Ermənistanda “Eagle Partner 2024” adlı Ermənistan-ABŞ birgə təlimləri başlayıb. Təlimin açılış mərasimində Ermənistanın müdafiə naziri Suren Papikyan və ABŞ səfiri Kristina Kuin və başqaları iştirak ediblər. Papikyan vurğulayıb ki, beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasına yönəlmiş bu əməkdaşlıq yüksək qiymətləndirilir. Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, ABŞ-nin Avropa və Afrikadakı ordusunun və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edirlər. Təlimlər iyulun 24-dək davam edəcək. Qeyd edək ki, bu təlimlər artıq ikinci dəfə keçirilir. Birinci hərbi təlimlər 2023-cü il sentyabrın 11-də keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki, Ermənistan və ABŞ arasındakı təlimlərin keçirilməsi və bunun İrəvanın KTMT-dəki fəaliyyətini faktiki olaraq dondurması fonunda baş verməsi təəssüf doğurur. Diplomatın sözlərinə görə, Rusiya həmişə müttəfiqlik öhdəliklərinə, o cümlədən Ermənistanın təhlükəsizliyinin təmin edilməsi məsələlərində sadiq olub və sadiq qalır: “İrəvanın sistemli xarakter alan bu cür addımları bu sahədə qurulmuş mexanizmlərin işləməsi perspektivlərini sarsıdır”. O, eyni zamanda qeyd edib ki, İrəvanla Qərb ölkələri arasında hərbi əməkdaşlığın genişləndirilməsi Ermənistanın bütün təhlükəsizlik sisteminin yenidən formatlaşdırılmasına gətirib çıxarır. Zaxarova onu da deyib ki, ABŞ Ermənistanı görünməmiş canfəşanlıqla ələ keçirməyə çalışır. Məsələ ondadır ki, Qərb ölkələri, başda Fransa və ABŞ hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını mane olmağa çalışır. Regionda gərginlik yaradılması, revanşist qüvvələr arasında müharibə əhavli-ruhiyyəsinin saxlanılması hədəf götürülüb. Ermənistan-ABŞ birgə təlimlərinə də ancaq bu prizmadan yanaşmaq olar. Ağ Ev bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən İrəvanla hərbi təlimlərə start verir. Hər kəsə də bəllidir ki, İrəvanın hələ uzun müddət nəinki qalib gəlmək, hətta müharibə aparmağa nə resursu, nə də imkanı var. Görünür, ABŞ hər vəchlə Rusiyanı bölgədən sıxışdırıb çıxarmağa çalışır və bu yolda ermənilərdən istifadə olunur. Son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik var və bu, artan xətlə gedir. Paşinyan hakimiyyəti Qərbə, ABŞ-yə inteqrasiya etmək xətti tutub. Digər yandan 102-ci bazanın çıxarılması gündəmə gəlib. Bundan əlavə, Ermənistanın KTMT-dən çıxacağı barədə fikirlər səsləndirməsi Rusiyanı qıcıqlandırır. Faktiki olaraq, Ermənistan ərazisində Fransa və ABŞ-nin nümayəndələri var. ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməyi, Ermənistan ordusuna təlimatçılar göndərilməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Rusiya xarici işlər nazirinin müavininin “baş verənlər Ermənistana baha başa gələcək” açıqlaması xəbər verir ki, Rusiya Ermənistanı cəzalandıracaq. Yəni, Rusiyanın başının Ukraynaya qarışmasına baxmayaraq, Ermənistana qarşı tədbir görəcək. ABŞ Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqla yanaşı, Ermənistandakı revanşist qüvvələri qızışdırmağa çalışır. Onu da qeyd edək ki, Ermənistanla təlimlər 5 aprel ABŞ-Aİ-Ermənistan tamaşasının davamı kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, Ermənistan özü susduğu halda, ABŞ və Fransa ermənilərin Qarabağa qayıtması məsələsini davamlı qaldırırlar. Bununla yanaşı, ABŞ Ermənistanda yeni nüvə reaktoru yaradır və onsuzda bütün region üçün böyük təhlükə kəsb edən “Metsamor”u daha da gücləndirir. Bu halda nə Ermənistanın seysmik zonada yerləşməsi, nə nüvə qaçaqmalçılığı kimi problemlər nəzərə alınmır. Bütün bunlardan o nəticəyə gəlmək olar ki, Ermənistanın Qərbə yaxınlaşması, NATO ilə əməkdaşlığı ABŞ ilə hərbi əlaqələri Moskvanın Paşinyan hakimiyyətinə qarşı təzyiqləri artırmasına səbəb olacaq. Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu gərginliyə sürükləyir.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında deyib ki, ABŞ-Ermənistan hərbi təlimləri Azərbaycan tərəfində ciddi suallar doğurur. Deputatın sözlərinə görə, ABŞ bir tərəfdən israrla bildirir ki, Vaşinqton sülhdə maraqlıdır, digər yandan isə fərqli addımların şahidi oluruq:
"Görünən mənzərə isə tamamilə başqadır. ABŞ Ermənistanla sıx əməkdaşlıq edir. Hətta bu əməkdaşlıq onların birgə hərbi təlim keçirmələrinədək gedib çıxır. Əlbəttə bu, yolverilməzdir. Əgər ABŞ iddia etdiyi kimi Azərbaycan-Ermənistan arasında sülhün əldə olunmasında səmimidirsə, rəsmi Bakının mövqeyini, yanaşmasını nəzərə almalıdır. Ermənistanla birgə hərbi təlimlərə, müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə son verməlidir. Azərbaycana sülhlə bağlı çağırışlar edən bir dövlət bu cür ziddiyyətli addımlar atmamalıdır. Ermənistanın silahlandırılması, hərbi dəstək verilməsi, hərbi təlimlərin keçirilməsi ABŞ və Qərbin sülh prosesində nə qədər səmimi olub-olmamasını ortalığa qoyur. Aydın olur ki, ABŞ heç də iddia etdiyi kimi sülh tərəfdarı deyil. Daha çox Ermənistanın yanındadır və İrəvana açıq dəstək ifadə edir. Təbii ki, bu da həm Azərbaycan, həm də regionun digər ölkələri tərəfindən xoş qarşılanmır və ciddi suallar doğurur. ABŞ öz siyasətini, yanaşmasını dəyişməlidir".