Gürcüstanda “rəngli inqilab” ssenarisini həyata keçirmək məqsədilə Baltikyanı ölkələrdə xüsusi qruplar yaradılır. Bu informasiya ABŞ-ın Cənubi Qafqazdakı planları və Gürcüstan hakimiyyətinin dövlət müstəqilliyini qorumaq uğrunda apardığı mübarizəyə qarşı tətbiq etdiyi “dağıdıcı strategiyası” fonunda təsadüfi deyil. Hələ may ayında Baltikyanı ölkələrin – Latviya, Litva və Estoniyanın xarici işlər nazirləri rəsmi Tbilisinin icazəsi olmadan Gürcüstana səfər etmiş, bu ölkədə Qərbin mövqeyindən çıxış edən qüvvələrlə görüşlər keçirmiş, “Gürcüstan Avropadır” mesajını vermişdilər. Gürcüstanın daxili işlərinə kobud müdaxilə olan bu səfərin ABŞ-ın sifarişi ilə təşkil edildiyi sirr deyil. Görünür, Vaşinqton Tbilisidə “rəngli inqilab” planını həyata keçirmək üçün xüsusi qrupların yaradılması və Gürcüstana göndərilməsi işini də Baltikyanı ölkələrə həvalə edib.
Bu, ötən ilin mart ayından başlayaraq, ABŞ-ın Gürcüstanda həyata keçirməyə çalışdığı üçüncü çevriliş cəhdidir.
Birinci cəhd 2023-cü ilin mart ayında – Gürcüstanda “xarici agentlər haqqında” qanun layihəsi gündəmə gələndə edildi. Qanunun qəbuluna qarşı çıxan ABŞ Gürcüstanda QHT sektorunda yaratdığı şəbəkəni hərəkətə keçirərək, parlament binasını blokladı və beynəlxalq səviyyədə rəsmi Tbilisiyə qarşı anti-kampaniya apardı. Rəsmi Tbilisi hadisələrin nəzarətdən çıxmasının qarşısını almaq üçün qanun layihəsini geri çəkdi, lakin artıq ABŞ Gürcüstanda çevriliş planına start vermişdi.
İkinci cəhd 2023-cü ilin oktyabr-dekabr aylarında edilsə də, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti bu cəhdin qarşısını aldı. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili təhlükəsizlik xidmətinin məxfi araşdırmalarına istinadən bəyan etdi ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ölkəyə göndərilən xüsusi qruplar və yerli təşkilatlar vasitəsilə həyata keçirilməsi planlaşdırılan çevriliş ssenarisini maliyyələşdirib.
Baltikyanı ölkələrdə Gürcüstanda göndərilmək üçün hazırlanan xüsusi qruplar üçüncü cəhdə hazırlığın aparıldığından xəbər verir. Çünki Gürcüstan hakimiyyəti bu ilin may ayında ABŞ-ın qarşı çıxdığı “xarici agentlər haqqında” qanunu qəbul etdi. Vaşinqtonun öz şəbəkəsini küçələrə çıxarmaqla təkrarlamaq istədiyi “mart ssenarisi” bu dəfə baş tutmadı. Hətta Baltikyanı ölkələrin XİN rəhbərlərindən ibarət qrupun Tbilisiyə gəlişi belə Gürcüstan hakimiyyətinin siyasi iradəsinə təsir etmədi. Beləliklə, ABŞ-ın Gürcüstanda, həm də bütövlükdə Cənubi Qafqazdakı gizli şəbəkəsi qanunun radarına düşdü. Vaşinqtonu narahat edən də məhz budur.
Gürcüstanda qəbul edilən “Xarici agentlər haqqında” qanunun tələbinə görə, maliyyəsinin ən azı 20 faizini xaricdən alan QHT-lər və media orqanları “xarici agentlər reyestri”ndən keçməlidirlər. Belə bir qanunun ideya müəllifi ABŞ-dır. Hələ 1938-ci ildə ABŞ-da qəbul edilən “Xarici Agentlərin Qeydiyyatı Aktı” (FARA-Foreign Agents Registration Act) tələb edir ki, maliyyə qaynaqlarının 20 faizdən çoxu ABŞ-dan kənarda formalaşan fiziki şəxs, qurum və şirkətlər qanunun təsir dairəsinə düşür. Əsas tələb odur ki, belə şəxslər, qurum və şirkətlər ABŞ Ədliyyə Departamentində qeydiyyatdan keçməli, fəaliyyət və məqsədləri şəffaf olmalıdır. Gürcüstan hökuməti də qanun layihəsini məhz ABŞ təcrübəsi əsasında hazırlayıb. Vaşinqton isə Tbilisini ittiham edir ki, bu qanunun qəbulu “demokratiya dəyərlərindən” uzaqlaşmaq, “Avropaya inteqrasiya” siyasətindən imtina etməkdir. Qəribə paradoks yaranır: eyni qanunun ABŞ-da mövcud olması milli və dövlət təhlükəsizliyinin təmin edilməsi, Gürcüstanda isə “demokratiyaya” ziddir?!
ABŞ-ın gerçək niyyəti də burada ortaya çıxır. Çünki “xarici agentlər haqqında” qanun Gürcüstan hakimiyyətinə imkan verir ki:
- xaricdən ölkəyə axan maliyyənin xərclənməsində şəffaflıq təmin edilsin;
- vətəndaş cəmiyyətinin inkişafı və “humanitar layihələr” adı altında ayrılan maliyyə dövlət çevrilişi, yaxud milli maraqların əleyhinə olan işlərə xərclənməsin;
Bu qanunun qəbul edilməsi ilk növbədə ABŞ-ın Gürcüstanın QHT sektorunda yaratdığı gizli şəbəkəsinin çökməsi deməkdir. SSRİ dağılandan sonra Vaşinqton USAID başda olmaqla müxtəlif donor təşkilatları vasitəsilə region ölkələrinin vətəndaş cəmiyyətləri institutlarında öz şəbəkəsini formalaşdırmaq istiqamətində işləyib. Bu proses “demokratiya”, “vətəndaş cəmiyyətinin inkişafı”, “şəffaflıq”, “insan haqları” və bu kimi müxtəlif adlar altında aparılırdı. ABŞ bu prosesdə Azərbaycan və Ermənistandan fərqli olaraq, Gürcüstanda daha çox uğur qazandı, xüsusilə 2023-cü il “rəngli inqilab”dan sonra geniş imkanlar əldə etdi. Hazırda Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xarici donor təşkilatları tərəfindən maliyyələşir və bu amil həmin təşkilatları ABŞ başda olmaqla maliyyə aldıqları ölkələrin “təsir agentinə” çevirib. “Xarici agentlər haqqında” qanunun gündəmə gəlməsindən sonra keçirilən etiraz aksiyaları da bunu ispat edir. Bu fakt Gürcüstanda təkcə çevriliş təhlükəsi yox, həm də ölkənin milli siyasətinə müdaxilə imkanları yaradır. Bunun son nümunələrindən biri Rusiyaya qarşı “ikinci cəbhənin” açılması tələbidir. Ukrayna müharibəsi başlayandan sonra Rusiyaya qarşı “ikinci cəbhənin” Gürcüstan üzərindən açılması istəklərini qəbul etməyən rəsmi Tbilisiyə daxili şəbəkələr üzərindən təzyiq edilir.
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili də açıq şəkildə bildirib ki, avropalılar Tbilisidən Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi və Ukraynaya muzdluların göndərilməsini təşkil etməyi tələb ediblər.
Son iki ildə Gürcüstanda baş verənlər, bu ölkənin milli maraqlarına uyğun addımlarına qarşı “süngü siyasəti”nin aparılması, inqilab və dövlət çevrilişi cəhdləri məhz ABŞ-ın – Qərbin bölgədəki maraqlarının qorunması məqsədi daşıyır. Vaşinqton üçün Gürcüstanda “xarici agentlər haqqında” qanunun qəbul edilməsi bütövlükdə Cənubi Qafqaz regionunda da plasdarmın itirilməsi deməkdir və bu, ABŞ-ın “dağıdıcı strategiyası”nı zəiflədir.
Azərbaycanda “qrant qaçaqmalçılığı” işində ortaya çıxan faktlar bunun real nümunələridir. Gürcüstan ABŞ-ın Azərbaycandakı şəbəkəsini maliyyələşdirilməsi və təlimatlandırılmasında plasdarm rolunu oynayıb, daha dəqiq desək, Vaşinqton Bakıdakı şəbəkəsini Tbilisidəki şəbəkəsi üzərindən koordinasiya edib.
Qərbin donor təşkilatları Azərbaycandakı şəbəkəyə ayırdığı maliyyəni Gürcüstandakı banklara köçürür, daha sonra həmin pullar sərhəddə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir və şəbəkə üzvləri arasında bölünür. Bu proses 2010-cu illərdən həyata keçirilib, xüsusilə 2013-cü ildə QHT-lərin fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə qanuna edilən dəyişiklikdən sonra. Qanuna edilən dəyişikliklər donor təşkilatlarının ayırdığı maliyyənin xərclənməsində şəffaflıq tələb edirdi. Bu, Azərbaycanın milli təhlükəsizliyi qorunmasında strateji addımlardan biridir, lakin ABŞ və Avropa ölkələrinin maraqlarına uyğun gəlmirdi. Çünki müxtəlif layihələrə ayrılan pullar əslində ABŞ-a bağlı şəbəkənin yaradılması və rəsmi Bakıya daxildən təzyiq etmək imkanlarının əldə edilməsinə hesablanmışdı. Azərbaycan dövləti bunun qarşısını aldı. Məlum şəbəkə isə ayrılan maliyyənin və onun xərclənmə istiqamətlərinin gizli saxlanılması məqsədilə qaçaqmalçılıq metodundan istifadə etməyə başladılar. Bu prosesdə Gürcüstan əsas plasdarm olaraq istifadə edilib.
ABŞ-ın Cənubi Qafqaza müdaxilə siyasətində Gürcüstandan plasdarm kimi istifadə etməsi təkcə gizli maliyyələşmənin təmin edilməsi ilə yekunlaşmır, həm də Tbilisidən “kadrları” yetişdirilməsi, “rəngli inqilab”ın ixrac edilməsi üçün də istifadə edilib. GIPA (Gürcüstanın İctimai Əlaqələr İnstitutu) bu siyasəti həyata keçirən əsas platformalardan biridir.
Region ölkələrindən – Azərbaycan, Gürcüstan və Ermənistan - olan tələbələr GIPA-ya qəbul edilir və orada “beyinləri yuyularaq”, ABŞ-ın istədiyi “kadr” kimi hazırlanır. GIPA-nın Vaşinqtonun Cənubi Qafqazda inqilab planları üçün iştirakçı hazırlamasını sübut edən məqamlardan biri də bu tədris ocağına qəbul edilən tələbələrdən tələb olunan sənədlərdir. Xeyr, istənilən tələbə GIPA-ya qəbul edilə bilməz, nə qədər savadlı olsa da. Qəbul üçün üç “tövsiyə məktubu” tələb olunur. Ki, bu məktublar da ABŞ-a bağlı şəbəkənin üzvləri – QHT rəhbərləri, yaxud media nümayəndələri tərəfindən verilməlidir. Yalnız bu halda həmin tələbə “etibarlı” şəxs kimi qəbul imtahanına buraxılır. Daha sonra aralarından daha uyğunları – istənilən tapşırığı yerinə yetirə biləcək potensiala malik olanlar seçilir. Və tədris ilində onların düşüncəsi lazımi şəkildə formalaşdırılaraq, “kadr”a çevrilirlər.
Sirr deyil ki, ABŞ-ın əsas məqsədi Cənubi Qafqazı Rusiya ilə mübarizəsinin poliqonuna çevirmək və geosiyasi maraqlarını təmin etməkdir. Bu planın icrasında region dövlətlərini “qurban” olaraq görürlər. Gürcüstan 2008-ci ildə bu tale ilə üzləşdi. Növbəti qurban isə Ermənistandır. KTMT-dən uzaqlaşan rəsmi İrəvan ABŞ hərbçilərini, o cümlədən, Avropa İttifaqının “müşahidə missiyası” adı altında Qərb ölkələrinin qüvvələrini bölgəyə cəlb edib. Buna paralel olaraq, Rusiya hərbçilərinin ölkədən çıxarılması prosesi həyata keçirilir. Rusiya sərhədçilərinin “Zvartnots” hava limanından çıxarılması bunun başlanğıcıdır. Məlumdur ki, növbəti mərhələdə onlar sərhəd bölgəsindən də çıxarılacaq, daha sonra isə Gümrüdəki 102-ci bazanın bağlanması gündəmə gələcək.
Ermənistanda möhkəmlənən ABŞ Gürcüstandakı mövqelərini də qorumağa və bu ölkədən bölgədə plasdarm kimi istifadə etmək imkanlarını saxlamağa çalışır. Bu ölkənin hakimiyyətinə qarşı aparılan “süngü siyasəti” də bundan qaynaqlanır. Bir tərəfdən rəsmi Tbilisiyə təzyiq edən Vaşinqton digər tərəfdən Gürcüstanda “rəngli inqilab” planının həyata keçirilməsi üzərində çalışır. Baltikyanı ölkələrdə Gürcüstana göndərilmək üçün xüsusi qrupların hazıranması da bu planın tərkib hissəsidir. Gürcüstan hakimiyyətinin apardığı mübarizənin əsas hədəfi də məhz budur: milli maraqlarını qorumaq və ölkəni plasdarm olmaqdan çıxarmaq;
Gürcüstanın ABŞ-ın regiona müdaxilə siyasətində plasdarma çevrilməsi rəsmi Tbilisi üçün təkcə daxili problemlər yaratmır, həm də qonşu ölkələrlə münasibətlərini də riskə atır. Rəsmi Tbilisi “marionetka” dövlət olmaq istəmir və müstəqilliyini qorumağa çalışır. Hərçənd, Vaşinqtonun niyyətindən əl çəkəcəyi ehtimalı azdır. Bu, həm də ABŞ-da keçiriləcək prezident seçkilərindən qaynaqlanır. ABŞ-da keçirilən seçkilər ərəfəsində Vaşinqtonun xarici siyasətdə müdaxilə cəhdlərinin intensivləşməsi adət halını alıb və bu gedişlər ya hakimiyyətə gələcək qüvvələrə dəstək, yaxud mövcud qüvvələrin hakmiyyətdə qalmasını təmin etmək məqsədi daşıyır. Hər iki halda zərbə başqa ölkələrə və xalqlara dəyir. Gürcüstan hakimiyyəti ölkəni və xalqı məhz bu zərbədən yayındırmaq uğrunda mübarizə aparır.