"Kiyevin ələ keçirilməsi uğursuz olarsa, Rusiya nüvə zərbəsi endirə bilər"
Bunu "Bellingcat"ın araşdırmaçı jurnalisti Xristo Qrozev "Ukrayna24"-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, qəfil itmiş Rusiya müdafiə naziri Sergey Şoyqu hazırda Ufa yaxınlığındakı gizli bunkerdə gizlənir. Bunu hava nəqliyyatı məlumatları sübut edir.
Jurnalist iddia edir ki, Rusiya Federasiyası faktiki olaraq nüvə ssenarisini nəzərdən keçirərsə, o zaman hərbi və siyasi rəhbərliyini əvvəlcədən gizlədəcək.
Qrozev iddia edir ki, Putin özü Uraldan kənarda yerləşən başqa bunkerdə gizlənir. Jurnalist Rusiyanın Ukraynaya nüvə zərbəsi endirmə ehtimalı ilə bağlı aydınlaşdırıcı suala belə cavab verib:
"Bilirsiniz, cavab vermək çətindir. Biz Rusiya xüsusi xidmət orqanlarının adamları ilə çox danışdıq. O insanlar hələ müharibə başlamamışdan əvvəl dekabr-yanvar aylarında bizə xəbərdarlıq etmişdilər ki, Putin öz yaxın ətrafında öyünərək müharibəyə getməyə hazır olduğunu və bunu istəyib...
Hətta bu insanlar indi Kiyevin ələ keçirilməsinin tamamilə uğursuz olacağı təqdirdə belə bir əmr verə biləcəyini söyləyirlər.Lakin o şərti qırmızı düymə ilə nüvə silahından istifadə edə bilməz. Bu qırmızı düymə mövcuddur, lakin nüvə ehtiyatı olan raket havaya qalxana qədər bütün bu əmrləri zəncirlə yerinə yetirməli olan beş nəfər var. Mənbələrimiz əmindir ki, bu beş nəfərdən ən azı bir neçəsi bu əmrə əməl etməyəcək. O (Putin-red) belə bir riskin olduğunu başa düşür, ona görə də çətin ki, bu əmri versin".
Bu yaxınlarda NATO-nun Avropadakı birləşmiş qüvvələrinin keçmiş komandanı general Uesli Klark demişdi ki, Putin taktiki nüvə silahından istifadə etmək və Polşa ərazisinə zərbə endirmək əmri verə bilər.
Onu da qeyd edək ki, martın 22-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov amerikalı jurnalistlərə açıqlamasında ölkənin milli təhlükəsizlik konsepsiyasını xatırladıb və deyib ki, dövlətin mövcudluğu təhlükəsi yaranarsa, nüvə silahından istifadəyə icazə verir.
Ondan iki gün sonra BMT-dəki rus diplomatı artıq açıq şəkildə Rusiyanın kütləvi qırğın silahlarından “NATO tərəfindən təxribata məruz qalacağı təqdirdə” istifadə etməyə hazır olduğunu bəyan edib.