Mənim baldan şirin ana dilim Azərbaycan dili Türk dilləri ailəsinin Oğuz dil qrupuna daxildir. Azərbaycan dili çox zəngin, gözəl, qulağa xoş gələn musiqi dilidir. Başqa dillərə mənsub olan insanlar dilimizi başa düşməsə də, bu dilin çox avazlı, xoş ahəngli olmasını həmişə vurğulayıblar. Hətta rus yazıçısı və tərcüməçisi Aleksandr Bestujev- Marlinski söyləmişdir ki, Azərbaycan dilini bilən şəxslər Qafqazı, həmçinin Asiya qitəsinin bir çox ərazilərini rahat gəzə bilər. Həqiqətən də, bir zamanlar Azərbaycan dili regionda çox işlək dil olmuşdur.
Ana dilimiz tarixən süni maneələrlə də qarşılaşmışdır. Bu keşməkeşli tariximizdə dilimizə, onun inkişafina mane olmağa çalışdılar. Hətta XX əsrin 30-cu illərində dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hələ müstəqil olmadığımız dövrlərdə Ulu Öndərimiz Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Müstəqilliyimizi əldə etdikdən bir müddət sonra- 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır.
Hal-hazırda avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu da Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu əlamətdar gün onun 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib. Həmin ildə həm də latın əlifbasına keçid olmuşdur.
Bu çətin yolda biz ana dilimizin saflığını qoruyub saxlaya bilmişik. Amma bəzən biz cəmiyyətdə elə hallar ilə qarşılaşırıq ki, bu qəbuledilməzdir. Xarici dil bilmək yaxşı haldır, amma hər bir azərbaycanlı ilk olaraq öz ana dilini bilməlidir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi :“Öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz”.
Hər bir azərbaycanlı öz dilini sevməli, qorumalı və gələcək nəsillərə bu ənənəni ötürməlidir.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnar Cəbiyeva