Azərbaycan Respublikasının Təhsil İnstitutu COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.
"Ölkə.Az" xəbər verir ki, beynəlxalq təşkilatların tövsiyələri, digər ölkələrin təcrübələri və təhsil sisteminin müxtəlif göstəricilərinin təhlilinə əsaslanaraq Təhsil İnstitutu növbəti tədris ili ilə bağlı iki ssenari təklif edir.
1-ci ssenari tədrisin məsafədən təşkilini nəzərdə tutur. Belə ki, təhsil müəssisələrinin fəaliyyəti ənənəvi qaydada bərpa olunmur, 2020-ci ilin mart-iyun aylarında Respublikanın təhsil müəssisələrində tətbiq edilən yanaşma davam etdirilir və tədris prosesi məsafədən həyata keçirilir.
2-ci ssenari tədrisin qarışıq (onlayn və sinif otağında) modelinin tətbiqini tutur. Burada məktəblər xüsusi şərtlər və differensial yanaşma tətbiq edilməklə mərhələli şəkildə açılır, məzmunun bir hissəsi məsafədən tədris edilir. Daxili sanitar-epidemioloji qaydalara ciddi nəzarət edilir və açılan məktəblərdə epidemioloji nəzarət, hərarət yoxlama, izolyasiya və s. kimi tədbirlərin həyata keçirilməsi tövsiyə edilir.
Yoluxma risklərinin minimuma endirilməsi üçün məktəb günlərinin sayının, dərs saatlarının miqdarının və sinif sıxlığının azaldılması kimi tədbirlərin nəzərdən keçirilməsi qeyd edilir. O cümlədən, tənəffüs fasilələrinin müddəti uzadılaraq şagirdlərin açıq havada daha çox vaxt keçirməsi məqsədəuyğun hesab edilir. Yoluxma halları müvafiq qurumlarla əlaqələndirilmiş şəkildə nəzarətə götürülməklə təhsil alanlar kiçik qruplarda tədrisə cəlb edilməsi də tövsiyələr arasındadır.
Bu ssenariyə əsasən məktəblərin fəaliyyətinin qismən bərpa olunması və ənənəvi tədris prosesinə dönüşün mərhələli şəkildə planlaşdırılması tövsiyə edilir. Məqalədə məktəblərin qismən də olsa açılmasının yoluxma hallarının sayının artımına və məhdudiyyətlərin yenidən tətbiqinə gətirib çıxara bilməsi bu ssenarinin əsas riskləri kimi qeyd olunur.
Təhsil Nazirliyi tərəfindən Teledərslər və Virtual Məktəb layihələrinin davam etdirilməsi məqsədəuyğun fəaliyyət olaraq vurğulanır. Belə ki, 11 mart 2020-ci il tarixindən etibarən ölkənin iki telekanalında əksər fənlər üzrə dərslərin yayımına başlanılan teledərslər qısa müddət ərzində təhsilalanlar üçün faydalı vasitəyə çevrilib.
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ayrı-ayrı təhsil pilləri üzrə təklif edilən modellər mövcud yerli vəziyyəti təhlil etməklə və təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması ilə bağlı beynəlxalq təcrübəni qiymətləndirməklə yuxarıda qeyd edilən 2 ssenari üzrə təhsil müəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir:
Məktəbəqədər təhsil:
Uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.
Məktəbəhazırlıq qruplarında (ümumi təhsil müəssisələrində) tədrisin təşkili.
Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sırasında qeyd olunur.
İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10,000-ə qədər uşaq cəlb edilib.
Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.
Ümumi təhsil:
COVID-19 pandemiyası ilə əlaqədar olaraq ümumi təhsil müəssisələrində tədrisin ənənəvi qaydada (tədris planlarına) uyğun təşkil edilməsi mümkün hesab edilmir. Ümumi təhsil müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilərsə, bu halda yalnız uyğunlaşdırılmış tədris planlarının tətbiqi mümkündür.
Tədrisin təşkili müxtəlif təhsil pillələrinin xüsusiyyətlərindən və təhsil müəssisələrinin fəaliyyətinin epidemioloji vəziyyətə mümkün təsirləri nəzərə alınmaqla həyata keçirilə bilər.
Təhsil Nazirliyi tərəfindən bütün fənlər və siniflər üzrə teledərslər və Virtual Məktəb layihəsinin davam etdirilməsi nəzərdə tutulmalıdır.
Müəssisələrin fəaliyyəti bərpa olunduğu təqdirdə ölkədə mövcud olan “sarı” və “narıncı” zonalara uyğun olaraq müvafiq tədris planlarının tətbiqi tövsiyə edilir. Bu halda fənlərin bir qismi sinif otaqlarında, digər bir qismi isə onlayn qaydada tədris edilə bilər. Sıxlığın idarə edilməsi məqsədilə sinif üzrə şagird sayı 20 nəfərdən çox olduqda sinfin yarımqruplara bölünməsi məqsədəuyğun hesab edilir.
Həm müəllimlərin, həm də şagirdlərin məktəb binasına daxil olarkən hərarətinin ölçülməsi, tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi, mütəmadi olaraq dezinfeksiya işlərinin görülməsi və digər sanitar-gigiyena standartlarının aidiyyəti qurumlarla razılaşdırıldıqdan sonra tətbiqi nəzərdə tutulmalıdır.
Yuxarı siniflərdə məktəbdə təşkil edilən dərs saatları, əsasən, tapşırıqların həlli, əlavə izahların verilməsi, şagirdlərə dəstək göstərilməsi məqsədi daşımalıdır. Bu saatlar müddətində həmçinin qiymətləndirmənin təşkili də nəzərdə tutula bilər.
Epidemioloji vəziyyət kəskin pisləşdiyi halda sərtləşdirilmiş karantin tədbirləri tətbiq edilərsə, təhsil müəssisələrinin fəaliyyəti tamamilə dayandırılmalıdır.
Özəl ümumi təhsil müəssisələrinin fəaliyyəti
“Sarı” zonalarda özəl məktəblərin fəaliyyəti Təhsil Nazirliyi tərəfindən müəyyən edilən nümunəvi tədris planlarına uyğun həyata keçirilməlidir. Bu zonalarda uşaqların qidalanması və digər tədbirlərin həyata keçirilməsinə icazə verilə bilər.
“Narıncı” zonalarda uyğunlaşdırılmış tədris planına uyğun tədrisin təşkilinə icazə verilsə də, qidalanma, dərsdənkənar fəaliyyət və digər fəaliyyət növlərinə icazə verilməsi məqsədəuyğun hesab edilmir.
Peşə təhsili
Tədris məzmunu məsafədən (Virtual Məktəb və teledərslər vasitəsilə) çatdırılması, bacarıq və təcrübələrin formalaşmasını tələb edən məşğələlər müvafiq şərtlərə əməl edilməklə, ənənəvi formada təhsil müəssisələrində baş tutması tövsiyə edilir.
Ali və orta ixtisas təhsili
Ali və orta ixtisas təhsili alan tələbələrin yüksək hərəkətlilik və yoluxma risklərini nəzərə alaraq, tədris prosesi bu təhsil pilləsində distant formada davam etdirilməsi təklif olunur. Distant təhsil formasına dair tədris vəsaitləri və resurslar mövcud proqramlara uyğun olaraq hazırlanması tövsiyə edilir.
Azərbaycan Respublikasının Təhsil İnstitutunun təqdim etdiyi məqalənin tam mətni ilə burada tanış ola bilərsiniz.