Dekabrın 27-də bir araya gələn İran və Ermənistan xarici işlər nazirlərinin görüşündə başda Azərbaycan olmaqla Türk dünyasını yaxından maraqlandıran qərar qəbul edilib. Qərara əsasən, əhalisinin 95 faizi türk olan Təbriz şəhərində Ermənistanın konsulluq açacağı rəsmən açıqlanıb. Erməni konsulluğu üçün türklərin ən çox yaşadığı şəhərlərdən olan Təbrizin seçilməsi Türk dünyasına qarşı mesaj kimi şərh edilib. Məlum olduğu kimi, Tehran rəhbərliyi uzun illər Təbrizdə Azərbaycanın analoji tələblərinə cavab verməyib. Konsulluğa icazə bürokratik danışıqlardan sonra verilib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın ilk həftələrini Ermənistan konsulluğunun açılış tarixi kimi qeyd edib. Xatırladaq ki, 2021-ci ildə iki tərəfin xarici işlər nazirləri ilə keçirilən sammitdə qarşılıqlı konsulluqların açılması qərara alınıb. İlk addımı İran atıb və 2022-ci ilin oktyabrında Ermənistanın Qafan şəhərində İran konsulluğu fəaliyyətə başlayıb. İranın konsulluq üçün üstünlük verdiyi Qafan şəhərinin düz Azərbaycan sərhədində yerləşməsi diqqət çəkmişdi. Növbə erməni tərəfindədir. İranın Ermənistandakı səfiri Mehdi Sübhani də Ermənistan dövlət televiziyasına bildirib ki, Ermənistanın Təbrizdə baş konsulluq açması iki ölkə arasında sərhəd əlaqələrini gücləndirəcək və ikitərəfli ticarətə töhfə verəcək.
Türkoloq-alim, Bütöv Azərbaycan Ocaqları sədrinin müavini Faiq Ələkbərli "Sherg.az"a açıqlamasında bildirib ki, İran və Ermənistan arasındakı münasibətlərin yüksək səviyyəyə qaldırılması heç də təsadüfi deyil. Alim vurğulayıb ki, İrəvan-Tehran yaxınlaşmasının mahiyyətində Azərbaycanın erməni işğalına son qoyması, torpaqlarını azad etməsi və separatçılığın məhvi dayanır:
"İran və Ermənistan belə məqamda güclü, qüdrətli Azərbaycanı özləri üçün təhdid qəbul edirlər. Xüsusən, Azərbaycanın Türkiyə ilə hərbi əməkdaşlığı, Türk Dövlətləri Təşkilatının genişləndirilməsi və inkişaf etdirilməsi hər iki ölkəni ciddi təşvişə sövq edir. Ona görə də Tehran-İrəvan münasibətləri yeni mərhələyə keçir. İranın konsulluğu Qafanda açması da təsadüfi deyildi və birbaşa Türkiyə-Azərbaycan birliyinə qarşı addım idi. Təbrizdə erməni konsulluğu barədə razılıq İranın Azərbaycana qarşı növbəti sərt mövqeyinin ifadəsidir. Təbriz Azərbaycanın qədim şəhəridir, türk yurdudur. Əslində, Qafan da qədim Azərbaycan torpağıdır. Qədim torpaqlarımızın birində erməni, digərində fars konsulluğunun açılması Türk birliyinə, Zəngəzur dəhlizinə qarşı atılan addımlardır. Ermənistan Zəngəzur dəhlizindən yan qaçır. İran da dəhlizlə bağlı tərəddüd yaşayır".
F.Ələkbərli qeyd edib ki, Təbrizdə barmaq sayılacaq qədər erməni olar: "Ona görə də bu şəhərdə erməni konsulluğu açmasının məntiqli izahı yoxdur. Bu, türk birliyinin, Türk Dövlətləri Təşkilatının güclənməsi, Türkiyənin sadəcə bölgədə deyil, dünyada yeni gücə çevrilməsindən doğan narahatlığın təzahürüdür. Təbrizdə erməni konsulluğunun açılması demək, Güney Azərbaycan türklərinin ayağa qalxması anlamına gəlir. Bunu istisna etmirəm. Xüsusən, Təbrizdəki azərbaycanlılar bu məsələni sakit şəkildə qarşılamayacaqlar. Ciddi etirazlara səbəb olacaq, hətta milli hərəkatın yeni mərhələyə keçməsi üçün qığılcım rolunu oynaya bilər. Belə hadisələr Azərbaycan türklərinin səbr kasasını daşdırır. Təbriz, Urmu, Ərdəbil, Həmədan, Zəncan, hətta Tehrandan bizə gələn mesajlar onu deməyə əsas verir ki, güneyli soydaşlarımızın səbri tükənməkdədir. İran öz-özünə problem yaradır".