• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

İsrafil Məmmədov: Müstəqilliyin xilasından tarixi Zəfərə uzanan yol

  • 11.06.2026, 21:23,
  • ---
  • Baxılıb: 3
İsrafil Məmmədov: Müstəqilliyin xilasından tarixi Zəfərə uzanan yol


AzMİU-nun Təsərrüfat işləri üzrə prorektoru,
İsrafil Məmmədov


Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində elə hadisələr var ki, onlar sadəcə təqvim dəyişikliyi deyil, xalqımızın varlıq və yoxluq sərhədindəki həlledici dönüş nöqtəsidir. 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı məhz belə bir tarixi, siyasi və sosioloji katarsis anıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.

Azərbaycan 1991-ci ildə müstəqilliyini bəyan etsə də, dövlət institutlarının zəifliyi və idarəetmə səriştəsizliyi ölkəni uçurumun kənarına gətirmişdi. Əslində, problemlərin kökü daha dərində idi – Ulu Öndər Heydər Əliyevin 1987-ci ildə SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələrdən getməsindən sonra Azərbaycan dərhal və məqsədli şəkildə uçuruma sürüklənmişdi: Onun siyasi hakimiyyətdən uzaqlaşması respublikanı xarici təzyiqlər qarşısında sipərsiz qoymuş və erməni separatizminin alovlanmasına rəvac vermişdi. Həm müstəqillik ərəfəsində və dövlət müstəqilliyinin formal bərpası mərhələsində hakimiyyətdə olan keçmiş kommunist rejimi, həm də 1992-ci ilin iyununda iqtidara gəlmiş qüvvələr cəmi bir il ərzində ölkəni tam xaos müstəvisinə sürüklədilər. Belə ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənir, torpaqlarımız ard-arda işğal olunurdu. Həm daxili satqınlıqlar, həm də xarici dairələrin geopolitik maraqları ölkəni zəiflədir və məğlubiyyətə uğradırdı. Dövlət idarəçiliyində xaos mütləq həddə çatmışdı. Ordu ayrı-ayrı siyasi qruplaşmaların əlində oyuncağa çevrilmişdi. 1993-cü ilin iyununda Gəncədə baş verən qardaş qırğını və daxili hakimiyyət çəkişməsi ölkəni vətəndaş müharibəsinin və parçalanmanın astanasına gətirmişdi.

Ulu Öndər sonralar həmin vəziyyəti belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.

Belə bir ağır məqamda dövlətin xilası üçün sıravi bir idarəçiyə deyil, xalqı arxasınca apara biləcək, qlobal miqyaslı siyasi təfəkkürə və polad iradəyə malik nüfuzlu bir siyasi liderə, əsl dövlət xadiminə fundamental ehtiyac duyulurdu. Xalq yeganə xilas yolunu Naxçıvanda blokada şəraitində muxtar respublika Ali Məclisinin Sədri kimi böyük dövlətçilik möcüzəsi yaradan Heydər Əliyevdə görürdü. Hələ 1992-ci ilin oktyabrın 24-də yeni siyasi partiya yaratmaq üçün müraciət edən 91 nəfər ziyalının çağırışına müsbət cavab verən Ulu Öndər ölkənin qarşısında dayanan əsas taleyüklü vəzifələri düzgün müəyyənləşdirmiş və noyabrın 21-də Naxçıvanda təsis olunan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə də məhz həmin vəzifələrin təxirə salınmadan həll olunmasında iştirak etmək məqsədi ilə razılıq vermişdi.

Azərbaycanın dövlət müstəqilliyinin məhv olma təhlükəsinin bir addımlığında qaldığı anda, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Ulu Öndər Heydər Əliyev öz tarixi çıxışında üzərinə götürdüyü missiyanın ağırlığını və 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti irsinə sadiqliyini bəyan etdi: “Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”.

Ulu Öndər hakimiyyətə qayıtdığı ilk gündən etibarən hər zaman andına sadiq oldu. O, xalq qarşısında verdiyi ilk vədini tam yerinə yetirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”. Heydər Əliyev öz uca şəxsiyyəti və cahanşümul siyasi liderliyi ilə parçalanmış cəmiyyəti ortaq dövlətçilik ideologiyası olan Azərbaycançılıq məfkurəsi ətrafında birləşdirən sarsılmaz bir həmrəylik simvoluna çevrildi. Bu baxımdan Milli Qurtuluş sadəcə emosional bir qayıdış deyil, Azərbaycanın hüquqi, iqtisadi və siyasi sisteminin – müstəqil dövlətçiliyin sıfırdan, yenidən qurulması prosesi idi. Ulu Öndərin liderliyi ilə həyata keçirilən təxirəsalınmaz tədbirlər müasir dövlətimizin sütunlarını ucaltdı: ölkəni içəridən gəmirən, dövlət reketliyinə əsaslanan qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə tamamilə son qoyuldu. Silahlı qüvvələr tək bir mərkəzə – dövlətə və ali qanunlara tabe edildi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlament seçkiləri keçirildi və ümumxalq səsverməsi yolu ilə ilk Konstitusiyası qəbul edildi. Bu, çoxpartiyalı sistemin, demokratik təsisatların və hüquqi islahatların rəsmi startı idi.

Ölkədə daxili sabitlik təmin olunduqdan sonra Azərbaycanın beynəlxalq əlaqələri yenidən formalaşdırıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə ölkənin dünya birliyinə, qlobal iqtisadi sistemə inteqrasiyası prosesi başlandı. Bu iqtisadi və diplomatik diversifikasiya müasir Azərbaycanın suverenliyinin iqtisadi qarantına çevrildi.

Bu günkü Azərbaycanın və Cənubi Qafqazın reallıqlarından baxdıqda, Milli Qurtuluş Gününü sadəcə 1993-cü ilin gərgin dinamikası çərçivəsində qiymətləndirmək böyük bir tarixi yanlışlıq olardı. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətin olimpinə qayıdışı fəlakət və ümidsizlik, cəmiyyətdəki xaos və siyasi idarəçilikdəki anarxiya mərhələsinin sonu, 2020-ci ildə qazanılan tarixi Zəfərə aparan yolun başlanğıcı idi.

2003-cü ilin oktyabrında artıq bünövrəsi möhkəm qurulub, zəruri əsasları tam formalaşdırılmış dövlətin rəhbərliyində estafeti xalqdan aldığı mandatla qürurla qəbul edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev əvvəlcə Ulu Öndərin yaratdığı milli dövlətçiliyimizi müasir dövrün tələblərinə, sürətlə yeniləşən siyasi zamanın çağırışlarına adekvat inkişaf etdirdi. Heydər Əliyevin neft strategiyası özülündə rəqəmsal insan kapitalına yönəldilən investisiyalar, Azərbaycanın heç bir xarici gücdən asılı olmayan müstəqil xarici siyasət yürütməsini təmin etdi. Azərbaycan Respublikası ilk dəfə 24 oktyabr 2011-ci ildə 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzvü seçildi, 2019-2023-cü illərdə dünyanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik etdi. Buna müqabil, xatırladaq ki, 1992-1993-cü illərdə o dövrün iqtidarının əl ali səviyyədə verdiyi sərsəm, məsuliyyətsiz bəyanatlar Azərbaycanın nəinki aparıcı və uzaq, habelə yaxın qonşu və tarixi ənənələrlə bağlı olduğu ölkələrlə də münasibətlərini düşmənçilik həddinə gətirib çıxarmış, ölkə əslində yarıtmaz iqtidarının özünütəcrid siyasətinin girovuna çevrilmişdi. 1992-ci ilin noyabrında ABŞ Konqresinin Azərbaycana münasibətdə Azadlığı Müdafiə Aktına qəbul etdiyi bədnam 907-ci düzəlişin əleyhinə 535 konqresmendən cəmi 4-ü səs vermişdi. Bu, ABŞ tarixində yeganə belə hal idi və o zamankı Azərbaycan iqtidarının xarici siyasətinin iflasının ən bariz nümunəsi idi.

Qurtuluş dövründə nizami əsası qoyulan Azərbaycan Ordusu son illərdə 4-cü Sənaye İnqilabının rəqəmsal texnologiyaları (PUA-lar, süni intellekt əsaslı silahlar) ilə təchiz edilərək XXI əsrin ən modern döyüş maşınına çevrildi. 2005-ci ildən Azərbaycan 1000-dən çox adda müxtəlif hərbi təyinatlı məhsul, o cümlədən bütün növ döyüş sursatı, müxtəlif texnika və silahlar istehsal edən müdafiə sənayesinə malik dövlətə çevrildi, Milli Ordumuz dünyanın ən yaxşı təchiz olunmuş döyüş qabiliyyətli 50 ordusu sırasına daxil oldu. 1993-cü ildə Ulu Öndərin formalaşdırdığı milli həmrəylik fəlsəfəsi 2020-ci ildə “Dəmir Yumruq” konsepsiyasında birləşərək düşmənin başını əzdi və 30 illik işğala son qoydu.

15 İyun Milli Qurtuluş Günü – Azərbaycanın dövlət kimi varlığını xilas edən, onun daxili sarsıntılarını durduran və gələcəyə doğru inamlı hüquqi-strateji addımlarının trayektoriyasını cızan mütləq dönüş nöqtəsidir. Əgər 1993-cü ilin 15 iyununda Ümummilli Lider Heydər Əliyevin cəsarətli və qətiyyətli tarixi qayıdışı və milli qurtuluş strategiyası olmasaydı, bu gün nə güclü və suveren dövlətçiliyimizdən, nə işğaldan azad edilmiş torpaqlardan, nə də dünyaya günəş kimi doğan, təkbaşına qlobal təhlükəsizliyin vacib həlqəsinə çevrilmiş müasir Azərbaycandan danışmaq mümkün olardı.

Milli Qurtuluşla başlayan yol, bu yolun daxili və xarici istiqamətləri Azərbaycanı Cənubi Qafqazda yeni reallıqlar yaradan və diktə edən dövlətə çevirmiş, müasir dünyanın ən mütərəqqi dövlətlərindən biri kimi tanıtmış, Şuşada, Xankəndidə, Xocalıda, Kəlbəcərdə, Füzulidə, Cəbrayılda, Laçında, Zəngilanda, Qubadlıda, Ağdamda, Xocavənddə üçrəngli, ay-ulduzlu bayrağımızın əbədi dalğalanmasını təmin etmişdir. Buna görə də, qətiyyətlə demək olar ki, Ümummilli Liderimizin adı və siyasi fəaliyyəti ilə bağlı olan Milli Qurtuluş Günü böyük Heydər Əliyevin xalqımız üçün açdığı əbədi müstəqillik və azadlıq qapısıdır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Eldar Əzizov yola salınır?

  • Dünən, 10:20
  • 8
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 224
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 179
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter