Ruben Vardanyanın Xankəndidəki iş otağından tapılmış “Naxçıvan atlası” bizə təqdim olunub və hazırda bu atlası təhlil edirik.
Bu barədə “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov məlumat verib.
O bildirib ki, bu atlası 2012-ci ildə Erməni Memarlıq Fondu nəşr edib, atlasda yer alan xəritələr başdan-ayağa saxtakarlıqlar üzərində qurulub:
“Atlasda iddia olunub ki, guya Naxçıvan daim erməni dövlətlərinin və knyazlıqlarının tərkibində əyalət olub. Bu xəritələr Azərbaycana qarşı ərazi iddialarıdır. Atlasda ilk xəritə guya yunan mütəfəkkiri Ptolemeyin II əsrdə yazdığı “Coğrafiya” əsəri əsasında tərtib olunub və orada “Böyük Ermənistan”dakı yer adları erməni toponimləri ilə verilib. Ancaq elmi ictimaiyyətə çoxdan məlumdur ki, Ptolemeyin “Coğrafiya” əsəri günümüzə gəlib çatmayıb, əsərin orijinalı IV əsrdə itib və yalnız 1000 il sonra versiyalarından biri tapılıb, iki dəfə də həmin versiya bir-birinə tam uyğun gəlməyən formada latın dilinə tərcümə olunub”.
Müqabil Bayramov onu da deyib ki, atlasda saxtalaşdırılmış bir sıra xəritələrdə Naxçıvan ərazisi heç bir əsas olmadan qırmızı xətlərlə işarələnib:
“Bu atlas Azərbaycana qarşı ərazi iddialarının guya tarixi legitimliyini saxtakarlıqlarla əsaslandırmaq üçün ucuz təbliğat materialıdır. Kartoqrafiya ciddi sahədir, onu siyasi oyunbazlığın alətinə çevirmək olmaz. Düşündürücüdür, Vardanyan Naxçıvanla niyə bu qədər maraqlanıb?! Görünür, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatı onun çox arzusunu ürəyində qoyub”.