Sankt-Peterburq şəhərində Rusiya-Afrika sammiti keçirilib.
Əvvəlki (2019) zirvədən fərqli olaraq bu dəfə Qara qitədən liderlər səviyyəsində çox az adam Putinin dəvətinə təşrif buyurub.
Rusiyanın müxalifyönlü mətbuatı isə Putinin yeni tərəfdaşlarının bir çoxunun hakimiyyəti silah gücünə ələ keçirən zalım diktatorlar olduğunu bildirir. Onlardan bəziləri 30 ildən çoxdur ki, hakimiyyətdədir.
Musavat.com xarici agentliklərə istinadən Putinin “dostları”nın əslində hansı əməlləri ilə məşhur olduqlarını təqdim edir.
Emmerson Mnanqaqva, Zimbabve prezidenti
Bu adam vaxtilə ölkəsində partizan müharibəsində iştirak edib, qatarı partlatdığı üçün 10 il həbs cəzasına məhkum olunub. O, "Timsah" ləqəbini təxribat qrupunun adı ilə, həm də rəqiblərinə qarşı qəddarlığa görə alıb. Mnanqaqva hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib.
Yoveri Museveni, Uqanda prezidenti
Museveni qanlı vətəndaş müharibəsində qalib gələn üsyançı "Milli Müqavimət Hərəkatı"nın lideri olub. O, 1986-cı ildən, yəni 37 ildir hakimiyyətdədir. Yoveri Museveni prezident postunu tərk etməmək üçün Uqanda konstitusiyasını dəyişib. Müxaliflərə qarşı amansız rəftarı ilə seçilir və hətta siyasi opponentlərindən biri haqqında "Onu tutub piroq kimi yeyəcəyik" sözlərini işlədib. 2005-ci ildə Haaqa Beynəlxalq Ədalət Məhkəməsi Uqandanı Konqonu işğal etməkdə təqsirli bilib.
Assimi Qoita, Malinin "keçid prezidenti"
Qoita Mali Xüsusi Qüvvələrinin polkovniki olaraq 2020-ci ildə hərbi qiyam nəticəsində hakimiyyətə gəlib. Bundan sonra ölkədə daha iki çevriliş olub və hər biri yatırılıb. Bütün ictimai tədbirlərdə Qoita hərbi geyimdə görünür.
İsaias Afeverki, Eritreya prezidenti
Afeverki 1993-cü ildən, 30 ildir hakimiyyətdədir. 1997-ci ildən sonra o, ölkədə keçirilən prezident seçkilərini ləğv edib. Eritreya həbsxanalarında ən azı 10 min siyasi məhbus var.
İbrahim Traore, Burkina-Fasonun "müvəqqəti prezidenti"
35 yaşlı ordu kapitanı 2022-ci ilin sentyabrında hərbi çevrilişlə hakimiyyətə gəlib. "Vaqner" ÖHŞ-nin muzdlularının üsyançılara ölkə hökumətini devirməkdə kömək etdiyi yayılan xəbərlər arasındadır.