• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azərbaycan, Ermənistan və bütün region belə vəziyyətdə nə qədər yaşaya bilər? - Müqaviləsiz sülh

  • 22.07.2024, 16:00,
  • Siyasət
  • Baxılıb: 45
Azərbaycan, Ermənistan və bütün region belə vəziyyətdə nə qədər yaşaya bilər? - Müqaviləsiz sülh


Birləşmiş Ştatlar bu günlərdə bəyan edib ki, ötən həftə Vaşinqtonda keçirilən son görüş zamanı Bakı və İrəvan arasında danışıqlarda “irəliləyiş” qeydə alınıb.

“Biz irəliləyiş əldə etmişik. Təfərrüatları açıqlamayacağam. Hələlik razılaşma yoxdur, lakin razılığa gələnə qədər dincəlmək fikrində deyilik”. Bu barədə brifinqdə Dövlət Departamentinin sözçüsü Metyu Miller dövlət katibi Entoni Blinkenin NATO sammiti çərçivəsində azərbaycanlı və erməni həmkarları ilə görüşünün nəticələri ilə bağlı suallara cavab verərkən deyib.

“Siz hamınız eşitdiniz ki, dövlət katibi görüşü açarkən hər iki tərəfin uzun yol qət edərək, irəliləyişə nail olduğunu dedi. Buna görə də, biz onları kömək etməkdə davam edirik”, - Miller əlavə edib.

Blinken Bayramov və Mirzoyana bildirib ki, Birləşmiş Ştatlar tərəflərə regionda sabitlik və təhlükəsizlik üçün çox vacib olan sülh razılaşmasını əldə etməyə kömək etməyə çalışacaq.

"Biz razılaşmanın mümkün olduğunu düşünürük, lakin hər iki tərəf çətin seçim və çətin kompromislər etməlidir. Və biz onları bu son ziddiyyətləri həll etməyə və razılığa gəlməyə təşviq edəcəyik" – Miller deyib.

Ermənistan ötən ay bəyan edib ki, “bir ay ərzində” Bakı ilə sülh sazişi imzalamağa hazırdır. Ötən həftə prezident İlham Əliyev də sazişin mətninin bir neçə ay ərzində razılaşdırıla biləcəyini deyib.

Amma bütün bu bəyanatlara baxmayaraq, tərəflər arasında hələ də rəsmi sülh yoxdur. Və təbii ki, bu, suallar doğurur.

Bəs, Ermənistan və Azərbaycan heç bir sülh razılaşması imzalamadan uzun müddət sülh şəraitində yaşaya bilərlərmi? Bu, maraqlarına uyğunluq baxımından kimə daha çox faydalı, kimə daha az zərərlidir - Ermənistana, yoxsa Azərbaycana? Belə birgəyaşayış nümunələri, presedentlər varmı? Bəlkə də var. Məsələn, Rusiya və Yaponiya sülh müqaviləsi olmadan yaşayırlar, hətta diplomatik əlaqələrə malikdirlər və paytaxtlarında bir-birinin səfirliklərini açıblar.

Bəs regional maraqlar, bütün Cənubi Qafqazın maraqları baxımından iki dövlət arasında sülh müqaviləsi olmadan yaşamaq necə olur?

Pressklub.az-ın suallarını regionun tanınmış ekspertləri cavablandırıblar.

Ermənistan Politoloqlar Assosiasiyasının prezidenti, siyasi elmlər doktoru Amayak Ovannisyan hesab edir ki, sülh müqaviləsi olmadan uzun müddət sülh şəraitində yaşamaq mümkündür. Eyni zamanda o, sual verir - taleyi sınağa çəkmək, qeyri-müəyyənlik yaratmaq nəyə lazımdır. Axı bu, dövlətlərimizin sərt qarşıdurma şəraitinə qayıtmasında maraqlı olan pozucu qüvvələr üçün yaxşı zəmindir.

“Belə qüvvələr həm Ermənistanda, həm də Azərbaycanda mövcuddur: bu qüvvələri təmsil edən tanınmış, amma layiq olmadıqları mövqeyi tutan siyasi xadimlər otuz il ərzində xalqlarımız arasında düşmənçilik və nifrət toxumu səpib, sonra isə onları istismar ediblər. Bunun sayəsində yüksək dövlət mövqelərini ələ keçiriblər, təkcə Ermənistanda və Qarabağda deyil, həm də uzaq xaricdə saraylar tikiblər. Bu insanlar müharibə, qonşu xalqın simasında düşmən obrazı yetişdirmək sayəsində cır-cındırdan var-dövlətə yüksəlib, başgicəlləndirici siyasi karyera qurdular. Təbii ki, onlar sülh müqaviləsi bağlamaq istəmirlər və yenidən hakimiyyətə qayıtmaq arzusundadırlar. Vazgen Sarkisyan Karen Dəmirçyanın tərəfinə keçəndə, onunla nə etdilər? Onlar Vazgeni öz çevrələrində satqın elan edərək, 1999-cu il oktyabrın 27-də parlamentin iclas zalında hər ikisinin qətlini təşkil etdilər. Mən partiyada Karen Dəmirçiyanın müavini və deputat idim və o zaman möcüzə nəticəsində sağ qaldım... Sualınıza cavab zamanı faciəmizi xatırlamağım heç də təsadüfi deyil. Çünki 90-cı illərdə Karen Dəmirçyanı Heydər Əliyevin Azərbaycanda etdiyi kimi böyük siyasətə qayıtmağın zərurətinə inandıranda ondan çıxış etdim ki, bu iki siyasi nəhəng birlikdə xalqlarımızı mehriban qonşuluq, dostluq və firavanlıq yoluna qaytara biləcəklər. Mən onları şəxsən tanıyırdım və əminliklə deyə bilərəm: onların hər ikisi bir həqiqəti dərindən dərk edirdilər ki, qonşu xalq və ölkə bədbəxtdirsə, sənin xalqın və ölkən xoşbəxt ola bilməz, ermənilər və azərbaycanlılar yalnız mehriban qonşuluq və dostluq şəraitində xoşbəxt ola bilərlər. Və Qorbaçovun yenidənqurmasından əvvəl respublikalarımızın başında Karen Dəmirçyan və Heydər Əliyev dayandığı zaman bu dostluq mövcud idi. Mən tam əminəm ki, dövlət müstəqilliyini əldə etdikdən sonra dövlətlərimizin başında onlar olsaydılar, səpdikləri yaxşı toxumlar yeni şəraitdə cücərə bilərdi və şübhəsiz ki cücərəcəkdi. Təsəvvür edəndə ki, onlar sağ olsaydılar və ölkələrimizi idarə etsəydilər, tam aydın şəkildə deyərdim: bir neçə saat ərzində sülh müqaviləsi bağlayardılar, diplomatik əlaqələr qurardılar və bununla da dağıdıcı qüvvələrin ölkələrimizi qarşıdurma yoluna qaytarmaq cəhdinin qarşısını birdəfəlik alardılar”, - politoloq deyir.

Onun fikrincə, hərbi münaqişə tərəflərindən birinin geniş ərazilər üzərində nəzarəti itirdiyi, digərinin isə bu nəzarəti bərpa etdiyi böyük müharibədən sonra sülh müqaviləsinin bağlanması məğlub olan tərəfin deyil, qalib olan tərəfin marağındadır. “Azərbaycan obyektiv olaraq, Birinci Qarabağ müharibəsindən sonra Levon Ter-Petrosyan administrasiyasının buraxdığı ciddi səhvin təkrarlanmasında maraqlı deyil. O zaman qalib olan Ermənistan tərəflər arasında tam hüquqlu sülh müqaviləsi bağlamaqda israr etməmişdi.

Ermənistana gəlincə, o, beynəlxalq əlaqələrimizdən istifadə etməyə imkan verməyən, ölkəmizi qonşu Azərbaycan və Türkiyə ilə münaqişənin girovuna çevirən səhv inkişaf modelini kökündən dəyişmək niyyətindədir. Axı, böyük Höte əbəs yerə deməyib ki, iki mübahisə edən arasında günahkar daha ağıllı olandır. Allah eləsin ki, aramızda yeganə mübahisə predmeti kimin daha ağıllı olması məsələsi olsun”, - siyasi elmlər doktoru qeyd edir.

Onun sözlərinə görə, sülh müqaviləsi bağlanmadan dinc yanaşı yaşamaq presedentləri mövcuddur. “Üstəlik, Ermənistan və Azərbaycan formal olaraq müharibə şəraitində deyildilər: onlar Ukraynada olduğu kimi bir-birinə müharibə elan etməyiblər. Amma hətta Ukrayna münaqişəsi məsələsində də beynəlxalq ictimaiyyət sülh müqaviləsinin bağlanmasının zəruriliyi məsələsini gündəmə gətirir. Bizim məsələmizdə də belədir - beynəlxalq ictimaiyyət sülh müqaviləsi bağlamaq zərurətində təkid edir. Çünki söhbət daha da artacaq beynəlxalq sərmayələrin qorunmasından gedir və Cənubi Qafqaz regionunun iqtisadi inkişafında maraqlı olan bütün investorlara fəaliyyətlərinin etibarlı dinc şəraitdə davam edəcəyinə zəmanət vermək lazımdır”, - ekspert əmindir.

O, hesab edir ki, bu yaxınlarda ABŞ Dövlət Departamentinin vasitəçiliyi ilə xarici işlər nazirləri arasında sülh müqaviləsinin bağlanması perspektivləri ilə bağlı üçtərəfli müzakirələrdən sonra beynəlxalq ictimaiyyətin bu məsələnin tezliklə həllində nə dərəcədə maraqlı olması hamıya aydın olmalıdır. "Mən bu cür marağın səbəbləri barədə artıq danışmışam və təkrar etməyəcəyəm", - Ovannisyan bildirib.

Gürcüstan Strateji Təhlil Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze də hesab edir ki, sülh müqaviləsi olmadan yaşamaq tamamilə mümkündür, üstəlik, sülh müqaviləsi olmadan hətta kommunikasiyaları (yük daşımaları üçün) da açmaq olar. Lakin sülh müqaviləsi olmadan tam hüquqlu münasibətlər qurulması və barışıq prosesi mümkün deyil.

“Azərbaycana müharibənin nəticələrinin hüquqi cəhətdən möhkəmləndirilməsi və gələcəkdə Ermənistanın iddialarının qarşısının alınması üçün saziş lazımdır. Baxmayaraq ki, heç bir razılaşma buna tam zəmanət vermir. Saziş Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərdə sərhədlərinin hüquqi şəkildə rəsmiləşdirilməsi üçün lazımdır. Baxmayaraq ki, hətta burada belə, bir sənəd heç bir konkret təminat vermir. Odur ki, bunun kimə daha çox lazım olduğuna özünüz qərar verin”, - analitik bildirib.

Ekspert presedentlərdən danışarkən Yaponiya - SSRİ, indi də Yaponiya – Rusiya münasibətlərinin misal gətirilməsini doğru sayıb. “Heç nə də olmayıb, yaşayıblar, bəzən hətta yaxşı yaşayıblar. Sovet İttifaqı zamanı hətta birlikdə filmlər də çəkirdilər. Yeri gəlmişkən, müharibə əleyhinə filmlər idi. Amma bu, başqa situasiyadır”, - o, hesab edir.

Ümumi regional maraqlarla bağlı vəziyyətə gəlincə, Vasadze bunu belə ifadə edib: “Ənənəyə görə, indi deməliyəm ki, bu, çox pis və hətta dəhşətlidir. Amma bunu deməyəcəyəm. Azərbaycan və Ermənistanı hələ çox uzun və çətin sülh yolu gözləyir və sülh müqaviləsinin bu yolun hansı mərhələsində bağlanacağı o qədər də vacib deyil. Kommunikasiyaları açmaq yaxşı olardı, amma bu da kritik deyil”.

Öz növbəsində Cənubi Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, əgər sülh müqaviləsi imzalamaq mümkün deyilsə, yəni, buna imkan verməyən maneələr varsa, belə bir birgəyaşayış mümkündür və biz, prinsipcə, ötən ildən başlayaraq, faktiki sülh şəraitində yaşayırıq.

“Bunun bəzi eskalasiya ssenarilərinə çevrilməsinin qarşısını almaq üçün de-fakto sülh şəraitində qarşılıqlı təsir mexanizmlərinin formalaşdırılması mümkündür. Şərti sərhəddə silahlı insidentlərin qarşısını almaq üçün bəzi qabaqlayıcı tədbirlər görmək və ya hər hansı insidentlərin qarşısını almaq üçün mexanizmlər işə salmaq. Bəli, bu, mümkündür. Və yəqin ki, biz bir müddət faktiki sülh şəraitində yaşayacağıq. Amma burada qarşılıqlı fəaliyyət və əməkdaşlıq anlayışları arasında xətt çəkməliyik. Bu şəraitdə ölkələr ya eskalasiyanın qarşısını almaq üçün qarşılıqlı fəaliyyət göstərirlər, ya da əməkdaşlıq üçün imkanlar yaradırlar. Məsələn, kommunikasiyaların açılması mövzusunda”, - politoloq deyir.

Onun sözlərinə görə, istənilən dövlətin marağı ondan ibarətdir ki, sərhədi yaxınlığında ən azı tərəfdaşlıq əlaqələri qurmaq mümkün olan, proqnozlaşdırıla bilən qonşular olsun. “Ermənistan-Azərbaycan münasibətlərinə toxunuruqsa, sülh müqaviləsi olmadan de-fakto sülh vəziyyəti, yəni atışmanın olmadığı və qarşılıqlı münasibətlər olduğu vəziyyət müharibədən daha yaxşıdır. Bu, hər iki dövlət üçün qarşıdurmadan sülh sazişinə keçid dövründə daha sərfəli mövqedir”, - deyə mərkəzin direktoru bildirib.

O qeyd edir ki, dünyada belə birgəyaşayış üçün klassik presedentlər azdır. “Rusiya və Yaponiya nümunəsi mənim üçün tam aktual nümunə deyil. Çünki onlar sülh müqaviləsi olmadığı şəraitdə münasibətlərin demək olar, bütün spektrini rəsmiləşdiriblər. Yəni diplomatik əlaqələr qurulub, ticarət inkişaf edib, investisiyalar qoyulub, turizm böyüyüb və s. Putin hətta baş nazir Abeni dostu adlandırırdı. İkitərəfli münasibətlərdə sülh müqaviləsinin şərt kimi qoyula biləcəyi heç nə yox idi. Düşünürəm ki, bu, o qədər də uğurlu deyil və əsas problemləri həll etmir. Yəni, hansısa sahə sülh müqaviləsi ilə şərtləndirilməliydi ki, ona nail olmaq üçün məqsəd, maraq oldun. Bu, kommunikasiyalar, diplomatik münasibətlər, iqtisadi qarşılıqlı fəaliyyət ola bilər”, - analitik bildirib.

Regional maraqlara gəlincə, təəssüf ki, Ermənistan bunda maraqlı deyil və buna görə də daim Cənubi Qafqaza xarici qüvvələri cəlb edir. “Bu qüvvə əvvəllər Rusiya idi, indi ABŞ, Fransa, Aİ-dir. İrəvan regionumuzda geosiyasi gərginliyin artmasına şərait yaradır. Paşinyan hökumətinin gördüyü işləri nəzərə alsaq, qeyd etməliyik ki, o, hətta, indiki mərhələdə sülh müqaviləsinin imzalanmasında maraqlı olmaya bilər. Çünki Azərbaycandan gələn “təhlükə” Paşinyan hökumətinin elə həmin Fransa, ABŞ, Aİ, Hindistan və başqalarından maliyyə, iqtisadi, institusional, hərbi yardım almasına şərait yaradır. Bütün bunlar isə region üçün əlverişli şərait yaratmır.

Azərbaycan müstəqil şəkildə, tərəfdaşları ilə birlikdə Gürcüstan kimi regional ölkənin maraqlarını nəzərə alaraq, 25-30 illik müstəqillik dövründə mümkün olan hər şeyi həyata keçirib. Yəni, biz nümunə göstərmişik ki, Cənubi Qafqazda geosiyasi gərginliyin artmasının və burada öz siyasətini həyata keçirən regiondankənar qüvvələrin tərəfdarı deyilik.

Bu məsələdə bizimlə Ermənistanın iki fərqli mövqeyi var. Və təbii, hesab edirəm ki, sülh müqaviləsinin bağlanması ilə gərginlik səngiməlidir. Bununla belə, Ermənistanın yuxarıda təsvir olunan hərəkətlərini davam etdirməsi regional təhlükəsizliyə təhdid yarada bilər”, - Məmmədov yekunlaşdırıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 21
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 060
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 750
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter