Nazir: “Gələn il Azərbaycanda 130 minə yaxın şəxsin işə düzəlməsi təmin olunacaq”
- 17.10.2019, 11:49,
- Sosial
Baxılıb: 114
Facebook
Вконтакте
Одноклассники
Google+
“Özünüməşğulluq layihələri ilə bağlı Dünya Bankı ilə danışıqlar yekun mərhələdədir. Bu ilin sonunadək hökumətə kredit sazişi layihəsi təqdim olunacaq. Növbəti ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə tutulur”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev oktyabrın 15-də Prezident İlham Əliyevin yanında iqtisadi müşavirədə çıxışı zamanı deyib.
“Dünya Bankının prosedurlarını nəzərə alsaq, real aktivlərin alınması mərhələsinə ilin sonunda çatacağıq. Ona görə də növbəti il Dünya Bankının payını 1000-2000 ailə olaraq qiymətləndiririk. Amma ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə Dünya Bankı tərəfindən maliyyələşdiriləcək. Eyni zamanda, bu xərclərin strukturunda məşğulluq layihələri üzrə müxtəlif aktiv məşğulluq tədbirlərinin təşkili nəzərdə tutulub. Bu ildə planımız yüz min nəfərin işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə çatdırılacaq”- deyə nazir bildirib.
S.Babayev əlavə edib ki, haqqı ödənilən ictimai işlər proqramının davam etdirilməsi nəzərdə tutulub: “Eyni zamanda, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlər proqramı da davam etdiriləcək. Dünya Bankı ilə yanaşı, BMT İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində işlərin davam etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər BMT İnkişaf Proqramının xətti ilə maliyyələşdiriləcək”.
O vurğulayıb ki, BMT İnkişaf Proqramı layihənin icrasına nəzarəti təmin edir: “Bizim üçün də çox gözəl təcrübədir ki, ən müsbət beynəlxalq təcrübəni gətirərək bu layihəni müxtəlif rayonlarda icra edirlər. Biz də onların müsbət təcrübəsini digər rayonlarda özümüz tətbiq edirik. Peşə hazırlığı üzrə gələn ilin proqnozu 5 min nəfəri əhatə edəcək. Bizim mövcud peşə mərkəzlərimizdən əlavə iki peşə mərkəzinin tikintisi də buraya daxildir. Orta məktəblərin son siniflərinin şagirdləri üçün peşəyönümü məsləhətləri proqramlarının genişləndirilməsi və 150 min şagirdi əhatə etməsi nəzərdə tutulub.
Ümumilikdə, İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun xərcləri çərçivəsində DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi də nəzərdə tutulub. Bu il əlavə iki mərkəzin açılması və növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə başlaması, həmçinin onların saxlanma xərcləri də məhz Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına qarşılanacaq. Bu da imkan verəcək ki, dövlət büdcəsinə əlavə yük yaratmadan ümumilikdə idarəetmə xərclərinin optimallaşmasına nail olaq”.