Xırda-para məsələləri böyüdüb qlobal problemə çevrimək lazım deyil.
Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deputat Səyyad Salahlının çıxışına reaksiya verərkən deyib.
“Səyyad müəllim, siz deyirsiniz ki, hamısı xırda-para məsələlərdir. Amma xırda-para məsələlər haqqında xırda-para kimi danışmaq lazımdır. Onu böyük bir qlobal problemə çevirmək lazım deyil.
Hörmətli Səyyad müəllim, sizin sözünüzdən mən elə başa düşdüm ki, siz elə bilirsiniz, mən burada heç kimi danışmağa qoymuram. Xeyr! Burada oturan mənim çox hörmətli həmkarlarım var. Ən azı keçən 5 ildə çox yaxşı bilirlər ki, mən heç kimin sözünü heç vaxt kəsmirəm. Əgər kəsirəmsə, mən üzr istəyirəm. Tərbiyəm belədir. Burada suallarınıza elə özünüz cavab verdiniz. Çox zaman insanların özləri fəal olmalıdır. Bunu burada biz müzakirə edəndə hökumətin, dövlətin etdiyi işlər haqqında danışmaq lazımdır. Biz xalqı təmsil edirik. Burada isə bəziləri çıxış edəndə elə çıxış edirlər ki, guya onların seçiciləri bu gün bu ölkəyə qarşıdır.
Görülən işlər haqqında danışılmır. Bu qədər işlər görülür. Əlbəttə çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Deputat bunu elə formada çatdırsın ki, camaata da çalxalanma salmasınlar. Siz dünən deyirsiniz ki, bəzi hökumət üzvləri elə edir ki, elə bil, qəsdən edirlər bəzi şeyləri, düzgün etmirlər. Bu kim üçün deyilir?! Hansı tərəflərin sözüdür bu? Ona görə də hər bir sözün arxasında ya faktlar durmalıdır, ya da dərin bir məntiq olmalıdır.
Bunu tək sizə demirəm. Bu dəqiqə bunu hamıya deyirəm. Bu sahədə çox böyük işlər görülür. Hesabatlar var, onlara baxın. Dəfələrlə nazir gəlib burada çıxış edib, suallara cavab verib. Yenə də heyvanlardan danışırlar. Yenə də deyirlər, sağlam heyvanlar verilmir. Kimsə deyir ki, kiminsə gedib soyuducusunu yoxlayırlar, qazanını yoxlayırlar. Xahiş edirəm danışanda fikir verin".