Deputat Naqif Həmzəyev Milli Məclisin iclasında çıxış edərək sürücüləri narahat edən məsələlərə diqqət çəkib.
Deputat bildirib ki, həm şəhərdaxili, həm də bölgələrarası marşrutlarda uzunmüddətli sürücülük həyata keçirən peşəsi sürücü olan şəxslər avtomobil yollarının ən aktiv iştirakçılarıdır: "Sürücülər üçün yolda keçirilən vaxt ortalama bir adi sürücüyə nisbətən 5–8 dəfə çoxdur. Xüsusilə taksi sürücülüyü Azərbaycanda aşağı və orta gəlirli əhali təbəqəsi üçün başlıca dolanışıq vasitəsidir. Məşğulluq statistikasına görə, ölkədə fəal taksi sürücülərinin böyük əksəriyyəti ailəsinin yeganə gəlir sahibidir. Belə bir şəraitdə sürücülük hüququnun itirilməsi yalnız fərdi problem olaraq qalmır - ailənin bütün üzvlərini əhatə edən ağır iqtisadi problemə çevrilir”.
N.Həmzəyev taksi sürücülərinin və ümumi sürücülərin qarşılaşdığı problemlərin bəzilərindən bəhs edib: “Sürücülər tərəfindən yolda keçirilən uzun saatlar nəticəsində kiçik texniki pozuntular üçün toplanılan ballar sürətlə 20 balliq həddə çatır.
Hüquqdan məhrumetmə müddəti ərzində sürücülər gəlir əldə edə, ailə öhdəliklərini yerinə yetirə bilmir. Bir sıra hallarda işəgötürən şirkətlər sürücülük hüququnu itirmiş sürücüləri işdən çıxarmaq məcburiyyətində qalır. Qısamüddətli hüquq itkisi belə bəzən uzunmüddətli işsizliyə, kredit borclarına və ailə böhranına gətirib çıxarır. 20 ballıq hədd əsas işi sürücülük olanlar üçün xüsusi qeyri-ədalətli hesab edilir. Adi sürücü hüququnu itirsə, alternativ nəqliyyat vasitəsindən istifadə edir. Taksi sürücüsü və ya peşəsi sürücü olanlar isə hüququnu itirsə, peşəsini, gəlirini və bir çox halda ailənin maddi rifahını itirmiş olur.
Bu sadaladığım problemi həll etmək üçün hüquqdan məhrumetmə həddinin 20 baldan 40–50 bala qaldırılmasını və ya yalnız gobud pozuntular zamanı bal kəsilməsinin tədbiqini təklif edirəm. Ən pis halda isə ilk dəfə yüngül qayda pozuntuları zamanı yalnız cərimə ilə kifayətlənmək olar. Eyni zamanda qeyd etməliyəm ki, yol hərəkəti qaydaları ancaq açıq, görünən, standartlaşdırılmış nişanlama sistemi mövcud olduğu halda ədalətli şəkildə tətbiq edilə bilər. Bu çərçivədə aşağıdakı tədbirlərin görülməsini xahiş edirəm”.
Deputat bildirib ki, təmsil etdiyi Gəncə şəhərinin və digər paytaxtdan kənarda olan şəhər və rayonlarda yolların xətləmə işlərinin daha kefiyytli aparılması vacibdir: “Bu sahədə cox ciddi nöqsanlar var.
Hasarlanan, silinən, görünməz hala gələn nişanların inventarizasiyası aparılmalı və vaxtında yenilənmələr edilməsinə nəzarət artırılmalıdır. İnfrastrukturu tamamlanmamış yollarda kamera vasitəsilə cərimə tətbiqi müvəqqəti dayandırılmalıdır.
Sürücülər nişanlama çatışmazlığını bildirə bilsin deyə asan əlçatan şikayət mexanizmi yaradılmalıdır”.musavat.com