Ermənistan tərəfi həmişə həssas dönəmdə barıtla oynamağa üstünlük verir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Onun sözlərinə görə, eskalasiya riski təəssüflər olsun ki, həmişə var:
“Ermənistan mühüm razılıqlar ərəfəsində sərhəddə hansısa təxribatlara əl atır. İkitərəfli münasibətlərdə əsas məsələ 4 kəndin verilməsidir. Ermənistan tərəfi dəfələrlə deyib ki, bu kəndləri Azərbaycana qaytarmağa hazırdır. Amma bu məsələ erməni cəmiyyətində birmənalı qarşılanmır. Ola bilər ki, prosesi yubatmaq üçün, süni gərginlik ortalığa atılır.
Digər tərəfdən 5 aprel Brüsseldə görüş baş tutacaq. Burada Ermənistanın istəyi ondan ibarətdir ki, Qərb ölkələri İrəvana dəstək versinlər. Ermənistan göstərməlidir ki, Azərbaycan tərəfindən təhdidlər var. Ona görə də bunu göstərməyə çalışırlar”.
Politoloq qeyd edib ki, Belçika səfirinin ümumiyyətlə açıqlamalarına fikir verməmək lazımdır:
“Nikol süni gərginlik yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistana hücum edəcək. Siyasi fonu yaratmaq üçün belə bəyanatlar verilir. Ermənistan tərəfi Azərbaycanı açıq-aşkar təxribata çəkir. Ancaq düşünmürəm ki, biz Ermənistanın ssenarisinə uyğun hərəkət edəcəyik. Azərbaycan bu məsələyə təmkinlə yanaşır.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi artıq açıqlama verib ki, əgər gərginlik olarsa, Azərbaycan adekvat addımlar atacaq. Lakin biz bütün addımları ehtiyatla edirik. Ötən gün sərhəddə stabillik pozuldu. Azərbaycan tərəfi yenə də təmkinlə yanaşır, bəyanatla kifayətlənir. Biz daha kəskin addımlar ata bilərdik bunu etmədik. Bu da ondan xəbər verir ki, Azərbaycanı tərəfi başa düşür ki, Bakını təxribata çəkirlər. Azərbaycan həssaslıqla bu məsələyə yanaşır”.