Artıq Tehranın da bu xətti seçməsinin vaxtı gəlib çatıb... - HƏQİQƏTƏN DƏ...
- 12.07.2024, 15:30,
- Siyasət
Baxılıb: 89
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın yeni Prezidenti Məsud Pezeşkiana məktub yazıb ilk təbrik edənlərdən biri Azərbaycan Prezidenti İlham Əliyev olmuşdu. Ötən gün dövlət başçısı İran rəhbəri Məsud Pezeşkiana zəng edərək seçkilərdə qələbə qazanması münasibətilə təbrik etdi və ona fəaliyyətində uğurlar arzuladı. Hər iki lider ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirdilər. Dövlət başçıları ölkələr arasında indiyədək əldə edilmiş razılaşmaların həyata keçirilməsinin əhəmiyyətini vurğuladılar. Ekspertlərin fikrincə, ölkələrimiz arasında münasibətlərin normallaşması və inkişaf etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, rəsmi Bakı cənub qonşumuzla ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu daim vurğulayıb. Onun sözlərinə görə, dövlət başçısı İlham Əliyevin Pezeşkiana zəng etməsi də bunu bir daha təsdiqləyir:
"Bu zəng yaxşı qonşuluq və əsl dostluq göstəricisidir. Odur ki, artıq Tehranın da bu xətti seçməsinin vaxtı gəlib çatıb.
44 günlük İkinci Qarabağ müharibəsinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsilə nəticələnməsindən sonra Tehranın son 4 ildə Azərbaycanla münasibətləri süni şəkildə gərginləşdirmək mövqeyi tutmasının və Zəngəzur dəhlizinin açılmasına mane olmasının ilk növbədə İranın öz maraqlarına zərbə vurması heç kimə sirr deyil. Fransanın Ermənistanı silahlandırmaq və revanşizmə təhrik etmək siyasəti əks effekt verdiyi kimi molla rejiminin də Ermənistanı dəstəkləmək siyasətinin səmərəsizliyi göz qabağındadır. Və təsadüfi deyil ki, Məsud Pezeşkian hələ Təbrizdən millət vəkili olduğu dönəmlərdə Tehranın Azərbaycan və Türkiyəyə qarşı yürütdüyü siyasətin yanlış olduğunu dəfələrlə vurğulamışdı. Molla rejiminin qatı mühafizəkar qanadının və SEPAH-ın panfarsçı, şovinist generallarının Azərbaycana qarşı sərgilədikləri qeyri-adekvat münasibət iki ölkənin münasibətlərinin dinc qonşuluq və əməkdaşlıq zəminində inkişafına ciddi şəkildə mane olurdu. Lakin həm Azərbaycanın bütün əngəllərə rəğmən getdikcə daha da güclənib bölgədə aparıcı amilə çevrilməsi, həm də dəyişən geosiyasi reallıqlar İranın molla hakimiyyətini öz prioritetlərini yenidən nəzərdən keçirməyə vadar etdi. Mollalar Azərbaycan ilə süni qarşıdurmanın və açıq şəkildə ermənipərəst siyasət yürüdülməsinin İranın bölgədəki maraqlarına zərbə vurduğunu nəhayət ki, hiss etməyə başladılar".
Ekspertə görə, İranı idarə edənlər başa düşürlər ki, Azərbaycanla münasibətləri normallaşdırmaq və inkişaf etdirmək zamanın tələbidir: "Bu mənada islahatçı imicinə malik olan Azərbaycan əsilli siyasətçi Məsud Pezeşkianın İranın yeni prezidenti seçilməsi İran-Azərbaycan münasibətlərinin müsbət məcrada dəyişməsinə təkan verə bilər. Prezident İlham Əliyev ilə İran rəhbəri Məsud Pezeşkianın telefon söhbəti zamanı ortaq dini-mədəni köklər, dostluq və qardaşlığa əsaslanan Azərbaycan-İran əlaqələrinin bundan sonra da genişlənəcəyinə və müxtəlif sahələri əhatə edən əməkdaşlığımızın inkişaf edəcəyinə əminlik ifadə olunması nikbin gözləntilərimizi daha da artırır. Pezeşkian Tehranın davakar, aqressiv siyasətini adekvat siyasətlə əvəzləyə bilsə, bu, sözün yaxşı mənasında əsl inqilab olacaq. İranın toksik ölkədən normal ölkəyə çevrilməsi onun özünün də, bölgə ölkələrinin də maraqlarına uyğundur. Qarşıdurma və münaqişələr heç kimə fayda gətirmir".