"2021-ci ilin oktyabr ayının 21-də "Zəngilan", oktyabrın 25-də "Qubadlı" sərhəd dəstələrində, 2019-cu ilin fevral ayının 28-də "Naxçıvan", 2023-cü ilin avqust ayının 7-də isə "Qazax" əlahiddə sərhəd diviziyaları inşa edildi, qarnizon kompleksləri əsaslı təmir edilərək xidməti istifadəyə verildi.
2017-ci ilin iyun ayının 5-də Dövlət Sərhəd Xidmətinin tərkibində Sərhəd Qoşunları Komandanlığı və digər 3 silahlı birləşmənin yaradılması barədə qərar verilməsi Azərbaycan Sərhəd Mühafizəsinin tarixində ən yeni mərhələnin başlanğıcı kimi xarakterizə oluna bilər".
Musavat.com xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunları komandanı general-leytenant Araz Məmmədov "Şəmkir" Sərhəd Dəstəsində keçirilən brifinq zamanı deyib.
O bildirib ki, 2017-ci ildə Ali Baş Komandan İlham Əliyev Azərbaycanın sərhəd mühafizəsinin potensialını nəzərə alaraq, Qazax-Ağstafa rayonları ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədinin mühafizəsini sərhədçilərə həvalə edib.
"Ermənistanla dövlət sərhədi tərəfimizdən mühafizəyə götürüldükdən qısa müddət sonra Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının "Qazax" əlahiddə sərhəd diviziyası formalaşdırıldı, bilavasitə düşmənlə təmas xəttində sərhəd-döyüş məntəqələri, "Qazax" əlahiddə sərhəd diviziyasının qərargah kompleksi də daxil olmaqla, 5 hərbi hissə kompleksi tikilərək istifadəyə verildi.
Xüsusi əməliyyatlar nəticəsində döyüş mövqelərinin dövlət sərhəd xəttinə daha yaxın yerləşdirilməsinə, həmsərhəd ərazinin böyük bir hissəsinin nəzarətdə saxlanılmasına nail olunmaqla düşmənin yerli sakinlərə qarşı təxribat törətmək imkanlarının qarşısı alındı.
Bildiyiniz kimi, ölkəmiz quruda 5 ölkə – Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə və İranla həmsərhəddir. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Komandanlığı dövlət sərhədinin 3 sərhəd diviziyasının, 10 hərbi hissənin qüvvə və vasitələri hesabına müdafiə və mühazifəsini təmin edir", - Araz Məmmədov qeyd edib.