Antiterror tədbirləri tariximizin qürur duyulası səhifəsidir
- 16.09.2024, 11:06,
- ---
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vuruldu. Azərbaycan ordusu qarşısında cəmi 23 saatdan bir az artıq dayanmağa güc tapan düşmən ağır itkilər verərək təslim olmağa məcbur edildi. Bununla da Qarabağda erməni separatizminə son qoyuldu. Məsələ burasındadır ki, Ermənistan tərəfi bütün imkanları ilə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə məhəl qoymur və götürdüyü öhdəlikləri icra erməkdən imtina edirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” öhdəliyi icra edilməmiş olaraq qalırdı. Öhdəliklərin icrası ilə Azərbaycanın haqlı tələbləri davamlı şəkildə rəsmi İrəvan tərəfindən cavabsız qalırdı. Onlar düşünürdülər ki, bu şəkildə vaxt udmaqla status-kvonu saxlaya və gələcəkdə revanşist iddilarını gerçəkləşdirə biləcəklər.
“Fərrux”, “Qisas” və bu kimi digər hərbi əməliyyatlardan dərs çıxarmayan düşmən və onu hər vəchlə himayə edən qüvvələr biraz da dərinə gedərək humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolunun imkanlarından öz çirkin məqsədləri naminə yararlanaraq silah-sursatların daşınmasını həyata keçirirdilər. Ən acınacaqlı hal isə ondan ibarət idi ki, bu təxribatlar ərazilərimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin gözləri önündə, hətta birbaşa müşayiəti altında açıq şəkildə aparılırdı. Odur ki, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi. Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbir kasasını daşırdı. Lokal xarakterli antiterror tədbirlərinin keçirilməsi ilə bağlı qərar verildi və bu tədbirlər öz real nəticəsini verdi.
Azad Şuşada dağlalanan üçrəngli bayrağımız, azad olunmuş ərazilərimizdəki bərpa-quruculuq prosesi, məcburi köçkünlərin doğma yurd-yuvalarına dönüşü bu günləri bizə yaşadan Milli Odumuza və onun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə xalq məhəbbətini və inamını gündən-günə artırır.
Vüqar Muradov-YAP Sabunçu rayon təşkilatının fəal üzvü, Vətən müharibəsi qazisi