Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın S-400 silahlarının alışıyla əlaqədar rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməsi ilə bağlı bəyanat yayıb.
Oxu.az xəbər verir ki, bəyanatda qeyd edilir:
“S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünə görə ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiqetmə qərarını qınayırıq və rədd edirik.
Türkiyəni S 400-ləri almağa sövq edən səbəbi hamı çox yaxşı bilir. Hətta, Prezident Donald Tramp özü də Türkiyənin bu barədə haqlılığı mövzusunda bir neçə dəfə çıxış edib.
Digər tərəfdən, ABŞ S-400-lərin NATO sistemləri üçün zəiflik yaradacağını iddia edir və bunun da texniki əsası yoxdur. Türkiyə bu mövzuda NATO-nun da qatılacağı texniki işçi qrupunun yaradılmasını, məsələnin siyasi tərəfkeşliyindən uzaqlaşma yollarının obyektiv və realist əsaslarla həll olunmasını dəfələrlə təklif edib.
Bu baxımdan, ABŞ-ın iki müttəfiqə yaraşacaq bir şəkildə dialoq və diplomatiya yolu ilə məsələni həll etmək təklifimizi qəbul etməməsi və birtərəfli sanksiyalara əl atması düşüncəsiz hərəkətdir.
Türkiyə əlaqələrimizin mənfi təsirlənməsinin qaçılmaz olduğu bu qərara qarşı lazımi addımları atacaq.
Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazımlı hesab etdiyi tədbirlərdən çəkinməyəcək”.
Bildirilir ki, Ankara bu əsasla Vaşinqtonu ədalətsiz sanksiyaları yenidən nəzərdən keçirməyə və səhvləri ən qısa müddətdə düzəltməyə dəvət edir.
Türkiyənin məsələnin ittifaq ruhuna uyğun olaraq, dialoq və diplomatiya yolu ilə həllinə hazır olduğu vurğulanır.