APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı jurnalsitlər üçün inşa olunmuş növbəti binanın media təmsilçilərinə verilməsi qaydaları ilə bağlı təkliflərini səsləndirib.
V.Mahirqızının bu barədə fikirləri aşağıdakı kimidir:
Neçə gündür ki, həmkarlarımızın yeni jurnalist evlərinin verilməsi mövzusundakı statuslarını oxuyuram. Vaxt yaxınlaşdıqca yəqin ki, bu statuslar daha da artacaq. Hamı özünü haqlı hesab edir və hərənin də özünə görə arqumenti var. Mənim təklifim, hətta xahişim bundan ibarətdir ki, bu dəfə bu məsələnin seçimində media orqanları iştirak etməsin.
Bir online sistem hazırlamaq və müraciət kriteriyalarını müəyyən etmək olar. Həmin kriteriyalara uyğun, ev almaq istəyən hər bir jurnalist online qaydada sənədlərini təqdim edir. Kriteriyalar dəqiqliklə seçilsə, müraciətlər minlərlə olmayacaq. Daha sonra isə müraciətlərin araşdırılması üçün ekspertlərdən və dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradıb, yekun siyahını Prezidentə təqdim etmək mümkündür. Bu, bir neçə məsələyə görə vacibdir:
1. Jurnalistlərin hansısa media orqanında işləməsi şərtidir. Sabah ev alandan sonra həmin şəxs jurnalistikadan gedə də bilir, amma o ev ondan geri alınmır. Və ya jurnalist başqa media orqanına, dövlət qurumuna transfer oluna bilər.
2. Ev məsələsi bir çox jurnalisti az maaşla illərlə bəzi redaksiyalarda işləməyə və gözləməyə vadar edir, girova çevirir, sonunda da çoxuna vəd olunan evlər verilmir, yəni adları siyahıya daxil edilmir.
3. Ev məsələsi media orqanlarında illərdir ki, əməkdaşları baş redaktorlarla üz-üzə qoyur. Nə qədər ədalətli davransan da, yenə də kimlərsə özünü daha çox haqqı çatan hesab edir və s. Bir halda ki, ev alan şəxs konkret hansısa media orqanına görə yox, jurnalist olduğu üçün ev alır, o zaman bu seçimi niyə redaksiya rəhbəri etməlidir və subyektiv mülahizələr yaranmalıdır?
4. Ev seçiminə media orqanı o vaxt qarışa bilər ki, ev konkret olaraq media qurumuna verilir. Məsələn, APA Agentliyinə 5 ev ayrılır. APA-dan işdən çıxan jurnalist isə evdən məhrum olur, eynilə hərbi strukturlarda olduğu kimi. Jurnalist evlərinin verilməsində qayda bu deyil və belə olmaması da çox yaxşıdır. O zaman çox sadə sual meydana gəlir. Media orqanı ona aid olmayan prosesdə niyə iştirak edir?
Mənim evlərin veriləcəyi vaxtla bağlı informasiyam yoxdur. Bildiyim odur ki, indiyə qədər bu seçim doğru edilməyib və buna görə də prosesdə qeyri-şəffaf, subyektiv maraqlar çox olub. Bununla bağlı əvvəllər də dəfələrlə demişəm, amma prosesi aparanların marağında olmayıb. Ümid edirəm ki, KİV DF-nin yeni rəhbərliyi bu məsələnin daha rahat və qalmaqalsız həlli yolunu tapacaq. Bir modeli mən təklif etdim. Şəxsən mənim media rəhbəri olaraq bu prosesdə heç bir marağım yoxdur və bacardıqca uzaq qalmaq istəyirəm.