Azərbaycan qadınları artıq cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb çağların sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından öncə səsvermə hüququ əldə etməsi, elm, mədəniyyət və başqa sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamışdır.
Bu gün ümummilli lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nın xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və Azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq, Azərbaycan Respublikasının 1995-ci il iyunun 30-da qoşulduğu BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyasından irəli gələn öhdəliklərini daha geniş miqyasda həyata keçirmək məqsədi ilə 1998-ci il 14 yanvar tarixində “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” Sərəncam imzalanmışdır. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
8 martın qadınların bayramı olduğuna görə onlar məhz bu gün daha çox diqqətə, qayğıya ehtiyac duyurlar. Qadın övlad yanında ana olur, bacı-qardaş yanında bacı olur, həyat yoldaşı, ər yanında, qeyrətli kişi yanında və qayğı əhatəsində qadın olur – zəif, zərif, gözəl qadın... Övladı güləndə gözləri gülən, ağlayanda gözlərindən leysan tökən, halımıza yanan, yaşımızdan asılı olmayaraq hər an aradığımız, soraqladığımız analar! Nə yaxşı ki, sizlər varsınız! Bayramınız mübarək olsun!
Elşad Əmənov,
Cəlilabad rayonu, Şatırlı kənd
tam orta məktəbinin müəllimi