Pademiya şəraitində vətəndaşlarımız tibbi maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara riayət etməlidir.
DİN Mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev mülki geyimdə xidmətə cəlb olunan polis əməkdaşlarının fəaliyyəti ilə bağlı Ölkə.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd vətəndaşların sağlamlığının effektiv mühafizəsidir.
Onun sözlərinə görə, müşahidələr göstərir ki, pandemiya şəraitində virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda bəzi vətəndaşlar sağlamlıqlarına laqeyd və biganə yanaşaraq, polis gördükdə “qaydalara əməl edirəm” görüntüsü yaradaraq tez maskasını taxır:
"Halbuki belə şəxslər bu qaydalara laqeyd və biganə yanaşmaqla sağlamlığını qorumaq əvəzinə cərimədən, inzibati tənbeh tədbirlərindən yayınmağa çalışırlar. Və bu neqativ halların qarşısını almaq məqsədilə polis əməkdaşları mülki geyimdə də xidmətə cəlb olunub.
Bu tədbirlər, mülki geyimdə xidmətə cəlb olunan naryad qrupları virus riskinin yüksək olduğu qapalı məkanlarda, ictimai nəqliyyatda fəaliyyətlə məhdudlaşmır.
Eləcə də elektron vasitələrin imkanlarında da geniş istifadə olunmaqla, vətəndaşların qaydalara necə əməl etməsinin onlayn rejimdə videomüşahidələri aparılır".
N.Əliyev qeyd edib ki, bütün bunlar tək polisin işi yox, həm də özünü və yaxınlarını virus riskindən qorumaqda məsuliyyətini anlayan vətəndaşların da gündəlik həyat tərzi olmalıdır:
"Bir sözlə, bu, ictimai qınaq formasında qəbul edilməli – bilənlər bilməyənləri, qaydalara əməl edənlər etməyənləri infeksiya şəraitində qorumaq üçün birgə səy göstərməli, müəyyən olunan normalara əməl olunmasına çağırmalıdır. Polisin hansısa vətəndaşı cərimələmək kimi bir niyyəti yoxdur.
Yalnız qaydalara əməl etməyən vətəndaşları qanun gücü, təsiretmə imkanları ilə çəkindirmək əsas vəzifə kimi polis əməkdaşlarının qarşısına qoyulub.
Nə qədər ki ölkəmizdə pandemiya şəraitində virus riski var, polis tərəfindən müvafiq tədbirlər daha da qətiyyətlə davam etdiriləcək".