Bu gün Azərbaycanda Bilik günü qeyd olunur.
Sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır.
2023/2024-cü tədris ilində orta məktəblərdə 1 milyon 612 min 294 şagird təhsil alacaq.
Eyni zamanda, 135 000 uşaq birinci sinfə gedəcək, 80 273 uşaq isə məktəbəhazırlıq qruplarında tədrisə cəlb olunacaq. Bundan başqa, 114 484 uşaq məktəbəqədər təhsil müəssisəsinə (uşaq bağçası) gedəcək.
Həmçinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ümumilikdə 481 131 şagird təhsil alacaq. BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin I sinfində 40 500, IX sinfində 41 016, X sinfində 31 300, XI sinfində 26 887, XII sinfində 130 şagirdin təhsil alacağı proqnozlaşdırılır.
Yeni tədris ilinin daha bir yeniliyi bütün məktəblərdə vahid məktəbli formasının tətbiqidir.
Yeni tədris ilində ümumi təhsil müəssisələrində ilk dərs “Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur” mövzusuna həsr olunacaq.
Bundan başqa, işğaldan azad olunan ərazilərimizdəki məktəblərdə yeni tədris ilində ilk zəng çalınacaq. Bura Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi, Tərtər rayonu Talış kənd tam orta məktəbi, Füzuli şəhər 1 nömrəli tam orta məktəb və Laçın şəhər 2 nömrəli tam orta məktəbi aiddir. Həmin məktəblərdə sentyabrın 15-də Bilik günü ilə əlaqəli dərslər keçiriləcək.
Qeyd edək ki, 2023-2024-cü tədris ili iyunun 14-də başa çatacaq.