Dünyanı sınağa çəkən fəlakətlər bir qayda olaraq insanları birləşdirir. Həmişə bir-birinin köməyini, çətin sınaqlarda dəstəyini hiss edən Azərbaycanla Türkiyənin münasibətlərində hansısa maraqlara söykənən tərəfdaşlıq meyilləri olmayıb. Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi, hər zaman olduğu kimi, bu gün də Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik.
Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Ölkənin bir çox ali təhsil müəssisələrində zəlzələdən zərərçəkənlərə humanitar yardım məqsədilə tələbə və əməkdaşlar arasında yardım kampaniyası təşkil olunub.
Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub. Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycan vətəndaşları tərəfindən qardaş ölkəyə maddi vəsait və ianələr şəklində dəstək göstərilir.
Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.
Azərbaycan könüllüləri öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində sona qədər iştirak edəcəklər. Biz gənclər bir daha dəhşətli faciə ilə üzləşmiş qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu bildirir, bu faciədə həyatını itirənlərin doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik.
Cəlilabad rayonunda da humanitar yardım kampaniyası həyata keçirilir. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə vətəndaşlar, ictimai təşkilatlar, idarə və müəssisələrin kollektivləri, sahibkarlar Türkiyəli qardaşlarının yanında olduğunu nümayiş etdirərək zəlzələdən zərər çəkmiş insanlara xeyli miqdarda humanitar yardım göstərmişlər. Buraya məişət əşyaları, isti geyimlər, çadırlar, yataq dəstləri və qida məhsulları daxildir. Bu məhsullar artıq Türkiyə Respublikasına çatdırılmışdır. Hazırda zəlzələdən zərər çəkən bölgələrə dəstək tədbirləri fasiləsiz olaraq davam etdirilir. İnanırıq ki, qardaş Türkiyə xalqı ilə birlikdə bu ağır fəlakətin törətdiyi fəsadlar tezliklə aradan qaldırılacaqdır. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir.
Qəzənfər Ağayev,
Cəlilabad şəhər sakini, Vətən müharibəsi qəhrəmanı