“Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində addımlar atılır. Ötən həftə Ermənistan və Azərbaycanın sərhəd komissiyaları birgə fəaliyyətin əlaqələndirilməsi üzrə işləri başa çatdırıb və dövlətdaxili prosedurların icrasına başlayıblar”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında erməni jurnalist və bloger, sülh təşəbbüsləri ilə tanınan Natali Aleksanyan deyib.
Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan addımları şərh edən Aleksanyan, iki ölkənin yaxın zamanda sülh bağlayacağına əmin olduğunu qeyd edib:
“Bu, iki ölkə arasında sülhün bərqərar olması üçün çox mühüm addımdır. Amma ən mühüm şərt arzudur və Ermənistanın Azərbaycanla sülh münasibətləri qurmaq istəyi var. Şübhə etmirəm ki, Azərbaycanın da sülhsevər niyyətləri var, ona görə də ümid edirəm ki, dövlət komissiyalarının birgə işi daha bir müsbət nəticə verəcək və bundan sonra işlər artıq sübut edilmiş daxili dövlət mexanizmləri üzrə gedəcək”, - deyə N.Aleksanyan bildirib.
Sentyabrda yeni gərginlik gözlənilir?
Sərhəddə atəşkəsin pozulmasına toxunan Aleksanyan, sentyabr ayında gərginliyin yaşanmayacağına ümidvar olduğunu sözlərinə əlavə edib:
“Əslində, ən dramatik hadisələr məhz sentyabrda baş verib. Mən ümid edirəm ki, bu sentyabr dinc keçəcək və bunun ardınca sülh gələcək. Ermənistanın, ən azı, Azərbaycan ərazilərni işğal etmək arzusu və ya niyyəti yoxdur, ona görə də bu müharibənin necə olacağı barədə çox az təsəvvürüm var. Ümid edək ki, sentyabrların bu “ölümcül zənciri” sona çatar”, - deyə N.Aleksanyan əlavə edib.