Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiya layihəsinin ilin sonunadək ictimaiyyətə təqdim olunacağını açıqlayıb. Yeni Konstitusiya layihəsinin indiyədək niyə açıqlanmadığı ilə bağlı suala cavab verən Paşinyan deyib ki, hakim "Vətəndaş müqaviləsi" Partiyasının idarə heyəti layihə ilə bağlı bir sıra təkliflər irəli sürüb. Lakin seçkiqabağı dövrdə tələsik müzakirələrin aparılmaması qərara alınıb və proses seçkidən sonrakı mərhələyə saxlanılıb. Nikol Paşinyan daha əvvəl bildirmişdi ki, yeni Konstitusiyada Müstəqillik Bəyannaməsinə istinadlar yer almamalıdır. Onun fikrincə, bu cür müddəalar regional sabitlik üçün risk yarada bilər.
Söhbət bəyannamədə Ermənistan Respublikası ilə keçmiş "Dağlıq Qarabağ"ın birləşdirilməsinə dair müddəadan gedir. Azərbaycan bu müddəaya etiraz edir və rəsmi Bakı dəfələrlə bəyan edib ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi iki ölkə arasında sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biridir. Amma bu çıxışından belə görünür ki, Ermənistanla sülh müqaviləsinin imzalanması gələn ilə qala bilər. Çünki yeni Konstitusiya layihəsi ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Bu da o deməkdir ki, referendum keçirilməsinin bu il olub-olmayacağı dəqiqləşməyib.
“Paşinyan və onun yeni hökuməti erməni cəmiyyətini inandırmağa davam etməlidirlər ki, Ermənistanın bir dövlət kimi inkişafı və təhlükəsizliyi yalnız müharibə ilə deyil, hüquq, iqtisadi inkişaf, regional əməkdaşlıq və beynəlxalq inteqrasiya ilə də təmin edilir. Bu məsələdə Paşinyanın bir üstünlüyü də var: beynəlxalq ictimaiyyət, ABŞ, Avropa İttifaqı bütövlükdə onun kursunu, Ermənistanın regional əməkdaşlıq modelinə keçməsini və sülh prosesinin tezliklə başa çatmasını dəstəkləyir”.
Bu sözləri Musavat.com-a hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.
Onun sözlərinə görə, məhz bu dəstək Paşinyana əlavə siyasi və iqtisadi imkanlar yaradır: “Düzdür heç bir xarici və beynəlxalq dəstək daxildə tam siyasi legitimlik yaratmır. Əksinə, müxalifət bunu bəzən hökumətə qarşı əlavə arqument kimi istifadə edə bilər. Sülh prosesinin başa çatmasına və yekun sülh müqaviləsinin imzalanmasına əsas maneə olan Konstitusiya islahatlarını geniş ictimai dialoq vasitəsilə gündəmdə saxlamaq və legitimləşdirməyə davam etmək də böhrandan çıxmaq üçün faydalı ola bilər. Bu, prosesi bir qədər ləngidə bilər, amma onun davamlılığını artırar”.
Q.Əlibəyli qeyd edib ki, eyni zamanda, regional iqtisadi əməkdaşlığın real nəticələrinin ön plana çıxarılması da məqsədəuyğundur: “Ermənistan vətəndaşının regional əməkdaşlığın gündəlik həyatına müsbət təsirini görməsi onun köhnə təfəkkür tərzindən azad olmasına və daxili siyasi müqavimətinin də tədricən zəifləməsinə kömək edə bilər”.