Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- NATO baş katibi Yens Stoltenberqin Azərbaycan və regionun digər ölkələrinə səfəri nə ilə əlaqəlidir? Alyans rəhbərini regiona gətirən amil ümumidir, ya hər ölkə üzrə fikir və məqsədlər ayrıdır?
- Bəziləri hesab edirlər ki, bu, nəzakət səfəridir. Çünki Stoltenberqin səlahiyyət müddəti bu ilə başa çatır. İndi səfəri bu baxımdan əlaqələndirənlər var. Amma mən belə hesab eləmirəm. NATO baş katibinin səfərinin kökündə ciddi məsələlər dayanır. Zənnimcə, NATO Cənubi Qafqazda öz təsirini gücləndirməyə və burada genişlənməyə, bu fonda da Rusiyanın təsir dairəsini zəiflətməyə çalışır. Qənaətimə görə, Stoltenberq bununla bağlı region dövlətlərinin fikirlərini öyrənmək üçün gəlib. Şübhəsiz ki, bununla bağlı Ermənistan və Gürcüstanla daha tez anlaşa bilərlər. Çünki hər iki ölkə NATO-ya can atır.
Azərbaycan müstəqil, heç kimdən asılı olmayan siyasətin tərəfdarıdır, yoluna da belə davam edir. Əlbəttə, NATO ilə də əməkdaşlığımız var. Azərbaycan NATO-nun Sülh naminə Tərəfdaşlıq Proqramına qoşulub. Ordumuz NATO standartlarına cavab verən səviyyədədir, bunu da qardaş Türkiyənin köməyi ilə etmişik. NATO-Azərbaycan əlaqələri ikitərəfli müstəvidə davam edir. Bu da həm Azərbaycan, həm də NATO üçün faydalıdır. Alyans da vəziyyətin bu cür davam etməsindən razıdır.
- Rusiya Prezident Vladimir Putin yenidən seçildi. Qarşıdakı hakimiyyəti dövründə Putinin xarici siyasətində hansısa dəyişiklik gözləniləndirmi?
- Bundan sonra Rusiyanın siyasətində hansı dəyişikliyin olacağını söyləmək çətindir. Amma mənə belə gəlir ki, hər şey öz axarında gedəcək, yəni indiki kimi. Ukraynaya hücum və müharibə davam edəcək. Rusiyanın bəzi ölkələrə təsirləri qalacaq, paralel olaraq, Suriya və bəzi Afrika ölkələrində güclənməyə çalışacaq. Eləcə də postsovet ölkələrinə təsirlərini artırmağa cəhd göstərəcəklər.
- Putin Rusiya-Ermənistan gərginliyinin pik həddə olduğu vaxtda seçildi. Kreml sahibi qarşıdakı dövrdə Ermənistanda öz maraqlarına uyğun hakimiyyətin formalaşması üçün hansı müdaxilə üsullarına baş vura və belə cəhdlər Azərbaycanla sülh prosesinə necə təsir göstərə bilər?
- Ermənistana açıq müdaxilənin olacağını gözləmirəm. Rusiyanın başı Ukraynaya o qədər qarışıb ki, digər məsələlərə az vaxt ayırır. Düşünürəm ki, Rusiyanın başı Ukraynada getdikcə daha çox qarışacaq. Buna görə də, Ermənistanla bağlı məsələləri yalnız quru bəyanatlarla diqqətdə saxlayır.
Rusiyanın əsas niyyəti Ermənistanla Azərbaycan arasında qarşıdurmanı gücləndirmək və iki ölkəni toqquşdurmağa çalışmaqdır. Amma Azərbaycanın belə bir fikri yoxdur. Qardaş Türkiyə də Azərbaycanla eyni mövqedədir. Türkiyə çalışır ki, Rusiya bölgədə aranı qarışdıra, sülh prosesini poza bilməsin. Zənnimcə, Rusiyanın bu niyyətləri baş tutmayacaq.
- Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın sülhə çox yaxın olduğunu söylədi. Sizcə, sülhə nə qədər yaxınıq?
- Sülh müqaviləsinin skeleti hazırdır. Əvvəllər “qəbuledilməz” kimi görünən müddəalar və ya prinsiplər artıq razılaşdırılıb. Güman edirəm ki, sülh müqaviləsi paraflanma və təsdiqlənməyə də hazırdır. Hər iki buna səy göstərsə, yaxın müddətdə sazişi imzalamaq mümkün ola bilər.
- Sərhədin delimitasiya prosesinin başlamasından əvvəl Qazaxın 7 kəndindən 4-nün qaytarılacağı ilə bağlı məlumat dolaşır. Sizin bununla bağlı ehtimalınız necədir?
- Qazaxın 4 kəndi ilkin mərhələdə mütləq qaytarılmalıdır. Çünki bu kəndlər anklav deyil. Güman edirəm ki, 4 kəndin qaytarılmasında çətinlik olmayacaq. Naxçıvanın Kərki və Qazaxın 3 ankavı ilə bağlı məsələ isə delimitasiya-demarkasiya zamanı həllini tapa bilər. Gedişat ümidvericidir. Ara qarışdıran və tərəfləri qarşıdurmaya sövq edən olmasa, məsələlər yaxın gələcəkdə həllini tapa bilər. Zənnimcə, ara qarışdıran olmayacaq, Türkiyə də, digər NATO ölkələri də prosesə həssaslıqla yanaşırlar. Azərbaycana gələn Stoltenberq də sülh müqaviləsinin tezliklə imzanmasını istədiklərini dilə gətirdi. Proses məntiqinə uyğun şəkildə getməli və sülh sazişi bağlanmalıdır.
- Son günlərdə tez-tez Türkiyədən Zəngəzur dəhlizi ilə bağlı ən yüksək səviyyələrdə açıqlamalar verilir. Ankaranın yenidən fəal şəkildə bu məsələyə qayıtması nə ilə əlaqəlidir?
- Zəngəzurdan keçəcək dəmir və avtomobil yolları türk dünyasını birləşdirəcək. Türkiyə türk dünyasının aparıcı ölkəsi kimi bu məsələyə böyük diqqət yetirir. Hesab edirəm ki, Türkiyə fəallığını daha da artıracaq. Türkiyə Azərbaycanla birlikdə yekunda Zəngəzur dəhlizinin açılmasına nail olacaq.