Yanvarın 18-də Ukraynanın Vinnitsa bölgəsinin Nemirovski rayonundakı "Xutor" sənaye müəssisəsində qeydə alınan toyuq ölümü bütün Avropa və MDB ölkələrini narahat etdi.
Laboratoriya müayinələrinin köməyi ilə xəstəliyə son 3 ildə eşidilməyən quş qripi (tip A, tip H5) diaqnozu qoyuldu. Xutordan əlavə, Kolosok JLLC və Nemirov-Podolia MMC şirkətlərinin təsərrüfatları da karantinə alındı. Nemirovski rayonunda 3 km radiusda 9 yaşayış məntəqəsində mühafizə zonası, və eyni bölgənin 23 yaşayış məntəqəsində nəzarət zonası yaradıldı.
Vinnitsa bölgəsinin Dövlət Qida və İstehlak Xidmətinin məlumatına görə, epizootik ərazidə 116 min quş var. Yanvarın 21-ə olan məlumata görə, 22 min quş məhv edilib və sonrakı günlərdə bu rəqəm 108 minə-ə çatıb.
Qeyd olunur ki, 2020-ci ilin əvvəlinə olan məlumata görə, Ukraynadakı müəssisə və ev təsərrüfatlarında təxminən 220 milyon quş saxlanılır.
Heyvanların Sağlamlığının Qorunması Ümumdünya Təşkilatının hesabatına görə, Ukraynada quş qripinin işartıları zamanı 4 min 856 toyuq tələf olub. Avropa Birliyi Ukraynadan quş əti, quş əti məhsulları və termal işlənməmiş quş məhsulları idxalını dayandıracağını bildirib. Qeyd edək ki, yumurta və yumurta məhsullarına isə məhdudiyyətlər qoyulmayıb.
Vacib məqamı nəzərinizə çatdıraq ki, dünyada quş qripinin başlaması ilə yanaşı, ilk dəfə Çində aşkar olunan naməlum koronavirus qurbanlarının sayı artır və bu cür təhlükələrdən qorunmağın yolları məsələsi aktuallaşır.
Əsas problem odur ki, hazırda Ukrayna tədarükçüləri çox sayda toyuq əti toplayıblar ki, bu da digər ölkələr üçün təhlükəli ola bilər. Vicdanlı şirkətlər heç kimə zərər verməmək üçün mallarını məhv edirlər, lakin bununla yanaşı fırıldaqçıları, vicdansız iş adamlarını unutmaq olmaz. Onlar zərərləri azaltmaq və qripə yoluxmuş quş və quş əti məhsullarını digər ölkələrə ucuz sataraq, bundan qazanc əldə etməyə hazırdırlar. "Qurban ölkələr" arasında Azərbaycan da ola bilər.
Bəzi mağazalarımızın rəflərində tez-tez cəlbedici qiymətə toyuq və toyuq əti görə bilərsiniz. Adətən insanlar belə ucuz məhsulların üzərində müvafiq təhlükəsizlik sertifikatlarının olub-olmamasına baxmırlar.
Buna görə də, quş əti alarkən riskləri azaltmaq üçün sadə qaydaları bilmək çox əhəmiyyətlidir:
- Quş ətini yalnız rəsmi bazarlardan, supermarketlərdən almaq lazımdır. Ticarət üçün nəzərdə tutulmamış və pərakəndə satış yerlərindən almaq olmaz.
- Normal toyuq əti solğun sarı rəngli piyə və açıq çəhrayı rəngə malik olur.
- İlkin termik emalsız quş ətindən istifadə etməyin. Virus yalnız 70+ dərəcədə məhv olur.
- Yalnız sizə yaxşı tanış olan və etibar etdiyiniz şirkətlərin məhsullarını alın.
- İstifadədən əvvəl yumurtaları qaynayan suda mümkün qədər çox saxlamaq lazımdır. Qaynar suya qoymazdan əvvəl isə yumurtaları sabunla yuyun.
- Çiy yumurtalar əsasında xəmirin hazırlamasından çəkinin.