Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov - 1998–ci ildən bəri respublikamızda 31 mart hər il “Azərbaycanlıların Soyqırımı günü” kimi dövlət səviyyəsində qeyd edilir. Bu hadisələri, onların dərslərini unutmağa haqqımız yoxdur. Tarix heç zaman unudulmur, həm də yazılır. Erməni vəhşilikləri Azərbaycan tarixinin qanla yazılmış səhifəsi olsa da, güclü Azərbaycan yerləşdiyi bölgədə söz və nüfuz sahibi olmaqla bütün problemlərin öhdəsindən hər zaman uğurla gəlmək iqtidarındadır. Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998–ci il tarixli Fərmanı imzalamasından 24 il ötür. Bu il Azərbaycan xalqı Soyqırımın 104–cü ildönümünü qeyd edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918–ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018–ci il 18 yanvar tarixli 3587 nömrəli Sərəncam imzalanmışdır. Bu sənədin ermənilər və onların havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əvəzedilməzdir.
Хalqımıza qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasətinin tariхi ХVIII əsrin əvvəllərindən başlayır. Həmin dövrdə torpaqlarını Cənubi Qafqaza doğru genişləndirməkdə olan çar Rusiyası ermənilərdən vasitə kimi istifadə edir, Qafqazda erməni milli dövləti yaradacağı vədi ilə onları şirnikləndirirdi. 1724–cü il noyabrın 10–da I Pyotrun adından verilmiş fərmanda ələ keçirilmiş torpaqlarda—Bakıda, Qarabağda və Aran bölgəsində ermənilərin məskunlaşdırılması üçün hər cür şərait yaradılması nəzərdə tutulmuşdur. Ermənilər bu fürsətdən istifadə edərək, öz məkrli siyasətlərini həyata keçirmək, ölkəmizin tarixi ərazisində erməni dövləti qurmaq məqsədi ilə Azərbaycanın müxtəlif bölgələrində soydaşlarımıza qarşı dəhşətli qırğınlar törətmişdilər. Ermənilərin fasilələrlə, lakin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasəti nəticəsində minlərlə günahsız azərbaycanlı vəhşicəsinə qətlə yetirilmiş, evləri yandırılmış, əmlakları qarət olunmuşdur. Azərbaycan ərazisində məskunlaşdırılan ermənilər sayca azlıq təşkil etsələr də, öz havadarlarının himayəsi altında inzibatı bölgü yaradılmasına nail olmuşdular. Bununla da azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsası qoyulmuşdur. Uydurma “Böyük Ermənistan” ideyasına həqiqət donu geyindirmək məqsədi ilə erməni tarixi saxtalaşdırılır, Azərbaycanın tarixi isə təhrif olunurdu. Bu süni xülyalardan ruhlanan erməni təcavüzkarları XX əsrdə azərbaycanlılara qarşı daha amansız qanlı aksiyalar həyata keçirirdilər. Bakı şəhərində başlanılan erməni vəhşilikləri Azərbaycanın bütün ərazisinə yayılmışdır. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
“Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905–1907–ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.
1918–ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman, 1925–ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə–deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər.” Gənc qadınların diri–diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
İrəvan quberniyası, Şərur–Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazmışdır. Ovanes Apresyan kitabın müəllifi ilə söhbəti zamanı ermənilərin, ingilislərin və rusların yardımı ilə öz məqsədlərinə çatdıqlarını qeyd edərək, təkcə Bakıda Mart qırğını zamanı 25000 azərbaycanlının qətlə yetirildiyini bildirmişdir.
1918–ci il martın 31–də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6000 silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. 3 gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918–ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası tərəfindən 1918–ci il iyulun 15–də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılmışdır.
Nəriman Nərimanov erməni vəhşilərinin törətdikləri qətliamlar haqqında belə bəhs edir:“Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaklardan canlarını qurtara bilmədilər”. Bu hadisələrin dəhşətini göz önünüzə gətirməyiniz üçün 1918–1920–ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikası hökumətinin, Fövqəladə İstintaq Komissiyasının materiallarında göstərilir ki: 1918–ci ilin mart–aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilimişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilmişdir. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3000 nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilmişdir. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırmış, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilmiş, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüşdür. Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50000 azərbaycanlı isə qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilmiş, kəndlər isə yerlə yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918–1920–ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıtmış və əhalisini məhv etmişdir.
1919–cu və 1920–ci illərdə martın 31–i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi.
Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998–ci il martın 26–da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918–ci il martın 31–i “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından biridir. 1918–ci ilin aprel–may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib. Quba soyqırımı məzarlığı 2007–ci il aprelin 1–də ərazidə torpaq işləri görülərkən aşkar olunub. 2009–cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılmış, 2013–cü il sentyabrın 18–də Quba Soyqırımı Memorial Kompleksinin açılışı olmuşdur. Aparılan tədqiqatlar zamanı müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılmışdır.
Ermənistanın terrorçu siyasətinin bariz nümunəsi olan faktlardan biri də II Qarabağ müharibəsi ərzində sərhəddən kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrinə atəş açması idi. Bu müddətdə Gəncə, Mingəçevir, Xızı kimi bır sıra yaşayış məntəqəsi düşmən tərəfindən ballistik raketlərlə bombardman edildi. Bu şəhərlər içərisində Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni xüsusilə qeyd etmək lazımdır. 4–17 oktyabr tarixləri müddətində 5 dəfə hücuma məruz qalan Gəncə şəhəri ən çox zərər çəkən şəhər oldu. Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində Gəncənin ağır artilleriya atəşinətutulması ilə 9 mülki şəxsin öldüyü və azyaşlılar da daxil olmaqla 35 nəfərin yaralandığı, 17 oktyabr tarixində atılan raket hücumu nəticəsində13 nəfərin həyatını itirdiyi, 50–dən çox insanın yaralandığı məlum oldu. Gəncədən sonra ikinci ən çox zərər çəkən şəhər Bərdə idi. Bərdə şəhərində ermənilərin mülki şəxsləri hədəf alması nəticəsində 20 mülki şəxs həyatını itirərkən, 60–dan çox insan yaralandı. Bütün dünya Azərbaycanda günahsız insanlara qarşı törədilən bu terrora gözlərini yumsa da, səssiz qalmağa çalışsalar da, Azərbaycan xalqı sosial platformalar üzərindən bütün həqiqətləri dünyaya çatdırmağı bacardı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev: “Azərbaycan 44 gündə yazdığı tarixlə haqq–ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu. Dağlıq Qarabağ münaqişəsi və Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi ifadəsi artıq yoxdur”. Azərbaycan bir daha həm ön cəbhədə, həm də informasiya müharibəsində apardığı cəsur mübarizəsi ilə birliyinin sarsılmaz və əbədi olduğunu sübut etdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi qələbə qazanaraq 30 il müddətində işğala məruz qalan torpaqlarımızı azad etdi və ərazi bütövlüyümüz təmin olundu. Eyni zamanda Ermənistan diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı və beləliklə, 10 noyabr 2020–ci il tarixində üçtərəfli Rusiya, Azərbaycan prezidentləri və Ermənistan Baş nazirinin imzası ilə təsdiq olunmuş bəyanat imzalanıb. Xocalı rayonunun Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsi növbəti tarixi qələbədir. Bu torpaqlar Azərbaycanın əzəli əraziləridir və bundan sonra da bütün o torpaqlar Azərbaycanın nəzarəti altında olacaq. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidentinin “Nəyi, nə vaxt, necə edəcəyi” sözləri indi öz yerini təsdiqləmiş olub. Uğurlu diplomatik–siyasi yollarla artıq Xocalının Fərrux kəndi də Azərbaycanın tam nəzarəti altına keçmiş oldu.
Yaşasın qalib Azərbaycan xalqı! Yaşasın Müzəffər Ali Baş Komandan! Qarabağ Azərbaycandır!
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun növbəti səyyar qəbul-görüşü keçirilibƏhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış Qobu Park-1 yaşayış kompleksində məskunlaşan Ağdam rayon sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Xidmət sahələri rəhbərlərinin də iştirak etdiyi səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. Çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Prezident cənab İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.