• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Paşinyan Əliyevdən enerji istəyir: Bakı Rusiyadan qaçan İrəvanı "qaza gətirəcəkmi"

  • 23.09.2024, 09:00,
  • Siyasət
  • Baxılıb: 41
Paşinyan Əliyevdən enerji istəyir: Bakı Rusiyadan qaçan İrəvanı "qaza gətirəcəkmi"


Rəsmi Bakının Azərbaycana qarşı düşmənçilik mövqeyində israrlı olan, yekun sülh sazişini belə, imzalamaqdan müxtəlif bəhanələrlə yayınan Ermənistandan enerji marşrutları çəkəcəyinə yalnız sadəlövhlər inana bilər... Bu baxımdan, rəsmi İrəvanın Qərbin məkrli planlarından ən qısa zamanda uzaqlaşıb, Azərbaycanın geopolitik iradəsinə maksimum səviyyədə həssas yanaşması qaçılmaz xarakter daşıyır...

Cənubi Qafqazda yerləşməyə can atan ABŞ və Qərb hələlik öz hədəflərinə çatmaqda çətinlik çəkir. Xüsusilə də, ABŞ və Qərbin Cənubi Qafqaz planları Ermənistanda dalana dirənmiş kimi görünür. Hər halda, rəsmi İrəvan Qərb siyasi dairələrinin gözləntilərini qarşılamaq məsələsində ümidləri tam olaraq, doğrulda bilmir. Və bu, Qərb siyasi dairələrində olduqca ciddi narahatlığa yol açmağa başlayıb.

Məsələ ondadır ki, ABŞ və Qərb Cənubi Qafqaz planlarını böyük ölçüdə Ermənistan üzərindən qurub, reallaşdırmağa cəhd göstərir. Rəsmi İrəvan isə Qərb siyasi dairələrinin regional hədəflərini kifayət qədər qəliz geopolitik böhrana düçar edib. Ona görə də, hazırda ABŞ və Qərb Cənubi Qafqazda irəliyə doğru atdığı hər addımdan sonra iki addım da geriyə düşmək reallığı ilə üzləşir. Və belə bir situasiya Qərbin qətiyyən vərdişli olmadığı "geopolitik labirint" effekti yaradır.

Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərbin əsas hədəfi məhz Ermənistanı Rusiyadan tamamilə qoparmağa nail olmaqdan ibarətdir. Belə ki, buna nail olacağı təqdirdə, Qərb siyasi dairələri Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb, çıxarılması prosesində böyük irəliləyişlər əldə edə bilər. Çünki Rusiyanın Cənubi Qafqazda əsas yerləşmə mexanizmləri məhz Ermənistan ərazisinə bağlıdır. Digər iki region ölkəsində - Azərbaycanda və Gürcüstanda Rusiyanın təsir mexanizmləri artıq çoxdan öz əhəmiyyətini itirmiş kimi görünür. Və belə vəziyyətdə Rusiyanın Ermənistandan çıxarılması, həm də Kremlin bu regiondan bloklanmasına münbit şəraitin yaradılması anlamı daşıyır.

Ancaq ABŞ və Qərbin əsas problemlərindən biri ondan ibarətdir ki, Ermənistan bütün sahələr üzrə Rusiyadan tamamilə asılı vəziyyətdədir. Üstəlik, Ermənistanın Rusiyadan asılılığını qısa müddətdə aradan qaldırmaq demək olar ki, mümkün deyil. Belə ki, buna nail olmaq üçün həm onilliklərlə zamana, həm də onmilyardlarla dollar maliyyə vəsaitinə ehtiyac var. Halbuki, ABŞ və Qərb həm uzun müddət gözləmək niyyətində deyil, həm də Ermənistanın Rusiyadan qoparılmasına böyük məbləğdə maliyyə vəsaiti xərcləmək istəmir. Və hər şeyin qısa müddətdə, xərc tələb etmədən baş verməsinə cəhd göstərir.

Ona görə də, ABŞ və Qərb rəsmi İrəvandan ən qısa zamanda Ermənistanın KTMT-dan və Avrasiya İqtisadi İttifaqından çıxmasını, Rusiya ilə hərbi müttəfiqlik sazişinin pozulmasını tələb edir. Halbuki, iqtisadiyyatı tamamilə Rusiyaya bağlı Ermənistanın bu tələbin icrasına nail olması üçün Qərbin rəsmi İrəvana bütün digər sahələrlə yanaşı, maliyyə-iqtisadi cəhətdən də dəstək verməsi qaçılmaz xarakter daşıyır. Və hələlik Ermənistan Qərbdən analoji dəstəyi ala bilməyib.

Maraqlıdır ki, rəsmi İrəvan Ermənistanın Rusiyadan qoparılması layihəsini reallaşdırmaq üçün Qərbdən yaxın on il ərzində illik üç milyard dollar məbləğində maliyyə yardımı gözləyirdi. Ancaq bu ilin aprel ayında reallaşan Brüssel üçtərəfli təxribatında Paşinyan hakimiyyətinin bu gözləntisi Qərb siyasi dairələri tərəfindən qarşılanmadı. Yəni, Ermənistana ABŞ 65 milyon dollar, Avropa Birliyi isə yaxın beş il üçün ümumilikdə 250 milyon avro məbləğində maliyyə vəsaiti ayırdı. Ermənistanın hərbi ehtiyaclarına ayrılmış digər məbləğlər də ümumi hesablamada Paşinyan hakimiyyətinə radikal qərarlar üçün manevr imkanları vəd etmir.

Təbii ki, belə situasiyada 15 milyard dollara yaxın xarici dövlət borcu olan Ermənistan kimi kiçik bir dövlətin Rusiyadan uzaqlaşma siyasətini birmənalı addımlara bağlamaq şansı ola bilməz. Çünki Kremlin iqtisadi və enerji sanksiyaları Ermənistan iqtisadiyyatını ümumiyyətlə, çökdürməklə yanaşı, həm də dərin daxili xaosa yol aça biləcək sosial böhran törədər. Rusiyanın sadəcə, təbii qaz nəqlini dayandırması və ya enerji resurslarının qiymətini dünya bazarlarına uyğunlaşdırması Ermənistanda ən müasir silahlarla zərbədən daha ağır nəticələr doğura bilər.

Maraqlıdır ki, bütün bunlara baxmayaraq, rəsmi İrəvan hələ də Ermənistanın Rusiyadan uzaqlaşdırılması layihəsinə sadiq olduğunu nümayiş etdirməyə çalışır. Hətta Paşinyan hakimiyyəti Ermənistanın Rusiya enerji resurslarından asılılığını aradan qaldırmaq üçün alternativ qaynaqlar axtarışında olduğunu da sezdirir. Üstəlik, Ermənistan üçün alternativ enerji qaynağı olaraq, Azərbaycan ümid bəslədiyini də biruzə verir. Və bu, hazırda həm absurd, həm də reallıqdan çox uzaq yanaşma tərzi olduğu qətiyyən şübhə doğurmur.

Baş nazir Nikol Paşinyan Azərbaycan enerji marşrutlarının Ermənistan üzərindən keçirilməsi ilə bağlı təklif irəli sürüb. Eyni zamanda, erməni baş nazir Ermənistan parlamentinin spikeri Alen Simonyandan sonra Azərbaycandan təbii qaz idxalında maraqlı olduqlarını da təkrarlayıb. Onun fikrincə, hər bir ölkə enerji təhlükəsizliyi barədə düşünməlidir və alternativ qaynaqlara çıxış imkanları qazanmağa çalışmalıdır. Və bu, onu göstərir ki, rəsmi İrəvan yaxın gələcəkdə Ermənistanın Rusiya enerji resurslarından asılılığını aradan qaldırmaq üçün variantlar axtarır.

Belə variantın tapılması rəsmi İrəvana Qərbin istəyinə uyğun olaraq, Kremllə bağların qoparılmasında müəyyən manevr imkanları aça bilər. Digər variantlar olmadığından hazırda Rusiyaya alternativ enerji qaynağı rolunda isə yalnız Azərbaycan ola bilər. Ona görə də, rəsmi İrəvan Azərbaycan enerji resurslarına ümid bəsləməyə başlayıb.

Halbuki, rəsmi Bakının Azərbaycana düşmənçilik mövqeyində israrlı olan, yekun sülh sazişini belə, imzalamaqdan müxtəlif bəhanələrlə yayınan Ermənistandan enerji marşrutları çəkəcəyinə yalnız sadəlövhlər inana bilər. Və bu baxımdan, rəsmi İrəvanın Qərbin məkrli planlarından ən qısa zamanda uzaqlaşıb, Azərbaycanın geopolitik iradəsinə maksimum səviyyədə həssas yanaşması qaçılmaz xarakter daşıyır.(Yeni Müsavat)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 029
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 718
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter