Aprelin 27-dən karantin rejimin yumşaldılmasından sonra çölə çıxan insanların sayı çoxalıb. Təəssüf ki, çölə çıxan insanların bir çoxu maska və əlcəkdən istifadə etməməklə yanaşı sosial məsafəni qorumurlar.
İnsanların bu addımı koronavirusun ikinci dalğasının gəlməsinə səbəb ola bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejiminin yumşaldılması göstərdi ki, insanlarımızın çoxusu məsələnin nə qədər ciddi olduğunu başa düşmür:
"Ümumi intizam və mədəniyyət qaydalarına riayət etmir. Ola bilər ki, buna görə də Operativ Qərargah karantin rejimini uzada bilər. Yaxud da ikinci dalğa gəlsə, uzunmüddətli karantin rejimə keçə bilərik. Ona görə də insanlara müraciət edirik, sosial izolyasiya və qoruyucu vasitələrdən istifadə qaydalarına tam əməl etsinlər.
Bu çox ciddi məsələdir. Havalar isinir. Karantin rejiminin ciddi aparıldığı dövrdə yaxşı nəticələr əldə etdilər. Görünür, bu insanlarımızı arxayınlaşdırıb. Düşünürəm ki, buna ehtiyac yoxdur. Son günlərdə artıq koronavirusa yoluxanların artığını görürük. Bu bizi narahat edib, düşündürməlidir.
Koronavirus təhlükəsi hələ bitməyib. Ola bilsin ki, bu virus bir neçə müddət davam etsin. Dünyada koronavirusa son qoyulan zaman biz arxayın ola bilərik. Ona görə də vətəndaşlarımız bir qədər ehtiyatlı və diqqətli olmalıdırlar.
Qoruyucu vasitələrdən istifadə etməlidirlər. Lazım olmayan vaxtlardan insanlar çölə çıxmalı deyillər. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar.
Bundan əlavə insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etsinlər. Koronavirus çox ciddi məsələdir. Vətəndaşların belə tez arxayınlaşması bizi narahat etməlidir".