İranda yeni prezident seçilən Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edən HƏMAS lideri İsmail Haniyənin öldürülməsi və İsrail-Hizbullah qarşıdurmasının dərinləşməsi, Yaxın Şərqdə genişmiqyaslı müharibəni qaçılmaz edir.
İsrail-Qəzza savaşı fonunda son aylarda Yaxın Şərqdə vəziyyətin məqsədyönlü şəkildə yenidən gərginləşdirilməsi, xüsusən də Qırmızı dəniz ətrafında Husilərlə İsrail, Livan ərazisində isə Hizbullahla İsrail arasındakı qarşıdurmanın böhran həddə çatması, İsrailin baş naziri Netanyahunun ABŞ Konqresindəki məlum çıxışı, orada keçirilən görüşlərin yekun nəticəsi bölgədə genişmiqyaslı müharibənin başlanmasına hazırlıq mərhələsi hesab etmək olar.
Beləliklə, Yaxın Şərqdə genişmiqyaslı müharibənin başlanması zamanla bağlı olan məsələsidir.
Artıq ABŞ ehtimal olunan genişmiqyaslı mharibəyə hazırlıq işlərinə başlayıb. İsrailin Beyrutu bombalamasından sonra ABŞ hərbi donanması İsrail sahillərinə yaxınlaşmaqdadır.
İran bölgədə başlayacaq müharibədən uduş əldə edə bilməyəcəyindən və bundan itirəcəyindən çəkindiyi üçün bacardıqca müharibədən qaçmağa çalışırdı. Prezident İbrahim Rəisinin İranın dərin dövləti tərəfindən aradan götürülməsi versiyası və dərin dövlət tərəfindən liberal mühafizəkarların təmsilçisi Səid Cəlilinin deyil, islahatçı Məsud Pezeşkianın da prezident seçilməsi buna xidmət edirdi. Tehran islahatçı Pezeşkian vasitəsilə Qərblə münasibətləri yumşaltmaq istiqamətində addımlar atmaqla vaxt qazanaraq Yaxın Şərqdə gözlənilən müharibədən yayınmağa çalışırdı. Lakin İranı müharibəyə cəlb etmək istəyən güclər İsrail-Hizbullah qarşıdurmasını dərinləşdirmək yolunu seçməklə və bunun ardınca daha sərt addıma əl ataraq HƏMAS liderini öldürməklə Tehrana müharibədən yayınmağa alternativ variant yeri qoymur. Çünki İsmail Haniyənin paytaxt Tehranda, özü də andiçmə günündə nümayişkəranə şəkildə öldürülməsi İrana ciddi mesaj idi.
Bu mesajın arxasında bir neçə hədəf dayanır.
Birincisi, istənilən vaxt İranı vura bilərik və buna gücümüz yetir. Oyundan yayınmağa alternativ buraxmayacağıq.
İkincisi, bu gün Qərbdə də İrana qarşı münasibətdə birmənalı mövqe yoxdur. Bəzi Avropa ölkələri, xüsusən Fransa, Almaniya, Avstriya və digərləri İranla münasibətlərin normallaşmasında maraqlıdırlar. Bu istiqamətdə də səy göstərirlər. Fransa prezidenti Makronun yeni seçilən prezident Məsud Pezeşkianla telefon danışığı və onu prezident seçilməsi ilə bağlı təbrik etməsi bunun bariz nümunəsidir. Digər tərəfdən isə ABŞ-dəki Demokratlar da İranla münasibətlərin normallaşmasında maraqlıdır. Əgər Demokratlar ABŞ-də seçkidə qalib gələrlərsə, o zaman Tehranın yeni lideri ilə münasibətlərin normallaşması istiqamətində addımlar atacaq. Artıq tərəflərin bu istiqamətdə bir-birinə müsbət mesajları olub.
Lakin İranı çökdürmək istəyən güclər belə bir sərt taktikanı seçməklə həm Tehrana, həm də onu Qərbdə dəstəkləyən güclərə mesaj verdilər ki, başqa alternativiniz yoxdur.
Üçüncüsü, Haniyəni öldürməklə bölgədəki digər ölkələri də prosesə cəlb etmək istəyirlər. HƏMAS təkcə İranla deyil, bölgədə və dünyanın bir çox digər ölkələri ilə sıx əlaqələri mövcuddur. Bu yolla onları da prosesə cəlb etmək istəyirlər.
Yaxın Şərq uğrunda təkcə Qərb və ya İsrail deyil, eyni zamanda dünyanın digər gücləri, xüsusən də Rusiya və Çin də savaşır.
Yaxın Şərqdə böhranın dərinləşməsi və müharibənin başlanması isə ilk növbədə Rusiya və Çinin maraqlarına xidmət edir. Hər iki dövlət yaranmış fürsətdən öz maraqları üçün istifadə etməyə çalışır və çalışacaq da... Yaxın Şərqdəki böhran onlara yönəlik təhdidləri müəyyən mənada arxa plana keçirəcək.
Əgər dünya gücləri Yaxın Şərqdə hər an başlaya biləcək genişmiqyaslı müharibədən geri çəkilməzlərsə, o zaman bu müharibə Üçüncü Dünya müharibəsinin başlanğıcı olacaq.