Ermənistan beynəlxalq öhdəliklərə yenə əməl etməkdən yayınmağa çalışır. Son zamanlar ölkədə müxalifət adlanan siyasi qüvvələrin keçirdikləri aksiyalarla rəsmi İrəvan beynəlxalq ictimaiyyəti çaş-baş qoymağa cəhd göstərir.
Report məlumatına görə, Ermənistandakı siyasi qüvvələr bununla dünya ictimaiyyətinə Azərbaycanla münasibətlərin normallaşmasına maneələrin olduğunu göstərməyə çalışırlar.
Hökumət bu aksiyalar vasitəsi ilə özünü sərbəst toplaşmaq azadlığını qoruyan, demokratik dəyərlərə hörmətlə yanaşan kimi göstərməyə cəhd edir.
Ancaq mitinq, yürüş və başqa aksiyalar, onların təşkilatçıları, tələbləri bütün göstəriciləri ilə qurama olduğunu deməyə əsas verir.
Mitinqi kimlər keçirirlər? Ermənistanın keçmiş iki prezidenti, Robert Koçaryan və Serj Sarqsyan, Nikol Paşinyanın hökumətində Milli Təhlükəsizlik Xidmətinə direktorluq etmiş, sonradan casusluqda şübhəli bilindiyi üçün işdən azad edilən Artur Vanesyan və siyasi mövqeyi baxımından onlara oxşarlar.
Robert Koçaryan Ermənistanda 1998-ci ildə hakimiyyəti zorla ələ keçirmiş və sonra onu qorumaq üçün ölkə parlamentində terroru təşkil etmiş adamdır. Bu siyasətçi Rusiyanın ən yaxın adamıdır. Həbsdə olarkən Rusiya Prezidenti Vladimir Putin onu doğum günü münasibəti ilə təbrik edərək, “dostum” adlandırmışdı. Bir müddət sonra İrəvana səfəri zamanı o, Koçaryanın həyat yoldaşı ilə görüşmüşdü.
Ermənistanın talan olunmasında R.Koçaryan müstəsna rol oynayıb, ona qarşı dövlət əmlakını mənimsəməklə bağlı da cinayət işi açılıb.
Ölkə mətbuatının yaydığı yazılarda bildirilib ki, Robert Koçaryan və Serj Sarqsyan prezidentlikləri dövründə dövlətdən 20-30 milyard dollar mənimsəyiblər. Qeyd olunub ki, təkcə bir bankda Serj Sarqsyanın qardaşı Aleksandr Sarqsyanın 30 milyon dolları aşkarlanıb.
Serj Robertin törətdiyi cinayət nəticəsində hakimiyyəti zəbt edib. 2008-ci ilin mart hadisələri hələ də açılmayıb. Onların hakimiyyətə gətirməyə çalışdıqları Artur Vanesyan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasında təhsil alıb. Bu fakta əsasən, onun barəsində əlavə fikir söyləməyə ehtiyac qalmır.
Koçaryanın 1998-2008-ci illərdəki hakimiyyəti dövründə Ermənistanı 129 300 nəfər, Serj Sarqsyanın 2008-2017-ci illərdəki prezidentliyi illərində isə bu ölkəni 372 800 nəfər birdəfəlik tərk edib.
Ordu quruculuğu, iqtisadi inkişaf və sair sahələr üzrə də geriləmələr olub. Ermənistanın hərb tarixinə əsgər konservlərinin oğrusu kimi düşəcək general-mayor Manvel Qriqoryanın adını çəkmək kifayət edər.
Koçaryan və Sarqsyanın Ermənistana etdiyi pisliklərə, törətdikləri cinayətlərə dair çoxsaylı faktlar var. Onlar erməni “patriotluğu” arxasında gizlənərək dövləti cinayətlər törədiblər.
İndi onlar siyasi səhnəyə yenidən gətiriliblər. Bu qüvvələrin hədəfi nədir? Hakimiyyətdə olduqları illərdə törətdikləri əməllərlə bağlı barələrində açılmış cinayət işlərini ört-basdır etmək onların başlıca hədəfləridir. Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi bu tip qüvvələrin havadarlarının siyasi və regional maraqlarına uyğun gəlmir. Ona görə hər iki istiqamətdə normallaşma prosesini əngəlləməklə onların da istəyini yerinə yetirmiş olurlar.
Koçaryan və Sarqsyan qurulmayan, hələ də formalaşmaqda çətinlikləri olan yarımçıq bir ordu ilə Ermənistanı müharibəyə sürükləməyə çalışırlar. Bu davranışla onlar regionda təhlükəsizliyi təhdid edir, qlobal sabitliyə problem yaradırlar.
Koçaryan və Sarqsyanın müharibəyə gedəcək yaşda nə oğlu, nə də qızı var. 44 günlük müharibədə Koçaryanın oğlunun “hərbi xidməti” Ermənistan ictimaiyyətinə yaxşı məlumdur. İndi bu adamlar erməni analarının yenidən göz yaşı axıtmasına çalışırlar. Artıq müharibədə ölən ermənilərin basdırıldıqları qəbiristanlıqda qələbəlik olmur. Müharibədə ölən erməni əsgərlərin anaları isə yeni müharibə istəmirlər. “Azadlıq” radiosunun hazırladığı reportajdan görünür ki, onlar ölkədə “etiraz aksiyalarının” keçirilməsinə də qarşı çıxırlar.
Ermənistan cəmiyyəti Koçaryanı, Sarqsyanı və onların dəstəsini 2018-ci ildə tarixin arxivinə göndərib.
Elə olmasa idi, müharibədən sonra 2021-ci il iyun 20-də Ermənistanda keçirilən növbədənkənar seçkilərdə onlar uğur əldə edərdilər. Keçmiş prezidentlər bir yerdə seçicilərin səsinin heç 30 faizini belə toplaya bilmədilər. Bu, onu göstərir ki, koçaryanların cəmiyyətdə nüfuzu yox dərəcəsindədir. Ölkə ictimaiyyəti daha çox sabitliyi, qonşularla əməkdaşlığı, münasibətlərin normallaşmasını istəyir. Koçaryan və Sarqsyan əvvəlki kimi yenə də ölkəni qana, müharibəyə və tənəzzülə sürükləyirlər.
Ermənistan hökuməti ilə müxalifət sayılan siyasi qüvvələrin “birgə əməyinin nəticəsində” 2022-ci ilin birinci rübündə ölkədən 134 129 nəfər birdəfəlik köç edib. Köçənlər Ermənistan əhalisinin gənc və fiziki qüvvəsi olan vətəndaşlarıdır. Koçaryan və Sarqsyan Azərbaycana qarşı kimlərlə döyüşəcəklər? Birinin oğulları müharibədən yayınıb, o birinin isə döyüşmək üçün oğlu yoxdur.
İkinci Qarabağ müharibəsi 44 gün davam etdi. Üçüncü müharibə başlasa, erməni tərəfinin savaş etməyə gücü və ruhu olmayacaq. Çünki Azərbaycan Vətən müharibəsində erməni ordusunu darmadağın edib, elə döyüş ruhunu da...
Azərbaycan Ordusu isə əksinə olaraq gündən-günə güclənir. Döyüş ruhuna gəlincə, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubunun Prezident İlham Əliyevin qarşısında söylədiyi “Mən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin görünməyən fədailəri olaraq, “bordo beretlilər” və “mavi beretlilər” adından söz verirəm ki, Azərbaycan dövlətinin və xalqının maraqları naminə düşmənlərimizi hər zaman hər yerdə məhv etməyə daim hazır olacağıq. Xüsusi Təyinatlı Qüvvələr üçün dövlətimizin və xalqımızın qüruru müqəddəsdir. Vətən uğrunda qanımızdan və canımızdan keçməyə həmişə hazırıq” cümlələri düşür.
Yeri gəlmişkən, XTQ erməni hərbçilərin ən böyük kabusudur...