Xalq Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Ağır dövrdə ovaxtkı hakimiyyət qardaş qanını axıtdı, vətəndaş müharibəsinə start verdi, təki hakimiyyətdə qalsın və öz talançılıq fəaliyyətini davam etdirsin. Xalq isə ayağa qalxdı. O ağır dövrdə xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev demək olar ki, gənc, müstəqil Azərbaycan dövlətinin, sözün əsl mənasında, xilaskarına çevrilmişdi. Müstəqillik əldən gedirdi, ölkəmizin müxtəlif yerlərində separatçılıq baş qaldırıb gedirdi, ölkə parçalanma ərəfəsində idi, ölkədə bir çox silahlı birləşmələr müxtəlif istiqamətlərdə hakimiyyəti və ya hakimiyyət orqanlarını zəbt etmişdilər. 1993-cü ilin real mənzərəsi - özbaşınalıq, quldurluq, xaos, anarxiya.Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi. Heydər Əliyev 1993-cü ilin oktyabrında böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Dərhal ciddi islahatlara başlanıldı. Bütün azadlıqlar təmin edildi. AXC-Müsavat cütlüyü tərəfindən tətbiq edilmiş antidemokratik senzura qaydaları ləğv edildi. Azərbaycan dünyaya açıldı, beynəlxalq təcridə son qoyuldu. Böyük diplomatik səylər göstərildi, Qarabağ həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, beynəlxalq təşkilatlar işğalla bağlı ədalətli və bizim mövqeyimizi gücləndirən qərar və qətnamələr qəbul etmişlər. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin kontraktı” ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. İndi Azərbaycan dövlətinin payına düşən mənfəət neftinin 75 faizi bu gün bizim iqtisadiyyatımızı gücləndirir. Azərbaycan dövləti “Əsrin kontraktı”nın icrasına bir manat vəsait qoymayıb. Ancaq mənfəət neftinin 75 faizi Azərbaycana gəlir. Bu gün xarici şirkətlərlə aparılan neft-qaz əməliyyatları çərçivəsində minlərlə milli kadr yetişib. Bu gün “Əsrin kontraktı”nın icrasında işləyən insanların 90 faizi Azərbaycan vətəndaşlarıdır. Elə kadrlar yetişdi ki, bu gün istənilən sahədə işləyə bilərlər. Bu da ölkəmizə böyük əlavə üstünlük verir.
Naxçıvanda ağır günlər davam edirdi, Naxçıvan tam blokadada idi. Naxçıvanın, ümumiyyətlə, gələcəkdə yaşaması ilə bağlı çox böyük təhlükələr var idi. Ulu Öndər Naxçıvanı qorudu və inkişaf etdirdi.Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalq məhz Heydər Əliyevi özünə rəhbər seçdi, bu, demokratiyanın əsl təntənəsi idi. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı. Azərbaycanda hakimiyyətdə olan qüvvələr hər vəchlə çalışırdı ki, Heydər Əliyev Naxçıvandan uzaqlaşdırılsın. Naxçıvan blokadada boğulurdu, xain qüvvələr isə Naxçıvana qarşı təxribatlar törədirdilər, desant göndərirdilər, çevrilişə cəhd edirdilər. Sanki istəyirdilər ki, Naxçıvan da işğal altına düşsün. Ancaq xalq buna imkan vermədi, öz lideri ətrafında sıx birləşmişdir. Müstəqilliyə gedən yol məhz Naxçıvandan başlamışdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmışdır, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır. Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaranmışdır, ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də bu, belədir. Doxsanıncı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafeyi düşünürdülər, talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya, xaos, torpaqlar əldən gedirdi. Hakimiyyətdə qalmaq üçün hətta vətəndaş müharibəsinə də rəvac verdilər. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir. Məhz hakimiyyətə gəlmək üçün Şuşanı boşaltdılar. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəlmiş və öz arzusuna çatmışdır. Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satırdı.