Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik/
Novruz bayramında milli ruhumuzun, qədimliyimizin çalarları yaşayır. Əcdadlarımız inanıblar ki, həyatı var edən od, su, hava və torpaqdır. Sonradan bu əski inanc cilalanıb, sistemli təsəvvürlər halına gəlib. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşanıb. Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı adətləri olduqca zəngindir. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Novruz bayramının artıq dövlət səviyyəsində keçirilməsi məhz istiqlal yolunda qazandığımız nailiyyətlərdəndir. Suverenlik şəraitində özünün iyirminci baharını yaşayan respublikamız Novruz günlərində Beynəlxalq muğam festivalı çərçivəsində ayrı-ayrı ölkələrdən gəlmiş muğam tədqiqatçılarını, xanəndələri və çoxsaylı qonaqları qəbul edir. Xalqımızın əbədi və təkrarsız sənət incisi muğam baharın insanlarda inam hissini və yaradıcılıq şövqünü artıran yeniləşdirici ab-havası ilə yaxından səsləşir. Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Siyasətdə bayramlaşma təcrübəsi geniş yayılıb. Bu isə qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyəti deməkdir. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyanın rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.
Novruz bayramınız mübarək!
Fərid Səmədov,
Cəlilabad Rayon Mərkəzi Xəstəxanası
Publik Hüquqi Şəxsin şöbə müdiri