Azərbaycanda sosial rifahın yaxşılaşdırılması üçün tədbirlər görülür
- 28.09.2024, 11:55,
- ---
Baxılıb: 64
Facebook
Вконтакте
Одноклассники
Google+

Preztident İlham Əliyevin əsas tələbi, qarşıya qoyduğu vəzifə iqtisadi və sosial islahatların paralel aparılmasıdır. Son 21 ilin sosial-iqtisadi göstəricilərinə diqqət yetirək. 2003-cü ildə ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır. Bu, 20 ildə iqtisadiyyatımızın inkişafının əsas göstəricisidir. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,7 milyard dollardır. Bu, bizə iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir. Aparılan siyasət nəticəsində birbaşa xarici borcumuz 6,4 milyard dollara düşüb. Bu da ümumi daxili məhsulumuzun cəmi 9 faizini, ondan da az təşkil edir. 2003-cü ildə minimum əməkhaqqı 9 manat idi. İndi 345 manatdır. Cənab İlham Əliyev bildirir ki, əlbəttə, bu da yetərli deyil. Ancaq dinamika var və dinamika davam edəcək. Minimum pensiya 2003-cü ildə 20 manat idi. Bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Statistikaya nəzər salaq. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 310 milyard dollardır ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılır. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi də ifadə edir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcək.
Beləliklə, göstərilən rəqəmlər bir daha Azərbaycanın güclü iqtisadiyyata malik olduğunu təsdiqləyir, ölkədə iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsindən, həmçinin neft-qaz sektorundan asılılığın azaldılmasından xəbər verir. 2003-cü ildən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyevin çevik, qətiyyətli və düzgün qərarlar qəbul etməsinin məntiqi nəticəsidir ki, ölkəmiz artıq son 20 ildə hər bir çətinlikdən uğurla, az itki ilə çıxmağa nail olur və bundan sonra da Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qarşıya qoyulan bütün vəzifələri uğurla yerinə yetirəcəkdir. Çünki hər bir ölkənin inkişafında, hədəflərə uğurla nail olunmasında əsas amil iqtisadiyyatın yüksək olmasıdır.
Nəcibə Hüseynova-Sabunçu rayon Mərkəzləşmiş Kitabxana sisteminin direktoru
