“Mövcud siyasi şərait nəticəsində Ermənistan Respublikası 25 ildir ki, ləyaqətli dövlətlər ailəsindən uzaqlaşdırılıb. Buna isə Ermənistan hakimiyyətinin məzmunca sərt tələbkar və forma etibarilə qeyri-diplomatik (emosional) keyfiyyətləri özündə əks etdirən bəyanatları kömək edir. Yeri gəlmişkən, hakimiyyət qarşı tərəfi belə həvəsləndirir, Ermənistana az-çox dost olan dövlətləri sıxışdırır”.
Bu Ermənistanın sabiq prezident Levon Ter-Petrosyanın 100 illiyi ilə bağlı nəşr olunmuş “Erməni soyqırımı” yazısında qeyd olunub.
Məqalədə ermənilərin uydurma soyqırımı məsələsini davamlı olaraq gündəmə gətirməsinin xeyrindən daha çox ziyanı olduğu vurğulanır.
“1965-ci ildən bəri 30-dan çox ölkə erməni soyqırımını erməni xalqının başına gələn ən böyük fəlakət kimi rəsmən tanıyıb və pisləyib. Rusiya tərəfindən bu hadisə rəsmən pislənildi, ABŞ-nin bir çox ştatları tərəfindən tanındı və pisləndi. Nəticə nə oldu?”, yazıda qeyd olunur.
Petrosyanın həmin yazının oxucular üçün maraqlı olacağını nəzərə alaraq bəzi məqamları təqdim edirik:
“- Dövlət hər hansı problemi öz siyasi gündəminə qoya və onun arxasınca o zaman gedə bilər ki, lazımi resurs və inandırıcı hesablamalar olsun.
- Nəhayət dərk etməyin vaxtıdır ki, siyasətdə və hüquqda “tarixi hüquq” anlayışı yoxdur, ağlını itirməyən insan bilməlidir ki, dünya ilə o dildə danışmaq olmaz.
-1994-cü ildə Qarabağla ATƏT-in Budapeşt sammitində beynəlxalq ictimaiyyət Qarabağı münaqişənin bərabərhüquqlu, Ermənistan və Azərbaycana bərabər olan tərəf kimi tanımalı oldu.
- Robert Köçəryan nə dedi? Dedi: Mən Qarabağın prezidenti idim, indi Ermənistanın prezidentiyəm, həm Qarabağı, həm də Ermənistanı təmsil edə bilərəm, Qarabağın danışıqlarda iştirakına ehtiyac yoxdur. O, Azərbaycana və beynəlxalq ictimaiyyətə elə bir hədiyyə etdi ki, hətta onlar heyrətləndilər.
- Özümüzü aldatmaqla məşğul olub, boş illüziyalara qapılmayaq. Qarabağın müstəqilliyi məsələsində bizim müttəfiqimiz yoxdur. Mövcud problemi bizim üçün heç kim həll etməyəcək. Bizim yeganə müttəfiqimiz belə mənasız illüziyalardan imtina etməkdir.
- Rusiyada hakimiyyət kim olursa olsun, Qarabağın müstəqilliyini tanımayacaq. Bunu başa düşmək üçün böyük zəka lazım deyil, çünki onun tərkibində iyirmi Qarabağ var.
- Heç bir ölkə Ermənistan hakimiyyətinin tələbi ilə soyqırımını tanımayıb və tanımayacaq da. İstənilən ölkə bunu iki halda edə bilər. Birincisi, o ölkədə güclü icma varsa, xüsusən də seçkilər zamanı onun hakimiyyətinə problem yaradırsa və və onların sıx əlaqəsi varsa. İkincisi, geosiyasi ambisiyaları baxımından bu, onlar üçün faydalıdırsa, bu, onlara lazımdır.
- Ermənistan-Türkiyə münasibətləri və Qarabağ münaqişəsinin həlli olmadan Ermənistanın təhlükələrlə dolu olan regionumuzda iqtisadi inkişaf və təhlükəsiz yaşama perspektivi yoxdur”.