Ölkə bu seçki ilə strateji seçimini müəyyən edəcək: ya Avropaya, ya Rusiyaya doğru; prezident Zurabişvilinin liderliyi ilə xalqın küçələrə axışacağı gözlənilir, gürcü spiker də inqilab anonsu verdi - ekspertdən sensasion Bakı proqnozu...
26 oktyabrda keçiriləcək parlament seçkiləri Gürcüstanın strateji seçimini müəyyən edəcək. Hakim “Gürcü Arzusu” partiyası yenidən qalib gəlsə, Avropa ilə münasibətlərin daha da kəskinləşməsi şübhə doğurmur.
Oliqarx Bdzina İvanaşvilinin fəxri sədri olduğu partiya Rusiya ilə yaxınlaşma kursunu inkişaf etdirir, “xarici agentlər haqqında” qanun qəbul etməklə, eləcə də “LGBT” haqda qərarla Qərblə əlaqələri pisləşdirib. Avropa İttifaqı üzvlük üçün namizədlik statusu verdiyi bu ölkənin inteqrasiya prosesini dayandırıb, yardımı kəsib, hətta vizasız gediş-gəliş icazəsinin ləğvi də istisna edilmir. Avropa İttifaqı ilə partnyor olan Birləşmiş Ştatlar da Gürcüstana dəstəyi dondurub və davamının gələcəyi gözlənilir.
Hazırkı iqtidar Rusiya ilə əlaqələri normallaşdırma xətti tutmaqla Abxaziya və Cənubi Osetiya probleminin həllinə də ümid bəsləyir. Son zamanlar Rusiyadan buna dair işartılar müşahidə olunur. Axırıncı dəfə ölkənin baş diplomatı Sergey Lavrov eyham vurub ki, rəsmi Moskva Gürcüstanla Abxaziya və Cənubi Osetiya arasında körpü rolu oynamağa hazırdır. O baxımdan bu ayın 26-da keçiriləcək parlament seçkilərinin nəticələri Gürcüstanın strateji yoluna aydınlıq gətirəcək - qərbpərəst hakimiyyətlə Avroatlantik məkana inteqrasiyanın sürətləndirmək, yoxsa hazırkı “Gürcü arzusu” ilə Rusiya ilə barışığa doğru siyasət...
Təbii ki, buna qədər oxşar proses Moldovada gedir. Amma referendumda minimal fərqlə də olsa avrointeqrasiya tərəfdarları üstün oldular, prezident Maya Sansu isə seçkilərin ikinci turuna ciddi fərqlə yollanır. İlk turda qaqauziyalı rəqibindən 20 faizdən çox səs toplamışdı, sadəcə, 50 faizi keçə bilmədiyi üçün ikincu tura qaldı. Referendumda isə liberalların üstünlüyü Sanduya da ikinci turda böyük şans qazandırır. Odur ki, Gürcüstan da Moldova kimi dilemma qarşısındadır və ağrılı proses keçir. Hətta Rusiya Xarici Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, ABŞ Gürcüstanda inqilab hazırlayır və iğtişaşlar gözlənilir. Sözsüz ki, Tiflisdə qərbpərəst vətəndaş cəmiyyəti güclüdür və son illərdə keçirilən mitinqlərdə də bunu görmək mümkündür. Eləcə də sonuncu mitinqdə izdiham düşünməyə əsas yaradır. Üstəlik, prezident Salome Zurabişvili də meydanda idi və avrointeqrasiya yolunda getməyə çağırış edirdi. Bu mənada prezidentin müxalifətə qoşulduğu və prosesi idarə edəcəyi gözləniləndir. Onsuz da hökumətlə münasibətləri gərgin olan, hətta barəsində impiçment çağırışları edilən xanım prezidentin meydanın əsas lideri olacağı istisna olunmur.
Əgər hadisələr kontroldan çıxarsa, etirazçılar parlamenti ələ keçirib hakimiyyəti zorla devirəcəksə, Zurabişvili ikinci Saakaşvili ola bilər. Həmçinin prezident keçmiş həmkarını əfv etməyə hazırlaşır. Bir sözlə, Rusiya və Qərb postsovet məkanının bir neçə coğrafiyasında yarışır - Moldova, Ermənistan, Gürcüstan və ən əsası Ukrayna... Çox maraqlıdır ki, bu dövlətlərdən üçü GUAM üzvləridir, hər biri də ciddi siyasi problemlərlə üzləşiblər, yalnız Azərbaycan siyasi qarşıdurmanın poliqonuna çevrilməsinə imkan vermir. Beləliklə, dünyanın nəzərlərinin Cənubi Qafqaz regionuna cəlb olunduğunu söyləmək mümkünür. Faktiki olaraq rəsmi Tiflis 26 oktyabrdakı seçki ilə öz gələcəyini müəyyən edir. Əlbəttə ki, Qərb bu seçkidə xüsusi maraqlıdır və çalışacaq ki, öz təsir dairəsində olan qüvvələr seçkidə üstün olsun. Buna nail olmadıqda ölkəni iğtişaşların bürüyəcəyi istisna deyil.
“Gürcüstan ölümcül təhlükədədir!” - həbsdə olan eks-prezident Mixail Saakaşvili xalqa müraciətində bildirib. “Biz əslində vətənimizi itiririk, hamımız səfərbər olub 26-da seçki məntəqələrinə getməsək, böyük fəlakətlə üz-üzə qalırıq. Nəinki Avropaya vizasız gediş-gəlişi itirəcəyik, nəinki ölkə kəskin şəkildə yoxsullaşacaq, bundan sonra ümumiyyətlə olmayacağıq və biz Rusiyanın bir hissəsinə çevriləcəyik”. Saakaşvili daha sonra yazır: “Ona görə də gəlin indiki vaxtda bir-birimizlə yarışmayaq, hamımız bir-birimizin əlindən tutub, seçicilərimizi seçki məntəqələrinə gətirək, Gürcüstanı birlikdə xilas edək. Mən bütün partiyaları və fəal insanları rayonlarda qeydiyyatda olan seçiciləri Tiflisdən məntəqələrə avtobuslarla, şəxsi avtomobillərlə daşınmasına kömək etməyə çağırıram. Tam səfərbər olmalıyıq!”
“Gürcüstanda dövlət çevrilişinə cəhd gözləmək olar. Buna fəal şəkildə hazırlıq gedir” - parlamentin spikeri Şalva Papuaşvili çıxış edib: “Bir çox amillər onu göstərir ki, konstitusiyaya zidd olaraq hökumət dəyişikliyinə hazırlıq davam edir. Buna çevriliş və ya başqa bir şey deyə bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”. “Gürcü Arzusu” partiyası hesab edir ki, müxalifət bütün ölkədə iğtişaşlar törətmək üçün seçki gününə yox, seçkidən sonrakı günə hazırlaşır.
Gürcü mətbuatı isə yazır ki, “sülh və əmin-amanlığın təmin edilməsi” “Gürcü Arzusu”nun seçkiqabağı kampaniyasının əsas şüarıdır. Partiya bu mövqeyini “Müharibəni yox, sülhü seç!” pankartlarında ifadə edir. Plakatlarda Ukraynada Rusiya tərəfindən bombalanmış binaların və kilsələrin fonunda “Gürcü Arzusu” hökuməti dövründə bərpa edilmiş və ya tikilmiş binaların fotoları əks etdirilir. Hakim partiyanın pankartları müxalifət və vətəndaş cəmiyyəti tərəfindən kəskin tənqid edilib, sosial şəbəkə fəalları “Gürcü Arzusu” əvəzindən Ukrayna xalqından üzr istəyiblər. Kəsəsi, bu seçkilərin gərgin olacağı bəllidir, bəs baş verənlərin fonunda regionu nə gözləyir və Azərbaycan bu məsələdə necə davranmalıdır?
Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Birləşmiş Ştatlar Rusiyanı düşmən elan edib və onun ətrafında “qaynar ocaqlar” yaradır. Ekspert hesab edir ki, bunun üçün ABŞ öz siyasi qüvvələrini ayrı-ayrı ölkələrdə iqtidara gətirərək Rusiyaya qarşı istifadə edir: “Biz bunu Ukrayna, Moldova, Ermənistan nümunələrində görə bilirik. Eyni zamanda Saakaşvili dövründə də oxşar addım atılıb. Ona görə də Gürcüstanda cərəyan edən hazırkı proseslərdən görünür ki, əgər müxalifət seçkidə qalib gələ bilməsə, ölkədə xaos olacaq. Və bu məqsədlə Soros Fondu və müxtəlif maliyyə donorları hazırlıq görürlər. Milyarder İvanişvili bu günlərdə elan etmişdi ki, ABŞ Gürcüstandan Rusiya üçün ikinci cəbhə açmağı təklif edir və buna da razılıq verilməyib”.
Siyasi şərhçinin fikrincə, ABŞ Gürcüstanda xaos yarada və çevrilş həyata keçirə bilərsə, növbəti etapda Azərbaycanla bağlı hərəkətə keçəcək: “Cənubi Qafqazın aparıcı ölkəsi Azərbaycandır və ABŞ başda olmaqla, bir sıra Qərb ölkələri, beynəlxalq təşkilatlar Bakıya davamlı təzyiqlər edirlər. Amerikalılar Gürcütanda öz adamlarını hakimiyyətə gətirdikdən sonra Azərbaycanda çevriliş üçün cəhd edə bilərlər. Çünki Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür və bu da Vaşinqtonun xoşuna gəlmir. Amerikalılar tələb edirlər ki, tərəfini müəyyənləşdir - ya bizimləsən, ya da yox...”