyanın əlinə oynayır. Buna da zəmin yaradan indiki administrasiyanın opponenti olan respublikaçılardır.
Amma bu vəziyyətdə də ABŞ prezidentinin bəzi hüquqi aktlara istinadla Ukraynaya hərbi yardımı davam etdirməsi tamamilə realdır. Çox güman ki, belə də olacaq. Çünki Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə onun kollektiv Qərbə qarşı savaşı kimi qəbul edilir. Buradan da belə qənaətə gəlmək olar ki, Kiyevə hərbi, iqtisadi və siyasi dəstək davam etdiriləcək, ola bilsin, hətta Rusiyadakı prezident seçkiləri ərəfəsində gücləndirilsin.
Əks halda Qərb Rusiya qarşısında məğlub durumuna düşərdi ki, bu da yaxın və uzaq perspektivdə Qərb ölkələri üçün yaxşı heç nə vəd etmir.
- Bizim regionda da maraqlı gəlişmələr var. Azərbaycan və Ermənistan ilk dəfə birgə bəyanat verdi, saxlanılan hərbçilərin qarşılıqlı qaytarılmasına dair anlaşma oldu, sərhədlə bağlı ikitərəfli görüş keçirildi, bəzi məsələlər razılaşdırıldı. Üstəgəl, sülh müqaviləsinin beş-on günə imzalana biləcəyinə dair İrəvandan ard-arda bəyanatlar verildi. Sizin bu haqda fikriniz nədir?
- İki ölkə arasındakı son gəlişmələri şübhəsiz ki, müsbət tendensiya kimi qiymətləndirirəm. Xüsusilə də onların vasitəçilərin iştirakı olmadan baş tutması həqiqətən tarixi hadisədir, çünki belə addımlar tərəflər arasında etimadın yaranmasına xidmət edir, bu da öz növbəsində sülh müqaviləsinin imzalanmasına şərait yaradır.
Sülh danışıqlarının ikitərəfli (vasitəçilərsiz) aparılmasına daim tərəfdar olmuşam, çünki hər iki ölkənin maraqlarına xidmət edən sülh anlaşmasına yalnız bu halda nail olmaq mümkündür. Hazırda gedən proses də sülh müqaviləsinin imzalanmasına aparır. Şübhəsiz ki, buna vasitəçilik iddiasında olanlar tərəfindən ciddi maneələr yaradılmasa.
Sülh müqaviləsinin yaxın 10-15 gündə imzalana biləcəyi haqda Ermənistan tərəfdən gələn mesajlara isə ehtiyatla yanaşmağın tərəfdarıyam.
Əvvəla, ona görə ki, belə bəyanatların arxasında hansı maraq və niyyətlərin dayandığını bilmirik, ikincisi, sülh müqaviləsi ciddi sənəddir, onun hazırlanması bir yana, bənd-bənd razılaşdırılması və mərhələli şəkildə imzalanması xeyli zaman tələb edə bilər. Odur ki, prezident seçkilərinədək sülh müqaviləsinin imzalanması mənə inandırıcı görünmür.
- Vasitəçilik cəhdləri haqda nə düşünürsünüz? Artıq Qərblə və ya ABŞ-la Azərbaycan arasındakı gərginlik də səngiyir. Bura qədər Bakı Qərb platformasından məsafəli dayanırdı, İrəvan isə Moskvanın vasitəçiliyinə yaxın durmur. Bu məsələ Bakı və İrəvan arasında necə həll olunacaq? Şans kimin tərəfindədir - Qərb, yoxsa Rusiyanın?
- Azərbaycan-Ermənistan sülh müqaviləsinin istənilən vasitəçilərin iştirakı ilə imzalanmasına heç vaxt tərəfdar olmamışam. Ona görə ki, belə bir proses nəticədə müqaviləni imzalayan tərəflərdən daha çox vasitəçilik edənlərin maraqlarının təmin olunmasına xidmət edərdi. Bizə isə bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına qarant olacaq sülh müqaviləsinin imzalanması lazımdır.
Böyük güclərlə münasibətlərə gəlincə, onları ortaq maraqlar çərçivəsində ikitərəfli qaydada müəyyən etmək olar. Bizim sülh istəyimiz kimlərinsə geosiyasi maraqlarının təmin olunmasına xidmət edən alətə çevrilməməlidir. Əlbəttə, belə yanaşma Azərbaycan və Ermənistan kimi kiçik dövlətlər tərəfindən çox iddialı görünə bilər, amma görünən budur ki, hər iki ölkənin rəhbərliyi də məhz bunu istəyir.
Azərbaycan Qərbin, Ermənistan isə Rusiyanın iştirakı ilə sülh danışıqlarının aparılmasını istəmirsə, burada faciəvi heç nə yoxdur. Faciə o zaman olardı ki, onların bir-birləri ilə danışmağa siyasi iradələri olmasın. Belə iradə isə var, demək, şans da hələlik Azərbaycanla Ermənistanın tərəfindədir. İndi qalır həmin şansdan zamanında və səmərəli istifadə etmək.