Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, İrəvan və Ankara təkcə danışıqlar aparmamalıdır, prosesin dinamikasını artıran konkret addımlar da atılmalıdır. Paşinyan hər iki ölkənin xüsusi nümayəndələrinin fəaliyyətinin vacibliyini, Ərdoğanla birbaşa danışıqların əhəmiyyətini vurğulayıb və yaxın vaxtlarda sərhədlərin açılacağına ümid etdiyini qeyd edib:
“Nəqliyyat əlaqələri nəzərindən regionun logistik əhəmiyyəti dəyişir, daha vacib rol oynayır. Ermənistanla Türkiyə arasında sərhədlərin, o cümlədən dəmir yolunun açılması qlobal əhəmiyyət daşıyacaq. Həmçinin Azərbaycanla Naxçıvan, İranla Azərbaycan, Ermənistanla Rusiya arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq”.
Ermənistan baş nazirinin ifadələrini "Şərq"ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev bildirib ki, Paşinyan zaman-zaman Türkiyə lideri ilə dialoqa girmək arzusunda olduğunu dilə gətirir. Professor diqqətə çatdırıb ki, iki ölkənin xüsusi nümayəndələri bir sıra görüşlər təşkil etsələr də, münasibətlərdə irəliləyiş yoxdur:
"Səbəbi odur ki, İrəvan həm verdiyi sözlərdən qaçır, həm də normal təməl şərtləri belə qəbul etmir. Fikrimcə, növbəti mərhələdə fərqli mənzərənin şahidi ola bilərik. Yəni təmaslar və müəyyən irəliləyişlər ehtimalı var. Əgər Paşinyan Türkiyə ilə əlaqələrin normallaşmasına diqqət yetirirsə, deməli, Qərbdən təlimat alıb. Onun göstərişləri Qərbdən gəlir. Əlbəttə, Qərb dedikdə Fransanı nəzərdə tutmuram, çünki Paris-Ankara münasibətləri yüksək səviyyədə deyil. Təlimatın ABŞ-dən gəldiyini düşünürəm. Əlbəttə, prosesin dinamikasını tənzimləmək, Ermənistanın addımlarından asılı olacaq. Türkiyə-Ermənistan dəmir yolunun açılması isə Bakı-İrəvan arasında cərəyan edən proseslərdən, əldə olunmuş razılaşmalardan asılıdır. Belə bir əlaqə Zəngəzur dəhlizi ilə bağlı reallaşa bilər".
C.Nuriyev bir məqama da diqqət çəkib:
"Türkiyədə prezident seçkiləri yaxınlaşır və əsas namizədlərdən biri indiki Prezident Rəcəb Tayyib Ərdoğandır. İrəvan hökumətinin başçısı Qərbin, ABŞ-nin təlimatı ilə seçki öncəsi Ərdoğanı nüfuzdan salmaq, onu çıxılmaz vəziyyətdə qoymaq niyyəti də güdə bilər. Yəni görüntü yaradırlar ki, baxın, Paşinyan normallaşmadan danışır, dialoq, görüşlə bağlı təkliflər verir, amma Ərdoğan bu məsələni rəfə qaldırır. Burada erməni məkrini də unutmamaq lazımdır. İstənilən halda baş nazirin açıqlamaları onun beyninin məhsulu deyil. Qərbin mətbəxində hazırlanmış bir reseptdir. Paşinyan isə resepti sadəcə üzündən oxuyur".
Professor vurğulayıb ki, Paşinyanla Ərdoğan arasında birbaşa təmas və görüş ancaq Azərbaycanın razılığı ilə mümkündür:
"Paşinyanın Ərdoğana hansısa şərt sürmək imkanları sıfıra bərabərdir. Türkiyənin isə özü ilə 2 əsas şərti var. Birincisi, erməni tərəfi bütün ərazi iddialarından birdəfəlik əl çəkməlidir. İkincisi, uydurma "soyqırım" iddiasından vaz keçməkdir. Digər iki şərt isə Azərbaycanla bağlıdır. Rəsmi Bakı ilə sülh müqaviləsi bağlanmalı və Zəngəzur dəhlizinin açılmasıdır.
Problem ondadır ki, az qala hər gün ziddiyyətli açıqlama ilə gündəmə gələn Paşinyana etimad göstərmək qeyri-mümkündür. Görünür, Qərbin də məqsədi Ermənistan vasitəsilə bölgədə yeni siyasi arxitektura yaratmaqdır. Paşinyanı da həmin arxitekturanın dizaynında rol oynamağa sövq edirlər. Amma alınmayacaq, Cənubi Qafqazda söz sahibi Azərbaycan, ümumən Qafqazda isə Rusiya və Türkiyədir.
Hazırda Rusiyanın başı dərdədir və hər zaman olduğu kimi yenə də ermənilər ruslara arxadan zərbə vurmaqda, xəyanət etməkdədir. Artıq iki ölkənin maraqları üst-üstə düşmür və bu məqam rəsmi Bakının əlini daha da gücləndirir".