Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ-ın daha Paşinyana “kifayət qədər etibar” etmədiyini açıqladı və yerinə gələcək qüvvələri de-şifrə etdi; analitiklərə görə, Nikol sorosçuların tələblərinə əməl etməsə, onu devirəcəklər
Rusiya ilə Ermənistan arasında son aylar müşahidə olunan yumşalmanın sensasion səbəbləri bəlli olub: bu sirr Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı açıqlamada üzə çıxır.
Həmin informasiyada bəyan edilib ki, ABŞ daha Paşinyan hakimiyyətinə “kifayət qədər etibar” etmir və Ermənistanda yeni qərbyönlü siyasi qüvvələrin formalaşması üçün səylər göstərir. Rusiya kəşfiyyatı iddia edir ki, Aram Sarkisyanın “Respublika”, Arman Babacanyanın “Respublika Naminə”, Tiqran Xzmalyanın “Ermənistan Avropa Partiyası” və Levon Şirinyanın “Xristian Demokrat Partiyası” qatı Qərb mövqeyindən çıxış edirlər, “demokratik” partiyalar kimi qəbul edilirlər. Kəşfiyyatın fikrincə, bu qüvvələr Rusiyanın regiondakı maraqlarına indiki hökumətlə müqayisədə əhəmiyyətli dərəcədə daha çox “təhlükə” yaradır.
Məsələn, Tiqran Xzmalyanın partiyası artıq Ermənistanın Avropa İttifaqına üzvlüyü ilə bağlı referendumun keçirilməsi üçün imza toplanması təşəbbüsü ilə çıxış edib. Bəyanatda adıçəkilən digər partiyalar Ermənistanın bütün problemlərinin kökündə Rusiyanı günahlandırır və Paşinyan hakimiyyətini guya Rusiyanın maraqlarından çıxış etdiyinə görə tənqid edirlər. Bəyanatda adıçəkilən erməni partiyaları və liderləri hələ parlamentdə təmsil olunmasalar da, növbəti seçkilərdə hakim “Mülki Müqavilə” partiyasının əsas rəqibinə çevrilə bilərlər. Bu, xüsusilə rusiyayönlü müxalifətin marginallaşması və Paşinyan hökumətindən artan narazılıq fonunda mümkündür.
Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək » Newscenter.az
Ermənistanda keçiriləcək parlament seçkilərində rusiyayönlü müxalifət qüvvələrinin şanslarının minimal olduğu Moskvaya aydındır. Göründüyü kimi, bu qüvvələr nəinki növbədənkənar seçkilər və ya küçə etirazları ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməyiblər, həm də siyasi təsirlərini itirməkdə davam edirlər. İndiki vəziyyətdə, Rusiya xarici kəşfiyyatının bəyanatında qeyd olunduğu kimi, Ermənistanın tam demokratikləşməsinə can atan qərbyönlü qüvvələrin növbəti seçkilərdə aparıcı parlament müxalifəti olmaq üçün hər cür şansı var. Və hətta səs çoxluğu qazana bilməsələr də, parlamentdəki rolları onlara Paşinyan hökumətinə təzyiq göstərməyə imkan verəcək, baş naziri Rusiya ilə əlaqələrin tamamilə kəsilməsini sürətləndirməyə sövq edəcək. Moskvaya ən çox səbəb olan da məhz bu ssenaridir.
Elə son aylar Moskva İrəvana qarşı təhdid ritorikasından uzaqlaşıb və Ermənistan hakimiyyəti də öz növbəsində Kremllə münasibətlərdən danışarkən daha təmkinli ifadələr işlətməyə başlayıb. Bu dəyişikliklər fonunda Rusiya xarici kəşfiyyatının Ermənistandakı açıq-aşkar qərbyönlü qüvvələrin nümayəndələrinin öz “qara siyahı”sına daxil edildiyi bəyanatı belə qənaətə gəlməyə imkan verir ki, Moskva artıq ona sadiq siyasi qüvvələrin seçki və ya seçki yolu ilə hakimiyyətə qayıtmasını gözləmir. Əvəzində Rusiya hələ də Moskva ilə əlaqələri tamamilə pozmağa risk etməyən Nikol Paşinyanın “yarıqərb” hökumətinə dözməyə hazırdır. Eyni zamanda Ermənistanda Rusiyadan açıq şəkildə qopmağa çalışan qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi Kremldə “qırmızı xətt” kimi qəbul edilir...
Azad Məsiyev
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, sorosçular Ermənistanda kifayət qədər oturuşublar. “Onlar dövlət strukturlarında, vətəndaş cəmiyyətində, hətta müxalifətdə yer alıblar. Sadəcə, Paşinyan Rusiya və Azərbaycanla loyal münasibət sərgiləməyə başlasa, o zaman sorosçular onu devirə bilərlər. Odur ki, Paşinyan ya sorosçuların tələblərinə uyğun davranmalıdır, ya da hakimiyyətdən getməlidir”, - hazırkı mənzərəni təsvir edən A.Məsiyev belə qiymətləndirir. Bununla belə, Rusiyanın Ermənistanda siyasi-iqtisadi, hərbi təsirlərinin böyük olduğunu bildirən ekspertin fikrincə, Paşinyan ciddi seçim qarşısındadır: “Baxın, Ermənistan KTMT-də fəaliyyətini "dondurub", hərçənd nizamnamədə belə bir bənd yoxdur, amma tədbirlərində iştirak etmir, lakin təşkilatdan de-yure çıxa da bilmir. Belə bir mürəkkəb şəraitdə Paşinyan dilemma qarşısında görünür: bir yandan Rusiya ilə konfrontasiyaya getmək istəmir, bir tərəfdən isə sorosçuların çağırışlarına boyun əyməlidir".
A.Məsiyevin sözlərinə görə, təxminən iki ay əvvəl Rusiyanın baş nazirinin müavini Ermənistana səfərində dedi ki, ticarət dövriyyəsi 10 milyardı keçəcək: “Bu mesaj təsadüfi verilmədi. Həm erməni cəmiyyətinə, həm Qərbə siqnal idi ki, Ermənistanın Rusiyadan iqtisadi asılılığı hansı səviyyədədir. Sadəcə, sorosçular Ermənistanın bütün strukturlarında çox möhkəmləniblər və əgər Paşinyan onların dediklərini etməsə, onu devirəcəklər. Ümumiyyətlə, Qərb Ermənistan və Gürcüstan üzərindən Cənubi Qafqaza girməyə çalışır. Bununla Rusiyanın cənub cinahını bağlamağa cəhd edilir. O baxımdan, Paşinyan gözləmə mövqeyindədir ki, Gürcüstan hadisələri necə yekunlaşacaq. Bu nəticələrə uyğun olaraq Nikol Rusiya ilə münasibətdə ritorikasını müəyyənləşdirəcək”.
“Zənnimcə, o partiyalar "cib müxalifəti"dir. Paşinyan son illərdə özünə qarşı imitasiya edən müxalifət formalaşdırıb. Bu da qismən effekt verib. Ən azından, Sərkisyan və Köçəryan müxalifətini arxaik göstərməyi bacarıb və qərbpərəst partiyalar meydana çıxarıb. Avropa İttifaqına üzvlük üçün imza toplamaq təşəbbüsü irəli sürən partiya da məhz Paşinyanın təlimatını yerinə yetirir. Guya Nikol Kremlə yaxınlaşıb və bundan narazılıq artır", - deyə siyasi şərhçi Ramiyə Məmmədova belə təhlil edir. Onun fikrincə, bəli, Paşinyanın reytinqi artmayıb, amma rəqiblərinin də xalq içində nüfuzu yüksəlməyib. Ekspertə görə, Qərb Ermənistanda daşları yerindən oynatmaqda maraqlı görünmür, Paşinyan vasitəsilə yeni siyasi sistem formalaşdırır: “Hətta dəyişiklik planı olsa, komanda içindən çıxa bilər. Misal üçün, son illər Təhlükəsizlik Şurasının katibi Armen Qriqoriyan Vaşinqtonun "B" variantı görünməkdədir. Adıçəkilən partiyaların rəhbərləri isə Paşinyanın tamaşasıdır. Rusiya kəşfiyyatının sızdırdığı informasiya Ermənistan hakimiyyəti barədə çaşqın rəy yaratmağa hesablanıb. Amma razılaşıram ki, Paşinyan avtoritar sistem qurmaq istiqamətində addımlarını sürətləndirib. Onun referenduma gedərək prezident üsul-idarəçiliyinə qayıtması mümkündür. Paşinyan anlayır ki, bu yolla təhlükələri ram edə bilər".