Hindistan Türkiyə və Azərbaycana qarşı məkrli planını həyata keçirmək üçün Yunanıstanla Ermənistanı silahlandırma yolunu seçib.
Ermənistana çoxlu raket, hava hücumundan müdafiə və PUA sistemi satan Hindistanın Yunanıstana isə Türkiyə döyüş gəmilərinə qarşı istifadə olunmaq üçün raket sistemləri verdiyi bəlli olub.
Xarici medianın yazdığına görə, Afinaya verilən sistemlərin NATO-da böhrana səbəb olacaq tipdə olduğu və sözügedən silahların NATO döyüş təyyarələrinə kilidlənə biləcəyi də iddia edilir.
“Financial Times”, “The Economist Times”, “Radio Free Europe” və Ermənistan KİV-i də yazır ki, İrəvana təkcə Hindistan deyil, İran da silah verir. Hindistandan başlayaraq İrandan Ermənistana uzanan dəhlizlə silah satışı ötən ilin aprelində imzalanmış üçtərəfli sazişlə təmin edilir.
Mənbələr Ermənistanın Rusiya ilə münasibətləri pisləşdikdən sonra ənənəvi silah tədarükçüsü kimi Moskva əvəzinə Tehran və Yeni Dehliyə üstünlük verdiyini, Hindistandan Ermənistana göndərilən və Azərbaycana qarşı istifadə edilməsi planlaşdırılan silahlar arasında mobil personalın PUA əleyhinə "Zen" havadan müdafiə sistemlərinin olduğunu qeyd edir.
İrəvanın “Zen” sistemləri üçün Hindistana 41 milyon dollar ödədiyi bildirilir. Bundan əlavə olaraq İrəvan Yeni Dehlidən alınan 214 millimetrlik “Pinaka” yer-yer raket sistemləri üçün 260 milyon dollar ödədiyi bəlli olub. İrəvanın Hindistandan həmçinin 155,5 milyon dollar dəyərində 84 "Advanced Gun Systems" (ATAGS) aldığı da bildirilir.
Hindistandan Ermənistana göndərilən silahlar İranın cənubunda Bəndər Abbas limanı vasitəsilə şimalda İran-Ermənistan sərhədindəki Nurduz sərhəd qapısından keçərək Ermənistana daxil olur. Bir çox silahların təyyarə vasitəsilə də daşındığı barədə məlumatlar var.
Hindistanın Yunanıstana isə mümkün bir münaqişədə Türkiyə döyüş gəmilərinə qarşı istifadə etmək üçün BrahMos (PJ-10) idarə olunan raket sistemləri verdiyi bəlli olub.