Bu gün regionda proseslər yenə də Azərbaycanın təklifləri əsasında cərəyan edir. Vaxtilə erməni işğalını əbədiləşdirmək üçün səylər göstərmiş Minsk qrupu artıq gündəlikdə yoxdur, tarixin arxivindədir. Hər kəs görür ki, vaxtilə Qarabağ erməniləri üçün hansısa xüsusi status tələb edən qüvvələr artıq tamamilə fərqli açıqlamalar verirlər. Azərbaycan-Ermənistan şərti sərhəd istiqamətində baş vermiş hadisələr, ermənilərin yaşadıqları Qarabağ bölgəmizdə hərbi əməliyyatlar və iki ay əvvəl Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir. Bu gün Azərbaycan bölgədə söz sahibidir. Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Azərbaycan Ordusu yüksək mənəvi xüsusiyyətlərə malikdir. Azərbaycan düşməndən qisasını döyüş meydanında alıb. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür. Ermənistandan fərqli olaraq onların şəhərlərini “İsgəndər”, “Toçka” və “Elbrus” raketləri ilə dağıtmamışıq. Azərbaycanı qisasçılıqda ittiham edənlər qoy gedib güzgüyə baxsınlar. Biz qisas yox, ədalət tələb edirik. Biz tələb edirik ki, haqq-ədalət qorunsun. Biz tələb edirik ki, bizim daxili işlərimizə heç kim müdaxilə etməsin, bütün ölkələr sözdə yox, əməldə bizim ərazi bütövlüyümüzə hörmətlə yanaşsın və belə olan halda biz də onların ərazi bütövlüyünə hörmətlə yanaşacağıq.Cari ilin dövlət büdcəsi müstəqil Azərbaycan tarixində rekord büdcədir. Dövlət büdcəsində iki əsas istiqamət müəyyən edilmişdir - birincisi, Qarabağ və Şərqi Zəngəzurun bərpa edilməsi, ikincisi, hərbi potensialımızın gücləndirilməsi. Bundan sonra da Ordumuzun daha da gücləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcək. Azərbaycanın düşmənləri bunu bilir, görür, bilməlidir və görməlidir. Azərbaycan müstəqil siyasət aparmaq iqtidarındadır. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz müqəddəratını özü müəyyən edir, heç kimdən asılı deyil və olmayacaq, öz sözünü açıq deyir və müstəqil siyasət aparır. Ermənistan və onun xarici havadarları hesab edirdilər ki, onlar bizim torpaqlarımızı işğal altında əbədi saxlayacaq. Azərbaycan Ordusu onların məkrli planlarını alt-üst etdi. İkinci Qarabağ müharibəsindən sonra bölgədə gündəliyi müəyyən edən yenə də Azərbaycan oldu.
Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir və artıq bir çox kontraktlar imzalanmışdır - həm yeni pilotsuz uçuş aparatlarının, həm uzaqmənzilli raketlərin ölkəmizə gətirilməsi, o raketlər ki, böyük dağıdıcı qüvvəyə və yüksək dəqiqliyə malikdir. Müdafiə Nazirliyinin strukturunun təkmilləşdirilməsi prosesi gedir və bu proses davam edir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Yeni döyüş birləşmələrinin yaradılması, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Bu gün Silahlı Qüvvələr vahid proqram əsasında inkişaf etdir. Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin sayı böyük dərəcədə artırılmışdır. Müdafiə Nazirliyinin dəniz piyadalarının sayı bir neçə dəfə artırılıb və bu artım davam edir. Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti - bu qurumların xüsusi təyinatlı qüvvələrinin sayı dəfələrlə artırılıb və bütün bu böyük qüvvə bir məqsəd güdür, ərazimizin qorunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi. Uğurlu iqtisadi siyasətimizi, ölkəmizin artan gəlirlərini nəzərə alaraq, dövlət büdcəsinə əlavələr edilmişdir. Uğurlu iqtisadi siyasətimiz bizə imkan verir ki, ordu quruculuğuna, yeni silahların, yeni texnikaların alınmasına, yeni döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılsın. Vətən müharibəsindən sonra Müdafiə Nazirliyində Komando Qüvvələri yaradılmışdır və komandoların sayı gündən-günə artır. Artıq bir neçə hərbi hissə fəaliyyət göstərir və yeni hərbi hissələrin açılışı nəzərdə tutulur. İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələr xüsusi peşəkarlıq və qəhrəmanlıq göstərmişdir. Bir çox hərbi əməliyyatların keçirilməsində onların xüsusi rolu var idi. İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi daha geniş vüsət almışdır. Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Vətən müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə yekunlaşmışdır. Dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, Ordumuzun daha da gücləndirilməsi vəzifəsi bir nömrəli vəzifə olaraq qalır. Buna nail olmaq üçün kompleks tədbirlər görülür.