2020-ci ilin sentyabrın 27-də Ermənistan Respublikasının ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlandı. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik göstərdi. Ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək, müharibənin ilk günündən təşəbbüsü ələ alaraq bir dəfə də olsun geriyə çəkilmədən ancaq irəliyə doğru getdi.
Azərbaycanda hər bir zaman mübariz oğul və qızlarının qəhrəmanlıqları yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələrini uca tutulur. Vətən müharibəsində rəşadətlə döyüşən, ölkəmizin ərazi bütövlüyüyü uğrunda canlarını qurban verən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentiyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması qərara alındı. Bu milli birliyin ən böyük təzahür forması idi.
Bir ildən sonra 27 sentyabr tarixində Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Anım Gününə həsr olunmuş yürüş təşkil edildi. Şəhidlərin xatirəsini əbədiləşdirmək üçün Bakı şəhərində inşa olunacaq Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlqoyma mərasimində dövlətimizin başçısı iştirak etdi. Təməlqoyma mərasimindən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Dənizkənarı bulvar ərazisinə gələrək qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdilər.
Bütün bu hadisələrin ardıcıllığı heç də elə-belə deyildi. Bütün bunlar milli birlik və ümumxalq ehtiramın təcəssümü idi. Ali Baş Komandanın, birinci xanımın gənc kursantlarla bu yürüşdə atdığı hər bir addım olduqca qətiyyətli idi. Ali Baş Komandanın bu addımları düşmənə bir daha mesaj idi. Biz bütün dünyaya anlatdıq ki, bu qələbəni danışıqlar masası arxasında yox, döyüş meydanında qazandıq. Ali Baş Komandan bütün müsahibələrində deyirdi: “30 ilə yaxın mənasız danışıqlar bizi heç bir nəticəyə yaxınlaşdırmadı. Əzəli tarixi torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı. Danışıqlar prosesində Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyirdi, sadəcə olaraq, status-kvonu möhkəmləndirmək, əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə Azərbaycana müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar bizi vəziyyətlə barışmağa sövq edib. Ancaq biz qətiyyət, cəsarət, siyasi iradə göstərərək Azərbaycan xalqının maraqlarına cavab verməyən heç bir razılaşmaya getmədik. Mən dəfələrlə bütün beynəlxalq kürsülərdən bəyan etmişdim ki, torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpa edilməsi bizim əsas vəzifəmizdir və biz bu vəzifəni icra edirik. Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq”.
Bəli, bu gün bütün dünya Azərbaycan xalqını artıq qalib bir xalq kimi tanıyır. Müzəffər Ali Baş Komandanımızın cəsarətli qərarları, danışıqları, ordumuzun rəşadəti bizi tariximizə Zəfər sözünü yazdı. Bu gün Qarabağımızın hər bir tərəfində Azərbaycan bayrağı dalğalanır. Biz 30 ildə torpaqlarımızın həsrətindən ağrısaq da, səbr etdik, bütün təzyiqlərə baxmayaraq güc topladıq, Bu həm də iqtisadi güc idi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Cənab prezident İlham Əliyev ölkə daxilində uğurlu siyasət apararaq, dünya
üçün çox nadir inkişaf modelini yaratdı. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi. Bu milli birliyin yaratdığı güc imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Düşmən unutmamalıdır. Unutmamalıdır ki, Dəmir Yumruq hələ də yerindədir. Lazim gələrsə biz həmin yumruqla yenə düşmənin başını əzəcəyik. Bu yumruq eyni zamanda birliyimizin rəmzidir.
Məhəmməd Ağayev,
Salyan rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü