"Taxıl sazişi"nin vasitəçiləri - Türkiyə və BMT sazişin davam etdirilməsi üçün rəsmi Moskva ilə danışıqları planlaşdırıblar.
Qafqazinfo xəbər verir ki, Kreml isə onun razılığı olmadan ixracın riskli, təhlükəli və zəmanətsiz olacağı barədə xəbərdarlıq edib.
Ötən gün 355 min ton taxıl daşıyan daha 12 quru yük gəmisi, o cümlədən BMT-nin Afrikadakı Ümumdünya Ərzaq Proqramı üçün Ukrayna limanlarını tərk edib. Digərləri Misir, Əlcəzairə, Türkiyə və Qərbi Avropaya üz tutur.
Taxıl müqaviləsinin şərtlərinə görə, İstanbulda yollarda bütün quru yük gəmiləri yoxlanılır. Bazar ertəsi bunu yalnız BMT və Türkiyə nümayəndələri aparıb. Lakin adətən Rusiya və Ukraynadan olan müfəttişlər onlara qoşulurdu.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə razılaşmada onun üzərinə düşəni yerinə yetirməyə davam edəcəyini bildirib.
Kreml təmasların davam etdiyini təsdiqləyib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiyanın iştirakı olmadan Ukraynadan taxıl ixracının davam etdirilməsinin mümkünlüyü ilə bağlı suala belə cavab verib.
"Rusiyanın bu ərazilərdə naviqasiyanın təhlükəsizliyinə təminat verilməsinin qeyri-mümkünlüyündən danışdığı bir şəraitdə belə bir sövdələşmə çətin ki, həyata keçirilə bilər və o, başqa xarakter alır: daha riskli, təhlükəli və zəmanətsiz", - Peskov bildirib.