Keşiş Baqrat Qalstyanın rəhbərlik etdiyi Paşinyanın 2018-ci il ssenarisinin təkrarı olan hərəkatda əsas detal kilsənin indiyə qədər arxa planda yön verdiyi Ermənistan siyasətində aktiv oyunçuya çevrilməsidir. Kilsə və Paşinyan arasında qarşıdurma yeni deyil, lakin erməni keşişləri siyasətə açıq müdaxiləyə məcbur edən səbəblər var.
1. Paşinyanın “erməni miflərini” dağıtmaq siyasəti kilsənin ideoloji mövcudluğunu da sual altına alır və görünür, keşişlər təsir imkanlarını qorumaq naminə hərəkətə keçməyə qərar verib;
2. Kilsə erməni müxalifətinə ictimai inamsızlıq fonunda siyasi vitrinə çıxmağa məcbur olur, əks təqdirdə, hansısa siyasi fiqurun arxasına sığına, hakimiyyətə qarşı mübarizəni bu formada apara bilərdilər;
Paşinyanın opponenti olaraq hələ də Koçaryan və Sarkisyanı görən Ermənistan ictimaiyyəti 44 günlük müharibədən sonra bütün “etiraz planları”na laqeyd münasibət sərgiləyib. Hazırda baş verənlər mövcud müxalifətin simasında hakimiyyətə qarşı müqaviməti genişləndirməyin mümkün olmadığını anlayan kilsənin prosesləri ələ almaq gedişidir. Və prosesin məhz Tavuşdan başlanması, “Vətən üçün Tavuş hərəkatı” adlandırılması da təsadüfi deyil. Rəsmi İrəvan Qarabağla bağlı daxili ittihamlara “məqsəd Ermənistanın qorunmasıdır” tezisi ilə cavab verirdi. Kilsə-müxalifət Qazaxın kəndlərinin qaytarılmasını bu tezisin yalan olduğunu ispatlamaq fürsəti olaraq gördülər və belə təqdim edirlər ki, Qarabağdan sonra növbə Ermənistana çatıb, bunun qarşısını almaq üçün Paşinyan getməlidir.
Hərəkatın arxasında konkret bir xarici qüvvənin dayandığını demək çətindir. Bu, “erməni miflərinin” dağılmasından qorxuya düşən kilsə və diasporun birgə planı olaraq görünür. Lakin prosesi dəstəkləyən, yaxud hadisələrin inkişafında dəstəkləyə biləcək ölkələr var.
Birincisi, Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır.
Ermənistan hakimiyyətinin Rusiyanı ittiham etməsi “Moskvanın Paşinyanı devirmək” tezisini inkişaf etdirmək, müdaxilə edildikdən Qərbdən dəstək əldə etmək, ümumilikdə hərəkatı “etibarsızlaşdırmaq” məqsədi daşıyır. Lakin Moskva birbaşa iştirakçı yox, maraqlı tərəfdir və ona yaxın qüvvələrin Baqratın ətrafına toplanmasında rolu istisna edilməməlidir. Bu kontekstdə Baqrat Tavuşdan İrəvana yürüş etmək qərarını verəndə Koçaryanın “təcili dəstəyi” də diqqət çəkdi. Koçaryan həm də kilsənin uğur qazanacağı təqdirdə, siyasi pay qazanmaq, xüsusilə yerinə hazırladığı oğlu Levonun önünün açmaq istəyir.
İkincisi, maraqlı tərəf Fransa ola bilər.
Rəsmi Parisin İrəvanla münasibətləri problemsiz görünsə də, Paşinyanın yanaşmaları bölgədəki maraqlarına uyğun görünmür.
- Fransa Qarabağ separatçılarının Bakıya qarşı təzyiq kartı kimi saxlanılmasını istəyir: bir müddət öncə Şahramanyana media tribunasının verilməsi də bundan qaynaqlanırdı;
- Bakı-İrəvan xəttində danışıqların ikitərəfli formatda olmasında maraqlı deyil: Qazax-Tavuş sərhədinin demarkasiyası da bu formata görə dəstəkləmədilər;
Hadisələrin inkişafında Fransanın kilsənin planına müəyyən formada dəstək verməsi ehtimalı mümkündür. Parisin mövqeyinə Fransadakı erməni diasporunun də təsiri ola bilər, misal üçün, Makronla birbaşa təması olan Murad Papazyan keşiş Baqratı dəstəkləyir.
Keşiş Baqratın “Vətən üçün Tavuş hərəkatı” siyasi korporasiyaya bənzəyir: kilsə, həm Qərbdə, həm Rusiyadakı diaspor, “Qarabağ klanı”, Ermənistanda Moskvaya yaxın qüvvələr, bir sözlə Paşinyana qarşı olan hər kəs burada birləşir, lakin hələ də Nikolun taxtını laxladacaq gücdə deyil.
Asif Nərimanlı