Yunan nazirin tərsliyi dövlətlər arasında böhrana səbəb oldu
- 18.11.2022, 10:45,
- Dünya
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Yunanıstanın xarici işlər naziri Nikos Dendiasın dünən Tripoli hava limanında təyyarədən enmədən geri qayıtması Liviya ilə diplomatik böhrana səbəb olub.
Xarici KİV xəbər verir ki, dünən Yunanıstanın xarici işlər naziri Nikos Dendiası və heyətini Liviyanın paytaxtına gətirən təyyarə qapısını açmadan Tripolidən ayrılıb.
Dendias ötən gün Liviya Prezident Şurasının sədri Məhəmməd Menfi ilə görüşməli idi. Ancaq yunan nazirin bu proses zamanı Milli Barışıq Hökumətinin heç bir rəsmisi ilə əlaqə saxlamamaq şərti qoyduğu bəlli olub. Liviyanın xarici işlər naziri Leyla əl Menquşun onu qarşılamaq üçün hava limanına gəldiyini öyrənən Dendias təyyarədən enməmək qərarına gəlib. Tərəflər arasında kompromis əldə olunmadığı üçün Dendiasın Menfi ilə görüşü ləğv edilib.
Daha sonra Liviya hakimiyyəti çevriliş edən Xəlifə Haftar və Tobrukda yerləşən Liviya Nümayəndələr Palatasının rəhbəri Akile Salehlə görüşmək üçün Benqaziyə getmək istəyən Dendiasın uçuş marşrutuna icazə verməyib. Daha sonra təyyarə Malta üzərindən Benqaziyə getməli olub.
Liviya XİN-in sosial şəbəkə hesablarında Yunanıstan xarici işlər naziri Dendiasın davranışından təəssüfləndikləri ifadə edilib:
“Liviya dövlətinin nüfuzunu və suverenliyini qorumaq üçün müvafiq diplomatik tədbirlər görüləcək”-paylaşımda qeyd edilib.
Yunanıstan mətbuatının yazdığına görə, Liviya məsləhətləşmələr üçün Afinadakı müvəqqəti işlər vəkilini geri çağırmaq qərarına gəlib. Yunanıstanın Tripolidəki müvəqqəti işlər vəkili Liviya Xarici İşlər Nazirliyinə çağırılıb.
Qeyd edək ki, Yunanıstan Türkiyə ilə Liviya arasında dəniz yurisdiksiyasının sərhədlərinin müəyyən edilməsinə dair 27 noyabr 2019-cu ildə imzalanmış anlaşma memorandumunu və bu il oktyabrın 3-də imzalanmış karbohidrogen sahəsində əməkdaşlığa dair anlaşma memorandumunu tanımır. Yunanıstan hökuməti Liviyada xalqı təmsil etməyən müvəqqəti hökumətin beynəlxalq müqavilələr imzalamaq səlahiyyətinin olmadığını iddia edir. Dendiasın da sözügedən siyasətə zidd bir görüntü verməmək üçün belə bir addım atdığı bildirilir.